Modern.az

Azərbaycan dünyanın 30-dan artıq ölkəsinə yardım edib

Azərbaycan dünyanın 30-dan artıq ölkəsinə yardım edib

24 İyun 2021, 11:57

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İnkişafa Yardım Komitəsinin (OECD DAC) rəsmi internet səhifəsində ölkəmizin xarici ölkələr və beynəlxalq təşkilatlara göstərdiyi yardımları barədə hesabatı dərc edilib.

 

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Modern.az-a bildirilib ki, hesabatda aparılmış uğurlu siyasət nəticəsində ölkəmizin yardım alan dövlətdən yardım edən donora çevrildiyi, beynəlxalq yardımların operativ və əlaqələndirilmiş şəkildə göstərilməsi üçün 2011-ci ildə Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təsis olunduğu vurğulanır. Beynəlxalq yardım siyasətində Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tutan ölkəmizin qlobal donorluq missiyasında özünə məxsus yer tutduğu, dünyada yayılmış yeni növ koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası tərəfindən 30-dan çox xarici ölkəyə və 3 beynəlxalq təşkilata yardım edildiyi qeyd edilir.

 

Hesabatda, həmçinin AIDA-nın fəaliyyətində qlobal sülh, təhlükəsizlik və insanların firavan həyatının təmin edilməsi prinsiplərini rəhbər tutduğu, daha çox təcrübə mübadiləsi, ictimai xidmətlərin inkişafı, təhsil, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, gənclərin və qadınların cəmiyyətdə rolunun artırılması və digər mühüm sahələrdə inkişaf etməkdə olan ölkələrdə iki və çoxtərəfli əsasda həyata keçirilən təşəbbüslərə dəstəyin göstərildiyi bildirilir. Ölkəmiz tərəfindən göstərilmiş yardımların sektorlar üzrə bölgüsü və statistik rəqəmlərlə yardımları əks olunur.

 

Ölkəmizin donorluq fəaliyyətinə dair məlumatların beynəlxalq hesabatlarda dərc edilməsi, onun yardım siyasətinə, yüksək iqtisadi imkanlarına beynəlxalq ictimaiyyət tərəfindən qiymətin verilməsi, Azərbaycanın regionun aparıcı dövləti kimi qəbul olunması məhz Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticələridir.

 

Qeyd edək ki, 1961-ci ildə fəaliyyətə başlamış nüfuzlu beynəlxalq təşkilat olan, yüksək iqtisadi göstəricilərə malik 40 donor dövləti öz ətrafında birləşdirən OECD dünyada həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən təşəbbüs və proqramları təbliğ etməkdədir. OECD-nin vacib komitələrindən biri olan DAC isə əsasən donor dövlət və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın effektivliyinin artırılması istiqamətində səmərəli fəaliyyət göstərir. Ölkəmiz sözügedən komitədə 2019-cu ildən etibarən iştirakçı statusu ilə təmsil olunur.

 

Aysel Məhərrəm

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir