Modern.az

Sabir Rüstəmxanlı: “Biz Azərbaycanda hansı dövləti qururuq?”

Sabir Rüstəmxanlı: “Biz Azərbaycanda hansı dövləti qururuq?”

Aktual

26 Sentyabr 2012, 12:49

Bu gün - sentyabrın 26-da Vətəndaş Həmrəyliyi Partiyasının yaranmasının 20 ili tamam olur.

1992-ci il sentyabrın 26-da keçirdiyi ilk qurultayında VHP-nin yaranma şəraiti və məqsədləri haqqında partiyanın sədri Sabir Rüstəmxanlı bunları deyib: “Biz Azərbaycanda hansı dövləti qururuq? Demokratik, azad Azərbaycanın siyasi platforması necə olacaq? XXI yüzil Azərbaycanı hansı dövlətçilik və idarəçilik modeli əsasında inkişaf edəcək? Bu məsələlərdə aydınlıq yoxdur...”.

S.Rüstəmxanlının sözlərinə görə, ölkə ərazisini xarici işğalçılardan təmizləmək və etibarlı dinc quruculuq yoluna çıxarmaq üçün Vətəndaş Həmrəyliyi ideyasının reallaşmasının zərurəti barədə təsis qurultayında deyilən fikirlər bu gün də qüvvədədir:
“...Vətəndaş Həmrəyliyi olmayan yerdə heç nə mümkün deyil, nə istiqlal, nə qurtuluş, nə sosial-demokratiya, nə dirçəliş, nə tərəqqi; birlik olmadan nə müsavatdan, bərabərlikdən söhbət gedə bilər, nə Doğru Yoldan; nə Ana Vətən qoruna bilər, nə də Ana Torpaq...”.

Partiya sədri deyib ki, VHP 20 ildir Milli Birlik və Vətəndaş Həmrəyliyi ideyasını ölkənin yeganə nicat yolu kimi təbliğ edir.

VHP 1995, 2000, 2005 və 2010-cu illər parlament və bütün bələdiyyə seçkilərində iştirak edib, bütün çağırışlarda Milli Məclisdə təmsil olunub. Hazırda parlamentdə 3 deputatı, müxtəlif bələdiyyələrdə isə 115 bələdiyyə üzvü var.

2003-cü ildə partiyanın sədri Sabir Rüstəmxanlı Azərbaycan Respublikası Prezidentliyinə namizədlərdən biri olub.

VHP bu günə kimi özünün 5 qurultayını keçirib. Hazırda partiyanın  respublikanın 80 rayonunda yerli rayon və şəhər təşkilatı fəaliyyət göstərir. Partiyanın 26 mindən çox üzvü var. Partiyanın əlaqələri ölkə sərhədlərini aşıb.

Bu gün VHP seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biridir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!