Modern.az

Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat...

Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat...

23 Sentyabr 2021, 20:18

“Azərbaycanın 51 ali təhsil müəssisəsində 186 min tələbə təhsil alır. 2018-ci ilə qədər tələbələrin 31 faizi ödənişsiz, qalan 69 faizi isə ödənişli əsaslarla oxuyurdu. Amma ölkə başçısının 2019-2020-ci ildə imzaladığı müvafiq sərəncamlarla ali təhsil müəssisələrinin plan yerlərinin 50 faizi – rəqəmlərlə desək, 21 min 600 plan yeri dövlət sifarişli müəyyən olundu. Bu gün ali təhsil müəssisələrində təhsil alan hər iki nəfərdən biri ödənişsiz oxuyur”.

 

Bunu Modern.az-a Azərbaycanın ali təhsil müəssisələrində tələb edilən təhsil haqqı ilə təklif edilən təhsilin keyfiyyət uyğunluğunu müqayisə edən təhsil eksperti Kamran Əsədov deyib.

 

O bildirib ki, Azərbaycanda təhsil haqqının ən yüksək olduğu ali təhsil ocağı ADA universitetidir:

 

“Burada təhsil haqqı 6000-6500 manatdır. Təhsil haqqının yüksək olmasına görə ikinci yerdə Xəzər universiteti qərarlaşıb. Bu özəl ali təhsil ocağı 4000-5000 manat civarında təhsil haqqı tələb edir.

 

Təhsil haqqının ən yüksək olduğu dövlət universiteti isə Azərbaycan Tibb Universitetidir. Burada təhsil haqqı 4000-4500 manat olaraq müəyyənləşib. Bakı Dövlət Universitetinin hüquq ixtisası da ən yüksək təhsil haqqı tələb edən ixtisasdır. Burada təhsil almaq istəyən tələbə illik 4000-4500 manatından keçməlidir.

 

Ən ucuz ixtisaslar isə dövlət universitetlərindən biri olan Azərbaycan Dillər Universitetindədir. Burada bir neçə ixtisas var ki, təhsil haqqı digər ali məktəblərə nisbətdə daha aşağı müəyyən edilib. Həmçinin təhsil haqqının aşağı olmasına görə bölgələrin universitetləri də diqqəti cəlb edir.

 

Özəl ali məktəblər arasında Xəzər universitetindən sonra ən yüksək təhsil haqqı Qərbi Kaspi universitetindədir. Burada 3000-3500 manat təhsil haqqı müəyyən edilib. Azərbaycan Universitetində isə illik təhsil haqqı 2500-3000 manatdır.

 

Bakı Dövlət Universitetinin hüquq ixtisasından sonra ən çox təhsil haqqı tələb edən Beynəlxalq Münasibətlər ixtisasıdır ki, illik 3000 manat tələb olunur. Ali məktəblərin ixtisasları arasında illik ödənişi 1000-1500 manat olanlar da var, amma ortalama rəqəm 2000-2500 arasında dəyişir”.

 

 

Təhsil eksperti hesab edir ki, heç də bütün universitetlər aldıqları ödənişin müqabilində keyfiyyətli təhsil verə bilmirlər:

 

“Biz bunu əmək bazarında da görürük. Ali təhsil alan şəxslərin yalnız 42 faizi öz ixtisası üzrə işləyə bilir. Bu o deməkdir ki, onların keyfiyyət göstəricisi 50 faizdən azdır.

 

Təhsil Nazirliyinin həyata keçirdiyi müəllimlərin işə qəbul imtahanında pedaqoji ixtisasları bitirənlər iştirak edirlər və nəticələri kifayət qədər aşağıdır. Dövlət qulluğuna qəbulda da ürəkaçan nəticələrin olmaması təhsil alanların ödənilən təhsil haqqına uyğun keyfiyyətli təhsillə təmin olunmadığını aşkar göstərir.

 

Ali təhsil müəssisələri əmək bazarının tələblərinə, müasir standartlara cavab verən kadr hazırlamırlar. Ali məktəbi bitirən kadrı işəgötürənlər ondan elə bilik və bacarıqlar tələb edirlər ki, ali məktəblər bunu öyrətməyiblər. Hesab edirəm ki, universitetlər bu məsələyə diqqət etməli, əmək bazarının tələblərinə uyğun tədris proqramı qurmalıdır.

 

Universitetlərin maddi texniki bazası, elektron kitabxanaları, laboratoriyaları çox aşağı səviyyədədir. Qeyd etdiyim kimi, alınan təhsil haqqının müqabilində göstərilən xidmət ürəkaçan deyil”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır