Modern.az

Əlillərin və onların ailə üzvlərinin maariflənməsinə xidmət edən iş görülüb

Əlillərin və onların ailə üzvlərinin maariflənməsinə xidmət edən iş görülüb

28 Sentyabr 2012, 17:22

Vətəndaş Maarifləndirilməsi ictimai birliyi avqust ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsəd ilə təbliğat-təşviqat kampaniyasının təşkili layihəsini  icra edir. Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların, əlillərin problemlərini cəmiyyətin diqqətinə çatdırmaq, cəmiyyətin bu kateqoriyadan olan insanlara münasibətini dəyişmək, həmçinin onların problemlərinin həllində cəmiyyətin dəstəyinə nail olmaqdır. Layihədə bu istiqamətdə bir sıra maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub.

Birliyin sədri Emin Xanlarov Modern.az-a bildirib ki, layihənin əsas fəlayyətlərindən biri də əlillərin və onların ailə üzvlərinin hüquqi maariflənməsinə xidmət edən buklet və fleyerlərin çap edilib yayılmasıdır.   Bukletdə Azərbaycan Respublikasının 2008-ci ildə qoşulduğu "Əlillərin hüquqları haqqında" BMT Konvensiyasının əsas mahiyyəti və prinsipləri, dövlətin bu Konvensiya ilə üzərinə götürdüyü  əlilliyi olan şəxslərin hüquqlarının və onların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən prinsipial öhdəliklər, eləcə də “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun mühüm normaları, əlillərin təhsil almaq, məşğulluq hüquqlarının təminatı, 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin peşə hazırlığı və onların işlə təmin olunması ilə bağlı hüquqi bilgilər əks olunub.
Fleyerdə isə Azərbaycan qanunvericiliyi ilə sağlamlıq imkanları məhdud və ya əlilliyi olan şəxslər üçün nəzərdə tutulan sosial müavinət və təqaüdlərin növləri və məbləği haqqında məlumat çap olunub. Buklet və fleyerlər Bakı və Sumqayıt regionunda əlillər, əlil övladı olan ailələr arasında yayılır. Təşkilatın könüllüləri, digər əlil təşkilatlarının əməkdaşları bu buklet və fleyerlərin yayılmasında  fəal iştirak edirlər.                          

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir