Modern.az

Partiya sədrləri peyvənd olundular, əhaliyə ÇAĞIRIŞ ETDİLƏR

Partiya sədrləri peyvənd olundular, əhaliyə ÇAĞIRIŞ ETDİLƏR

Hadisə

23 Fevral 2021, 14:46

Bakıda siyasi partiyaların nümayəndələrinin koronavirusa qarşı vaksinasiyası aparılıb.


Modern.az
xəbər verir ki, siyasi partiyaların nümayəndələrinin vaksinasiyası M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında gerçəkləşib.

Partiya sədrləri vaksinasiyadan sonra özlərini yaxşı hiss etdiklərini söyləyiblər.


Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn vaksinasiya prosesinin təşkilatçılarına, həkimlərə təşəkkür edib:


“Mütəxəssislər xəstəliyə qalib gəlməyin yolu kimi peyvənd olmağı məsləhət görürlər. Ona görə də hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik, inşallah düşərli olar".


Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hər kəsə peyvənd olunmağı məsləhət görüb:


“İxtisasca həkim olan şəxs kimi deyə bilərəm ki, hər kəs vaksin olunmalıdır. Biz yalnız vaksin olunmaqla özümüzü, yaxınlarımızı və digərlərini xəstəlikdən qoruya bilərik. Ona görə də hamıya peyvənd olunmağı tövsiyə edirik. Hər kəs əmin olsun ki, peyvənd tam təhlükəsizdir".


Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz:


"Bütün vətəndaşların peyvənd olunması zəruridir. Azərbaycan dövləti əhalinin sağlamlığının qeydinə qalaraq, əhalini, o cümlədən siyasi partiyaları vaksinasiya prosesinə cəlb edib. Hər kəs peyvənd olunmalıdır ki, virusa yoluxma sayında 0 rəqəminə nail ola bilək".


Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov xatırladıb ki, koronavirus bütün dünya üçün bir bəladır, bu bəladan qurtulmağın yolu vaksinasiyadır:


"Azərbaycan olaraq bizi çox böyük uğurlar, qələbələr gözləyir. Bunun üçün virusa qalib gəlməli, sağlam olmalıyıq. Prezidentə təşəkkür edirəm ki, siyasi partiyaların nümayəndələri üçün də belə şərait yaradılıb".

Müsavat Partiyasının sədri Arif Hacılı da peyvənd olunmağa hazırlaşır:


“Mən evimizə yaxın poliklinikada növbəyə durmuşam. Vaksini orada vurduracağam”.


Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev 50 yaşından yuxarı şəxslərin vaksinasiyası başlayan kimi qeydiyyatdan keçib, vaksin vurdurub:

“Ayın 17-si vaksin vurdurdum. Özümü yaxşı hiss edirəm. Arabir təzyiqim qalxıb-enirdi. O da yavaş-yavaş düzəlir. Vaksin vurdurmaq koronavirusdan qorunmaq üçün ən vacib məsələdir. Ona görə, hər kəsin vaksin vurdurması yaxşı olar”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə sabah peyvənd olunacaq:  


“Partiya üzvlərindən bir neçəsi koronavirusa yoluxmuşdu. Hesab edirəm ki, sağlamlığımız üçün peyvənd vacibdir. Buna görə, hər kəsə peyvənddən çəkinməməyi tövsiyə edirəm”.

Qeyd edək ki, Azərbaycanda yanvarın 18-dən etibarən vaksinasiya prosesinə başlanılıb. Bu günə qədər 200 mindən çox vətəndaş peyvənd olunub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır