Modern.az

Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs

Qələbənin əbədiləşdirilməsinə xidmət edən təşəbbüs

14 Aprel 2021, 18:28

 

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Möhtərəm Prezident cənab  İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi

 

Azərbaycan xalqı intiqamını düşməndən döyüş meydanında aldı. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı.

 

Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin açılışında iştirak etdiyi Hərbi Qənimətlər Parkı Azərbaycanın Vətən müharibəsindəki tarixi Qələbəsini, ölkəmizin, ordumuzun gücünü və imkanlarını nümayiş etdirir. İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının şanlı tarixidir. Bununla da Azərbaycan dünyada özünü bir daha təsdiq etdi, Ermənistan isə diz çökmüş, məğlub ölkə kimi dünyada tanındı. Vətən müharibəsində qələbənin əsasında dayanan amillər isə yenilik, inkişaf, güc və Vətən sevgisidir. Bu müharibədə Azərbaycanın qələbəsini zəruri edən siyasi, iqtisadi, hərbi, milli-mənəvi aspektlərin, güclü ordu quruculuğu, vətəndaş birliyi və xalqın dəstəyinin təmin edilməsidır.

 

Erməni vandalları tərəfindən törədilmiş vəhşiliklər dəhşətlidir. Şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı xeyirxah xalqdır. Lakin, vəhşilik, vandallıq edənləri unutmamalıyıq. Tarixi yaxşı öyrənməli və ondan dərs götürməliyik. Gələcək naminə tarixi həqiqətləri bilməli və saxta tarixin girovuna çevrilməməliyik.

 

Azərbaycan inkişaf edərək torpaqları azad etdi. Çünki inkişaf bizim Qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Azərbaycan enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi.

 

Azərbaycanın qazandığı qələbənin əhəmiyyəti böyükdür. Ölkəmiz dünyada nümunəsi olmayan, çətin relyef şəraitində, mürəkkəb istehkamları darmadağın edərək qələbə qazandı. Odur ki, hazırda Azərbaycanın yeni müharibə nümunəsi dünyada böyük əks səda doğurur və öyrənilir. İkinci Qarabağ müharibəsi Azərbaycanın gücünü göstərdi. Ölkəmiz XXl əsrin müharibəsini apardı. Belə ki, ABŞ, Almaniya, Böyük Britaniya və digər güclü hərbi potensialı olan ölkələr də ikinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara və tələblərə uyğunlaşdırmaq istəyirlər.

 

Ermənistan ordusunun döyüş mövqelərindən gətirilmiş, əsgərlərimizin atıcı silahlardan atdığı güllələrin izlərini özündə saxlayan dəmir mazğallar, uzunmüddətli dəmir-beton atəş nöqtələri parkda qurulmuş mövqelərdə yerləşdirilib. Bu mövqelər 30 il ərzində elə möhkəmləndirilmişdi ki, hətta ağır artilleriya zərbələrilə dağıtmaq çətin idi.
Parka gələn insanlar burada yaradılan qurğuları gördükdən sonra həmin mövqeləri rəşadətli Azərbaycan Ordusunun necə yarması, necə böyük qəhrəmanlıq göstərməsi barədə təsəvvür ala biləcəklər.

 

Azərbaycana qarşı olduqca məkrli, öz qeyri-insani xislətini gerçək əməllərində büruzə vermiş, işğal etdikləri əraziləri viran qoymuş düşmənin vəhşiliklərini unutmaq olmaz. Hərbi Qənimətlər Parkı da, əslində, son 30 ildə Azərbaycan torpaqlarında barbarlıqlar törətmiş yağını daha yaxşı tanımağa kömək edəcək.

 

Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən möhtərəm Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.

 

Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

 

Sevinc Nəcəfova

Naftalan sakini

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir