Modern.az

Qarabağdakı erməni separatçılarını özümüz tərksilah etməliyik! - Siyasi şərhçi

Qarabağdakı erməni separatçılarını özümüz tərksilah etməliyik! - Siyasi şərhçi

Analitika

7 İyul 2021, 12:42

“Qarabağda – Ağdam istiqamətində azərbaycanlı hərbçiyə atəş açılması nə deməkdir? Bu o deməkdir ki, müharibədə məğlubiyyət erməni separatçılarına dərs olmayıb və onlar cinayətlərinə davam etməyə hazırdılar”.

Modern.az-ın məlumatına görə, bu fikirləri siyasi ekspert Elxan Şahinoğlu dünən Qarabağda baş vermiş insidenti şərh edərkən deyib.


E.Şahinoğlu şərhinə belə davam edib:

“Bu o deməkdir ki, bölgədəki rusiyalı hərbçilər nə erməni separatçılarını tərksilah edəcəklər, nə də onların cinayətlərinə mane olacaqlar. Bu o deməkdir ki, Qarabağda yenidənqurma və inşaat işlərində çalışanlar üçün də təhlükə var. Bu o deməkdir ki, gələcəkdə Qarabağa köçürüləcək soydaşlarımızı təhlükə gözləyir, 1980-ci illərin ortalarında da erməni separatizmi oxşar ssenari ilə başlamışdı, ermənilər Xankəndidəki SSRİ hərbi bazalarından əldə etdikləri silahlar hesabına kəndlərimizə hücumlar təşkil etdilər və daha sonra işğalı həyata keçirdilər”.


Politoloqun fikrincə, bütün bunların qarşısının alınmasının yeganə yolu Qarabağdakı erməni separatçılarının tamamən tərksilah olunmasından keçir:


“Ermənistanla sərhəddə insidentlər tez-tez baş verir, bu təxribatlara alışqanıq və qarşısını alırıq. Ancaq bu dəfə atəşkəs Azərbaycanın içərisində pozulub və bu bizim üçün daha mürəkkəb vəziyyətdir. Çünki atəş açılan əraziyə nəzarət etmirik. Rusiya hərbçiləri artıq 7 aydan çoxdur ki, Qarabağdadır və onların erməni separatçılarını tərksilah etmək planları yoxdur, çünki Moskvadan müvafiq təlimat almayıblar. Belə bir təlimatın gələcəkdə olacağı şübhə doğurur. Demək, özümüz erməni separatçılarını tərksilah etməyin planını hazırlamalıyıq, başqa alternativimiz yoxdur. Belə görünür ki, Ağdamdakı Rusiya-Türkiyə monitorinq mərkəzindən də nəticə gözləyə bilmərik. Bu mərkəz sadəcə, Cənubi Qafqazda Rusiya ilə Türkiyə əməkdaşlığının modelidir. Ancaq bizə bu azdır. Azərbaycan cəmiyyəti nəticə gözləyir. Müharibədə ona görə qələbə çalmadıq ki, erməni separatçıları silahlarını yenə də bizə tuşlasınlar”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü