Modern.az

Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatına başlaya bilər - Deputatlar

Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatına başlaya bilər - Deputatlar

Parlament

16 İyul 2021, 13:00

Qarabağda atəş səsləri yenidən eşidilməyə başlayıb. Ermənistanın hərbi təxribatları nəticəsində Azərbaycanın müxtəlif ərazilərinə - Şuşaya, Kəlbəcərə, Naxçıvana atəş açılır.

 

Qarabağdakı Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə cəmləşən erməni separatçılarının təxribatları davam edərsə, Azərbaycan yaxın müddətdə antiterror əməliyyatları keçirə bilərmi?

 

“Azərbaycan hər an antiterror əməliyyatlarına hazır olmalıdır. Hər gün bizim torpaqlarımız təmizlənə bilər”.

 

Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, sülhməramlılar öhdəliklərini yerinə yetirməli, separatçılara təsir göstərməlidir:

“Kürəyimizdən bizə atəş açılırsa, bu, artıq sülhməramlı qüvvə deyil. Deməli separatçıları bəsləyirlər ki, bizə təzyiq göstərsinlər. Ona görə də təxribatçı qruplar yerindəcə susdurulmalıdır. Həm bizim Silahlı Qüvvələrimiz tərəfindən, həm də Rusiyanın sülhməramlıları tərəfindən bu işlər həll olunmalıdır. Biz bu kimi təxribatları çox görmüşük. Bununla bizi yeni bir müharibəyə gətirib çıxarmaq istəyirlər. Azərbaycan isə müharibə dövründə göstərdi ki, savaş Ermənistana necə baha başa gəldi. Bundan sonra daha ağır ola bilər. Ona görə də Ermənistanın hər dəfə öyrədib göndərdiyi təxribaçı qüvvələrin taleyini görməlidir ki, dərs olsun”.  

 

Deputat Sevil Mikayılova deyib ki, Azərbaycana qarşı təxribatların cavabı tez bir zamanda verilir:

“Son zamanlar ərazilərimizdə bizə qarşı separatçı qüvvələr tərəfindən edilən təxribatları görürük. Azərbaycan Ordusu tez bir zamanda buna qarşılıq verir. Əlbəttə ki, bu təxribatların əsas hədəflərinin nə olduğu bizə məlumdur. Vəziyyəti gərginləşdirmək, diqqəti separatçıların üzərinə çəkmək…
Sərhəddə delimitasiya və demarkasiya proseslərinin getdiyi dönəmdə vəziyyəti bu cür gərginləşdirməyə və Azərbaycanı eri çəkməyə çalışırlar.  Bu gün Azərbaycan ərazisində seperatçı düşüncələrlə yaşayan bir sıra silahlı insanların da aktivlik göstərməsinin səbəbi diqqəti özlərinə yönləndirməkdir. Bu hədəflərin nə olmasından asılı olmayaraq, Azərbaycan tərəfi öz sərhədini qoruyacaq, ərazisində təhlükəsizliyi təmin edəcək. Bunu əlbəttə ki, qarşı tərəf də başa düşür.

Xüsusilə qeyd etmək lazımdır ki, beynəlxalq hüquqda da Azərbaycana  bir dəstək var. Belə olan halda Ermənistan vəziyyəti gərginləşdirməyə, maraqlı qüvvələri ortaya çıxarmağa çalışır. Düşmən tərəfi anlamalıdır ki, 10 noyabr bəyannaməsinin şərtləri onun üzərinə götürdüyü bir öhdəlikdir. Bunun icrasından imtina etmək heç bir halda mümkün olmayacaq.

 

Deputat Azər Kərimli qeyd edib ki, Qarabağda antiterror əməliyyatı aparmaq Azərbaycanın hüququdur:

“44 günlük müharibə dövründə Azərbaycan Ermənistan ordusuna göstərə bildi ki, necə bir gücə malikdir. Bununla da qələbə çaldı. İndiki halda biz Ermənistan tərəfindən təxribat cəhdlərinə şahidlik edirik. Azərbaycan baş verənlərlə əlaqədar Qarabağda antiterror əməliyyatları apara bilər. Bu, Azərbaycanın təbii ki, haqqı və hüququdur. Ermənistan tərəfindən bu həmlələr, pozuntular davam etsə, Azərbaycan yaxın müddətdə bu yola əl ata bilər”.

 

Aysel Məhərrəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?