Modern.az

“Məni dəvət etmirlər, heç istəmirəm də...” - Kinomuzun 73 yaşlı Nəsimisi

“Məni dəvət etmirlər, heç istəmirəm də...” - Kinomuzun 73 yaşlı Nəsimisi

8 Avqust 2021, 12:38

Bu gün Xalq artisti Rasim Balayevin doğum günüdür.

 

73 yaşı tamam olan sevimli aktyor özəl günü ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

O, ad gününü evində, ailəsi ilə birlikdə qeyd edəcəyini söyləyib:

 

"Nə doğum günü?! Evimizdə oturub, Allah verəndən bir tikə çörək yeyəcəyik. 73 yaşın təəssüratları uzun haqq-hesabdır. Yaxşı günlər də yaşamışam, pis günlər də... Allah verən ömrü yaşayırıq".

 

 

Sənətinə gəlincə, Xalq artisti hər hansı planının olmadığını vurğulayıb:

 

"Planlarım yoxdur. Aktyorda nə plan?! Dəvət edirlər gedib filmə çəkilirəm, dəvət etmirlər getmirəm. Mənə filmlərə çəkilmək üçün dəvət gəlmir. Əslində heç istəmirəm də. Sənətdə pis-yaxşı sözümüzü demişik. İndi qoy cavanlar gəlsinlər, yetişsinlər.

 

Pandemiya kino sahəsinə çox mənfi təsir etdi. İş-güc yoxdur, camaat bir yerə yığılıb, film çəkə bilmir. Deyirlər, yumşalma olacaq. Mən deyərdim ki, əksinə qadağalar kəskinləşəcək. Yoluxma artır. Başımıza nə gələcək bilinmir. Ona görə sənətlə bağlı heç nə düşünə bilmirəm".

 

 

Bir müddət öncə səhhətində problemlər olduğunu deyən Rasim Balayev hazırda müalicəsinə davam edir:


"Səhhətim babatdır. Evdə müalicəm davam edir. Türkiyəyə müalicəyə getməyi düşünürdüm. Alınmadı. Qadağalar, sərtləşmələr artdığı üçün elə burada müalicəmi davam etdirməyə qərar verdim. Hər şey normaldır".

 

Məlumat üçün bildirək ki, bel yırtığından əziyyət çəkən Xalq artisti Rasim Balayev müalicə üçün bir neçə dəfə Türkiyəyə üz tutub. O, pandemiya dönəmində sərhədlər bağlı olduğundan Gömrük Hospitalında fizioterapiya müalicəsini davam etdirib.

 

Aktyor müsahibələrinin birində "Babək" filminin çəkilişləri zamanı bir neçə dəfə atdan yıxıldığını və fəsadlarının indi üzə çıxdığını demişdi.

 

 

Qeyd edək ki, Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib.



Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da məharətlə oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə epizodik rol oynayıb.. "Özbəkfilm"də, "Mosfilm"də, və başqa studiyalarda filmlərə çəkilib.


Mənfi obrazları belə çox məharətlə oynayıb, onların birinə görə (Səlim bəy "Qanlı zəmi") Azərbaycan SSRİ dövlət mükafatı alıb.

 



1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub.

Rasim Balayev 1982-ci ildən Azərbaycanın xalq artisti, 1998-ci ildən "Şöhrət" ordeni laureatı, 2018-ci ildən "Şərəf" ordeni laureatı və Prezident təqaüdçüsüdür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı