Modern.az

“Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”  

“Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”  

Aktual

24 Sentyabr 2021, 08:27

Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik.

 

Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında söyləyib.

 

Dövlətimizin başçısı qeyd edib ki, sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaq.

 

“Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

 

Cənubi Qafqazda çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitliyin, nəhayət, bərqərar olunacağına ümidvar olduğunu bildirən Prezident İlham Əliyev çıxışını bu sözlərlə tamamlayıb: “Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcəkdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi