Modern.az

Deputat Marneulidə yaşayan soydaşlarımıza söz verdi

Deputat Marneulidə yaşayan soydaşlarımıza söz verdi

29 Sentyabr 2012, 12:25

Gürcüstanın Marneuli şəhərində Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının kitablarının təqdimatı keçirilib. Modern.az bildirir ki, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat verib. Deputatın sözlərinə görə, təqdimat mərasimi Marneulidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində baş tutub.

Tədbiri AMM-in rəhbəri Fazil Həsənov açaraq ziyalıları, gəncləri yazıçı ilə ətraflı tanış etdikdən sonra sözü deputat Qənirə Paşayevaya verib. Millət vəkili çıxışında Nəriman Əbdülrəhmanlının qələmə aldığı kitabların önəmindən söz açıb.

“İndiki zamanda belə məzmunlu kitabların təbliği gənclərimiz üçün vacibdir. Çünki onlar gələcəyin şəxsiyyətləridir. Biz bu gün “Təhlədənəm özüm, dağlar,” “İsgəndər Palanın Yunis Əmrə haqqında olan “Od” romanının və “Nobel antologiyası” kitabları haqqında fikir və mülahizələrimizi söyləyəcək və yazıçı Nəriman Əbdülrəhmanlının ədəbi yaradıcılığına ətraflı nəzər salacağıq”.

Millət vəkili həmçinin bildirib ki, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun dəstəyi ilə Nəriman Əbdülrəhmanlının tərtib etdiyi “Ədəbi Nobel antologiyası” kitabının oktyabrın 23-də Bakıda təqdimatı olacaq.Onun sözlərinə görə, tərtibçi bu kitabda indiyədək Nobel mükafatı alan şəxslərin tərcümeyi-halı və onlar haqqında hekayələr dərc edib.

Tədbirdə yazıçı Əli Abbas, Gürcüstan parlamentinin keçmiş deputatı Hidayət Hüseynli, Tədqiqatçı-tərcüməçi  Mirzə Məmmədoğlu, Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, “Regonpress” qəzetinin əməkdaşı Əbülhəsən Abbasov, “Qarapapaqlar” jurnalının baş redaktoru Akif Xansultanlı və başqaları çıxış ediblər.

Qeyd edək ki, tədbirdə Azərbaycan dilli məktəblərdə Azərbaycan ədəbiyyatına aid kitabların çatışmazlığı da qeyd olunub.Tədbirin sonunda  Qənirə Paşayeva bildirib ki, Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Bakıdan ədəbiyyat nümunələrini gətirilərək Azərbaycan dilli məktəblərə bağışlayacağıq.

Sonda yazıçı N. Əbdülrəhmanlı görüşün təşəbbüsçüsü kimi millət vəkilinə təşəkkürünü bildirib

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir