Modern.az

Sabiq millət vəkili: “Kişi verdiyi sözü tutmalıdır” - QALMAQAL

Sabiq millət vəkili: “Kişi verdiyi sözü tutmalıdır” - QALMAQAL

22 Sentyabr 2012, 11:24

Milli Məclisin bir qrup sabiq deputatı (II çağırış) ilə mənzil tikintisi həyata keçirən şirkət arasındaskı qalmaqal böyüyür...

Milli Məclisin bir qrup sabiq deputatı (II çağırış) hökumət tərəfindən onlara vəd olunan mənzilləri uzun illərdir ala bilmir. Onlar 10 ildən çoxdur mənzil növbəsində dayanıblar. Eks-millət vəkillərinin sözlərinə görə, 2000-2005-ci il aralığında deputatlar üçün tikilən bina dövlət ehtiyacları üçün Fövqəladə Hallar Nazirliyinə veriləndən sonra mənzil tikintisi dayandırılıb.

O zaman bir neçə deputata mənzil verilsə də, bəziləri hələ də mənzil ala bilmirlər. Hazırda sabiq deputatların mənzil qalmaqalı davam edir.

2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov problemini yenidən Modern.az-la bölüşüb. Eks-deputatın sözlərinə görə, o, artıq haqqı olduğu mənzili alacağına ümid etmir.

“Artıq bu məsələrdən danışmaqdan yorulmuşuq. Nə qədər demək olar, şikayət eləmək olar... Bir il deyil, beş il deyil, düz on ildir ki, bizi get-gələ salıblar. Mən artıq ümidimi də itirmişəm, nə maraqlanıram, nə də şirkət rəhbərliyinə müraciət edirəm. İnsanda gərək verdiyi sözü tutmaq qabiliyyəti olsun. Şirkət rəhbəri bizə zəng vurur deyir ki, “narahat olmayın  ev məsələsini həll edəcəm”, amma bizi aldadır. Ən azından həmin şirkətin rəhbərinə demək istərdim ki, kişi verdiyi sözü tutmalıdır. Biz onu kəsmirdik, asmırdıq. Sadəcə haqqımızı tələb edirdik. Şirkət rəhbəri Elçin Ələkbərov “Eurovision” öncəsi zəng vurub bildirdi ki, müsabiqə başa çatsın tikintiyə davam edəcəklər. Yarışmadan da 4 ay keçib, heç bir iş görülməyib. Biz də insanıq, bəlkə onun da problemi var. Bu baxımdan demək istəyirəm ki, artıq nəsə deməklə məsələni həll etməyi bacarmaq mümkün deyil. Yaxşı olar ki, hər şeyi zamanın ixtiyarına buraxaq”, - deyə sabiq deputat natahatlığını ifadə edib.

R.Qurbanovun sözlərinə görə, sabiq millət vəkilləri bu yaxınlarda məsələ ilə bağlı bir araya gələrək konkret qərar verəcəklər.

“Artıq geriyə yol qoymayıblar. Əliməmməd Nuriyevlə də əlaqə saxladıq, bildirdik ki, yaxın günlərə sabiq deputatlar bir yerə toplaşaraq yekun qərarımızı verək. Nə vaxta kimi yalan vədlər eşidəcəyik? Hər şeyin bir sonu olduğu kimi, bunun da bir yekunu olmalıdır. Bu baxımdan əlimizdən gələni edəcəyik”.

Digər sabiq deputat Əliməmməd Nuriyev Modern.az-a deyib ki, ən sonda ölkə prezidentinə müraciət edəcəklər.

Sabiq deputatların şikayəti ilə bağlı KAT LTD tikinti şirkətinin rəhbəri Elçin Ələkbərovla əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir