Modern.az

Nazirlikdən komitə sədrinin yeni fənnlə bağlı təklifinə CAVAB

Nazirlikdən komitə sədrinin yeni fənnlə bağlı təklifinə CAVAB

Təhsil

23 Avqust 2021, 15:24

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili orta məktəblərdə yeni – “Maliyyə savadlılığının elementləri” adlı fənnin tədrisinə ehtiyac olduğunu bildirib və bu fənnin dərs proqramına salınmasını təklif edib.

 

Modern.az Təhsil Nazirliyindən komitə sədrinin təklifinə münasibət öyrənib.

 

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, “Maliyyə savadlılığı”nın fənn deyil, dərsdənkənar məşğələlər şəklində tətbiqi nəzərdə tutulub:  

 

“Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin 8-ci bəndində sadalanan səriştələr sırasında  maliyyə savadlılığı səriştəsi də qeyd edilib. Maliyyə savadlılığı ümumi təhsil pilləsində tədris olunan riyaziyyat, həyat bilgisi, coğrafiya fənlərinin məzmununa üzvi şəkildə, inteqrasiya olunmaqdadır. 

 

Həmin sənədin 9.8-ci bəndinə əsasən “İqtisadi və maliyyə savadlılığı, mənəviyyat, insan hüquq və azadlıqları, həyat fəaliyyətinin təhlükəsizliyi üzrə bilik və bacarıqların mənimsədilməsi həmçinin müvafiq  dərsdənkənar məşğələlər vasitəsilə həyata keçirilə bilər”. Hazırda bu məzmunda dərsdənkənar məşğələ kurslarının hazırlanması istiqamətində işlər aparılır”.

 

Qeyd edilib, ölkənin bir sıra məktəblərində “Maliyyə savadlılığı” kursu pilot olaraq tətbiq edilib və qənaətbəxş nəticələr əldə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü