Modern.az

Rusiya Ermənistanı yeni müharibəyə hazırlayır? - “Qərb-2021” təlimlərinin verdiyi MESAJ

Rusiya Ermənistanı yeni müharibəyə hazırlayır? - “Qərb-2021” təlimlərinin verdiyi MESAJ

Analitika

15 Sentyabr 2021, 09:38

Azərbaycanın Türkiyə və Pakistanla keçirdiyi hərbi təlimlər fonunda, Rusiya və Belarus ordusunun birgə keçirdiyi “Qərb-2021” hərbi-strateji təlimi də diqqət çəkir. Birgə hərbi təlimlər öz miqyasının genişliyi, tətbiq edilən silahların müasirliyi və çoxsay olması ilə seçilir.

 

Modern.az xəbər verir ki, sentyabrın 10-dan 16-na kimi davam edəcək təlimlərə 200 min canlı qüvvə, 80-dən çox təyyarə və helikopter, 760-a qədər zirehli texnika cəlb olunub. “Qərb-2021” təlimlərinin əsas hissəsi Rusiyanın Nijni Novqorod vilayətinin Mulino poliqonunda baş tutacaq.

 

“Təlimlərin gedişində pilotsuz uçan aparatlarla və qanadlı raketlərlə mübarizəyə, şərti düşmənə qarşı atəş zərbəsinə və radioelektron təsirə, bir döyüş əməliyyatları növündən sürətlə digərinə keçməyə və mürəkkəb, dinamik şəraitin yaradılmasına, taktiki hava desantı qüvvələrindən istifadəyə xüsusi diqqət yetiriləcək”,-deyə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

 

Təlimlər bir sıra yenilikləri ilə diqqət cəlb edib. Bunlar arasında, “Platforma-M” döyüş robotlarının ilk dəfə savaş meydanında tətbiq olunmasıdır.

 

Təlimin diqqət çəkən məqamlarından biri də pilotsuz uçuş aparatlarından aktiv istifadə edilməsidir. Belə ki, müdafiə olunan tərəf kəşfiyyatın atəş sistemi çərçivəsində zərbə dronları “İnoxodets”, “Lastoçka” və “Orlan-10”dan istifadə edib.

 

Dronlar müdafiə tərəfinin 120 mm-lik “Qran” idarə oluna bilən minaları ilə manevr hərəkətlərini dəstəkləyib. “Lastoçka” dronları isə taktiki hərəkətlər çərçivəsində düşmənin açıq ərazidə yerləşən canlı qüvvəsi, hərbi texnikasını kumulyativ və qəlpəli-fuqaslı mərmilərlə məhv edib.

 

Bununla yanaşı, S-400 zenit raket-komplekslərinin köməyi ilə qanadlı raketlərin məhvi, kiçik mənzilli “İsgəndər-M” ballistik raketləri ilə komanda-idarəetmə məntəqələrinin məhv olunması, zərbə dronları və hücum helikopterləri ilə yerüstü hədəflərin, canlı qüvvə və zirehli texnikanın məhv edilməsi təlimlər planına daxil edilib.  Məlumata görə “Qərb-2021” təlimləri zamanı əlahiddə bölmələrin əsas qüvvələrdən ayrılaraq, şərti düşmənin nəzarətində olan ərazilərin dərinliklərində reydlər keçirməsi də məşq edilib.

 

“Qərb-2021” təlimlərinin ilk növbədə NATO üzvü olan Baltikyanı ölkələrə, yaxud Ukraynaya qarşı yönəlməsi barədə ekspert dairələrində yekdil fikir olsa da, bunun Azərbaycan üçün də təhlükə törətdiyi istisna edilmir. Bunu iddia etmək üçün bir neçə önəmli səbəb var. Onlar arasında ilk yerdə Rusiya-Belarus təlimlərinə Ermənistan ordusunun bir batalyonunun da qatılması faktıdır. Təlimlərə batalyonun artilleriya, moto-atıcı və tank bölmələri cəlb olunub. “Qərb-2021” təlimlərini Ermənistanın müdafiıə naziri Arşak Karapetyanın da Mulino poliqonunda izləməsi rəsmi Yerevanın təlimlərin gedişatına və əldə olunacaq nəticələrə ciddi önəm verməsini göstərir.

 

Digər tərəfdən, rəsmi Moskva “Qərb-2021” təlimlərin ssenarisini Suriya və Qarabağdakı hərbi əməliyyatların təcrübəsi əsasında hazırlandığını elan edib. Təlimlər Ermənistanın 44 günlük müharibənin nəticələri əsasında yeni hərbi doktrina qurmasına, Rusiya ilə birgə aparılan ordu islahatı çərçivəsində yeni standartlara keçməsinə və Moskvanın istehsal etdiyi yeni nəsil silahlara, xüsusən, kəşfiyyat və zərbə dronlarına marağının artmasına stimul verə bilər.

 

“Qərb-2021” təlimləri Moskvanın NATO ilə Polşa və Baltikyanı ölkələrlə, həmçinin, Ukrayna ilə dövlət sərhədində hərbi mövcudluğunu gücləndirməsindən, Belarusdan hərbi baza kimi istifadə edəcəyindən xəbər verir. Paralel olaraq, rəsmi Moskva Qarabağ müharibəsindən sonra döyüş qabiliyyəti ciddi şəkildə zədələnmiş Ermənistan ordusunu təlimlərə cəlb etməklə, ordunun bərpasına və döyüş qabiliyyətinin artırılmasına dəstəyini ifadə edib.

 

Yaxın zamanlarda Rusiyanın Ermənistana ciddi hərbi-texniki yardım göstərməsi gözlənilir. Bu, həm də şimal qonşumuzun Azərbaycan, Türkiyə və Pakistanın dərinləşən hərbi əməkdaşlığına və keçirilən təlimlərə qısqanclığı ilə də izah oluna bilər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...