Modern.az

“Xalq olaraq meşə yanğınlarını narahatlıq və həyacanla izləyirik”

“Xalq olaraq meşə yanğınlarını narahatlıq və həyacanla izləyirik”

Aktual

30 İyul 2021, 18:04

“Son günlər Türkiyə Respublikasının bir sıra bölgələrində baş vermiş meşə yanğınları nəticəsində ekologiyaya, ətraf mühitə, yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan dəyib. Bir neçə gündür davam edən yanğınlar insan tələfatına da səbəb olub. Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır. Qardaş Türkiyədə baş vermiş meşə yanğınlarını, bunun nəticəsində yaranmış vəziyyəti Azərbaycan xalqı olaraq böyük narahatlıqla və həyacanla izləyirik”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, qardaş Türkiyədə meşə yanğınlarının baş verdiyi ərazilərin təbiətinin, endemik bitki və heyvan növlərinin, təbii ehtiyatların məqsədli və sistemli şəkildə məhv edilməsi bu gün bir daha bütün dünyanın, beynəlxalq ekoloji təşkilatların diqqətində olmalıdır. Çünki bu gün qlobal iqlim dəyişikliyi bəşəriyyətin əsas çağırışlarından biridir. Belə bir şəraitdə, ekologiyanı və ətraf mühiti qorumaq, yaşıllıq və meşə ərazilərini əhəmiyyətli dərəcədə artırmaq, flora və faunamızı yaşatmaq dünya ictimaiyyətinin qarşısında dayanan əsas vəzifələrdəndir. Ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar”, “Bern” beynəlxalq konvensiyaları və digər beynəlxalq sənədlər də ətraf mühitin qorunmasını beynəlxalq birliyin əsas vəzifələri kimi müəyyənləşdirir.

 

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Azərbaycan dövləti bu çətin günlərdə Türkiyənin yanındadır və meşə yanğınlarının qarşısının alınmasına öz yardımını edir. Yanğından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana baş vermiş faciədən dərin kədər hissi keçirdiyini və Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğuladı. Eyni zamanda, dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığını ifadə etdi. Hazırda Azərbaycan Respublikası Prezidentinin tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatların ən qısa zamanda qardaş Türkiyəyə göndərilməsi istiqamətində tədbirlər görülür. Azərbaycan xalqı olaraq hər zaman qardaş Türkiyənin yanındadır və bundan sonra da olacaq. Eyni zamanda, hesab edirəm ki, ətraf mühit məsələləri üzrə beynəlxalq təşkilatlar, dünya ölkələri Türkiyədə yaranmış vəziyyəti nəzərə alaraq, bu ölkəyə lazımi dəstək verməlidir. Çünki bu dünya hamımızındır və xüsusilə təbiəti qorumaq bəşəriyyəti qorumaq deməkdir”,-deyə millət vəkili vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı