Modern.az

Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin nümayəndələri Gəncədə oldular

Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin nümayəndələri Gəncədə oldular

Aktual

5 Mart 2021, 14:00

Mərkəzi qərargahı ABŞ-da yerləşən Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin (ICR Center) nümayəndələri mart ayının 2-dən Azərbaycana səfər edib. Səfər zamanı Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin nümayəndələri Kristofer Çambers və Ostin Kleyton dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri ilə bir sıra görüşlər keçirib, Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemləri müzakirə ediblər. 

 

Modern.az xəbər verir ki, qonaqlar erməni silahlı qüvvələrinin qəsəbələrin sıx yerləşdiyi ərazilərdə yaşayan mülki şəxslərə hücum etdiyi Gəncə şəhərini ziyarət ediblər. 17 oktyabr gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsinə erməni silahlı qüvvələri tərəfindən raket hücumları edilib və bunun nəticəsində 13 mülki şəxs dünyasını dəyişib, 52 nəfər yaralanıb. Qətlə yetirilənlər arasında biri 16 aylıq körpə olmaqla, 3 uşaq da olub. Münaqişə zonasından 100 km məsafədə yerləşən Gəncəyə raket hücumu zamanı 20 ev tamamilə dağıdılıb.

 

Nümayəndə heyəti Gəncədəki Qələbə Parkına ilk raket hücumu barədə məlumat toplayıb, qurbanların ailə üzvləri və qonşuları ilə hadisənin təfərrüatlarını müzakirə edib. Zərərin miqyası haqqında ətraflı məlumat alan Mərkəz nümayəndələri, 44 günlük müharibə əsnasında atəşə tutularaq, zərər çəkmiş Gəncə şəhərinin digər bölgələrini də ziyarət edib. ICR mərkəzinin əməkdaşları azad edilmiş Ağdam bölgəsinə getməzdən əvvəl, Gəncəyə səfərlərini yerli media nümayəndələri ilə görüşlər keçirməklə tamamlayıblar.

 

Beynəlxalq Münaqişələrin Həlli Mərkəzi (ICR Center), Avropa və Avrasiyadakı dondurulmuş münaqişələrin həlli üçün beynəlxalq dialoqun təşviqinə sadiq olan müstəqil qeyri-kommersiya analitik mərkəzdir. Vaşinqtonda yerləşən ICR Center, regionda əməkdaşlıq və firavanlığı təmin etmək üçün müqəddəratını təyinetmə, beynəlxalq legitimlik və diplomatik etimad ideallarını təbliğ etməklə məşğuldur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir