Modern.az

Sarkisyan Paşinyanla Qasparyan arasında - Fransa da “oyuna” daxil olur - TƏHLİL

Sarkisyan Paşinyanla Qasparyan arasında - Fransa da “oyuna” daxil olur - TƏHLİL

28 Fevral 2021, 00:58

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyan tərəfindən təqdim olunan Baş Qərargah rəisi Onik Qasparyanın istefa fərmanını imzalamadı. Paşinyanın istefasını tələb edən Baş qərargah rəisi hələ ki vəzifəsində qalır.

Armen Sarkisyanın fərmanı geri qaytarmaq qərarından təxminən bir saat öncə Rusiya müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqraşak Arutyunyanla telefonda danışdı və bu, rusların Qasparyanı son anda xilas etdiyini deməyə əsas verir. Lakin Nikol Paşinyan da geri geri çəkilmir...

Ermənistan Konstitusiyasına görə, baş nazir Nikol Paşinyan fərman layihəsini yenidən prezidentə təqdim edə bilər, prezident iki gün ərzində cavab verməlidir: ya fərmanı imzalamalıdır, ya da layihə Konstitusiya Məhkəməsinə getməlidir.

Artıq Paşinyan fərmanı yenidən göndərdiyini rəsmi şəkildə elan etdi və bu, mübarizənin yeni mərhələsinin başlanğıcı deməkdir:

- Nikol Paşinyan bu müddətdə prezidenti müxtəlif yollarla razı salmağa çalışacaq: fərmanın Konstitusiya Məhkəməsinə getməsi qərarın Qasparyanın xeyrinə çıxması ehtimalının güclü olması deməkdir. Çünki Nikol Paşinyanın Konstitusiya Məhkəməsinin keçmiş hakimiyyət dövründən qalan hakimləri ilə ədavəti var;

- Bu müddətdə Paşinyan Qasparyana qarşı təzyiqi artıracaq: ona qoşulan qiyamçı generalları da Baş Qərargah rəisinin ətrafından müxtəlif yollarla uzaqlaşdırmağa çalışacaq.

Böyük ehtimalla prezident Armen Sarkisyan ikinci fərman layihəsini də imzalamayacaq və qərarı Konstitusiya Məhkəməsinin öhdəsinə buraxacaq. Bu olacaqsa, Nikol Paşinyanın tərəfdarlarının Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alacağını görə bilərik.


Bu arada Ermənistan XİN-də səfirlərlə Nikol Paşinyanın əleyhinə yekdil bəyanatın verilməsi üçün məsləhətləşmələr aparılır, bəyanatın mətni ilə bağlı üç variant var: itaətsizlik; baş nazirin istefası; Baş Qərargah rəisinə dəstək.

Bu iddia fonunda gün ərzində (27 fevral) baş verənlər maraqlıdır:

- Ermənistan xarici işlər naziri Ara Ayvazyan Qarabağın “statusu” məsələsini gündəmə gətirdi;

- Ermənistan XİN ermənilərin Hadrut və Şuşaya da qayıtmalı olduğunu bəyan etdi;

- Qarabağdakı separatçılar “Azərbaycanın bir hissəsi ola bilmərik” tezisi ilə çıxış etdilər.

Yuxarıda qeyd etdiyimiz iddianın davamına baxaq: “Paşinyana qarşı bəyanatın qəbul edilməsini ən çox Avropadakı səfirlər istəyir”.


Bu, Avropadakı qüvvələrin, böyük ehtimalla, münaqişənin həllindən kənarda qalan və “status” məsələsi üzərindən həmsədr ölkə kimi yenidən bölgəyə qayıtmaq istəyən Fransanın oyuna daxil olduğu ehtimalını önə çıxarır: Makron diplomatlar üzərindən Ermənistanda öz planlarını inşa etmək istəyir...

Döyüş hələ başa çatmayıb...


Asif Nərimanlı

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir