Modern.az

Qasparyanın “kitabı bağlandı” - Paşinyanın planı gerçəkləşir...

Qasparyanın “kitabı bağlandı” - Paşinyanın planı gerçəkləşir...

Aktual

2 Mart 2021, 17:27

Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanın baş qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı ikinci dəfə göndərdiyi fərmanı da imzalamadı, beləliklə, Qasparyan vəzifəsində qalır, lakin hələlik...


Paşinyanın fərman layihəsini geri qaytaran Armen Sarkisyan “Hərbi qulluqçuların statusu haqqında” qanuna parlamentin etdiyi dəyişikliyin Konstitusiyaya uyğunlaşdırılması üçün Konstitusiya Məhkəməsinə müraciət edəcək.


Ermənistan parlamenti Hərbi Nəzarət Xidmətinin rəisi Movses Akopyanı vəzifədən azad etmək üçün ötən il qanuna “yüksək komandanlıq heyətində təmsil olunan hərbçilərin vəzifədən uzaqlaşdırılması bu qanunun 1-ci maddəsində müəyyən edilmiş əsasların olub-olmamasından asılı olmayaraq, həyata keçirilə bilər” dəyişikliyini etmişdi. Həmin vaxt Akopayanın qovulmasında fikir ayrılığı olmadığı üçün dəyişikliyin Konstitusiyaya uyğunlaşdırılmasına ehtiyac yox idi.


İndi ehtiyac var və Armen Sarkisyan sabah Konstitusiya Məhkəməsinə məlum dəyişikliyin Konstitusiyaya uyğunlaşdırılması üçün müraciət edəcək. Uyğunlaşdırılma baş tutduqdan sonra, Paşinyanın Onik Qasparyanı istefaya göndərmək qərarı prezidentdən asılı olmayaraq, qüvvəyə minəcək.


Paşinyanla Sarkisyanın dünən mitinqdən öncəki görüşündə razılığa gəldiyi ehtimalı haqda yazmışdıq.


Nikol Paşinyanla Armen Sarkisyan referendumun keçirilməsi və prezident səlahiyyətlərinin artırılması ilə bağlı razılaşdı, əvəzində prezident “hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişikliyin Konstitusiyaya uyğunlaşdırılması üçün hərəkətə keçdi.


Armen Sarkisyan: nə hökumət, nə də ordu ilə üz-üzə gəlmədən, öz səlahiyyətlərinin artırılması vədini (hələ ki vəddir, çünki Nikol Paşinyanın ona qarşı oyun oynadığı ehtimalı da güclüdür) əldə etdi;


Nikol Paşinyan: dəyişiklik təsdiqlənərsə, təkcə Qasparyanı yox, həm də ona tabe olmayacaq bütün hərbçiləri vəzifəsindən azad etmək imkanı əldə edəcək və bununla prezidentdən asılılığı da aradan qalxacaq.


Ağıllı oyundur, indi son söz Konstitusiya Məhkəməsindədir, dəyişikliyi təsdiqləyəcəkmi?


Konstitusiya Məhkəməsinin keçmiş hakimiyyətin dövründə qalan hakimləri Nikol Paşinyanla ədavət aparır, mümkündür ki, dəyişikliyi Konstitusiyaya uyğunlaşdırmaqdan imtina etsinlər. O zaman, Paşinyan tərəfdarları ilə Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alacaq, hakimlərə qarşı qiyama dəstək ittihamı irəli sürüləcək.


Nikol Paşinyan üstünlüyünü qurban verməklə həlledici zərbəyə hazırlaşır və hələ ki qazanan tərəfdir...


Asif Nərimanlı

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü