Modern.az

“Kimə göstərirsən özünü?! Bu nə mesajdır?!” - Deputatla MÜSAHİBƏ

“Kimə göstərirsən özünü?! Bu nə mesajdır?!” - Deputatla MÜSAHİBƏ

Müsahibə

13 Oktyabr 2021, 08:57

Ziyafət Əsgərov: “Niyə sənin maşınların Azərbaycanın icazəsi olmadan o yoldan keçir?!”


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Modern.az-a müsahibə verib:


- Ziyafət müəllim, parlamentin plenar iclaslarının birində “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsinin vacibliyini qeyd etdiniz. Sizcə, qanunda siyasi partiyalarla bağlı nələr əks olunmalıdır?

- “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul edilib. Həmin vaxtdan uzun zaman keçib. Düzdü, zaman-zaman bu qanuna əlavə və dəyişikliklər etmişik. 1995-ci ildə Azərbaycan ilk milli Konstitutsiyasını qəbul edib. O vaxtdan bəri xeyli qanunlar qəbul etmişik. Həmçinin, çox yaxşı olardı ki,  “Siyasi partiyalar haqqında” qanun yenidən işlənsin və müasir dövrün tələblərinə tam uyğunlaşsın. Çünki indi siyasi partiyaların siyasi sistemdə yeri, iqtidarla siyasi partiyalar arasında olan münasibətlərin konfiqurasiyası dəyişib. Hesab edirəm ki, siyasi partiyaların funksiyaları, onların hesabatlılığı, hesabat vermələri, ölkənin siyasi sistemində iştirak məsələsi, bunun hüquqi mexanizmləri qəbul ediləcək “Siyasi partiyalar haqqında” yeni qanunda öz əksini tapmalıdır. Bu baxımdan da mən bu məsələni plenar iclasda qaldırdım.


- Parlamentdə siyasi partiyaların birgə fəallığını necə qiymətləndirirsiz?

- Altıncı çağırış Milli Məclisə seçkilərdə müxalifət nümayəndələrinin bəziləri parlamentdə vəzifələrə irəli çəkildilər. Komitə sədrlərinin müavinləri, eləcə də parlament Sədrinin müavini vəzifəsində müxalifət nümayəndəsi təmsil olundu. Dövlət çalışır ki, ölkədəki siyasi qüvvələr arasında  həmrəylik daha da güclənsin. Sözün yaxşı mənasında maraqlar uzlaşsın. Bu dövlət hamımızındır. Bu dövlət təkcə iqtidarın deyil, həm də müxalifətindir. Hesab edirik ki, partiyaların timsalında iqtidar və müxalifət münasibətləri normal, sivil səviyyədə olmalıdır. Ona görə də belə bir qanunun qəbul edilməsinə ehtiyac var.


- Güman ki, adıçəkilən bu qanun layihəsinin hazırlanması zamanı partiyaların rəy və təklifləri də nəzərə alınacaq.

- Təbii. Yeri gəlmişkən, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tez-tez bir-ikisini çıxmaq şərtilə, siyasi partiyaların əksəriyyəti ilə görüşür. Partiyaların maddi və ofis məsələlərindən tutmuş ölkənin siyasi həyatında aktivlik məsələləri müzakirə olunur. Bütün bunlar ona hesablanıb ki, ölkədə iqtidar-müxalifət münasibətləri sivil dünyanın qəbul etdiyi standartlar səviyyəsində olsun. Biz buna çalışırıq.


- Ziyafət müəllim, sədri olduğunuz Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi bir neçə məsələni özündə əks etdirir. Məsələn, korrupsiya üzərində dayanaq. Bu gün ölkədə korrupsiyanın vəziyyəti necədir?

- Təəssüf ki, bu gün korrupsiya dünya ölkələrinin bəlasıdır. Dövlətimizin və dövlət başçımızın əsas siyasi iradəsi ondan ibarətdir ki, korrupsiya hallarının üstünə getsin, onu məhv etsin və kökünü kəssin.


- Son iki ildə bəzi icra başçılarının, nazir müavinlərinin korrupsiya faktları üzə çıxdı. Rəhbər şəxslərin bu kimi hallara yol verməməsi üçün daha nələr edilməlidir?

- Korrupsiyaya qurşanan bəzi icra başçıları, sabiq nazirlər və nazir müavinləri cinayət məsuliyyətinə cəlb olunur və cəzalarını da alırlar. Bir də var korrupsiyaya qarşı mübarizənin digər bir qaydası. Məsələn, ASAN Xidmət, ASAN Kommunal, DOST agentlikləri ona görə yaranır ki, insanlar dövlət orqanlarının fəaliyyətindən məmnun olsunlar. Vətəndaşlar incidilməsin. Hesab edirəm ki, korrupsiyaya son qoymağın yollarından biri də budur. Cənab Prezidentin 2019-cu ilin 3 aprel tarixində məhkəmə islahatları ilə bağlı Fərmanı oldu. Məhkəmələrin özündə xeyli islahatlar həyata keçirildi. Bu proses indi də davam edir. Bütün bunlar ona hesablanıb ki, neqativ halların kökü kəsilsin və insanlar dövlət orqanlarının fəaliyyətindən daha da məmnun qalsınlar. Bu sahədə işlər gedir və bundan sonra da davam edəcək. Əsas odur ki dövlətimizin və dövlət başçımızın neqativ halların qarşısını almaq üçün siyasi iradəsi var.


- Ziyafət müəllim, Yeni Azərbaycan Partiyasının üzvü olduğunuz üçün partiya ilə bağlı bir məqama toxunmağınızı istərdik.  Son vaxtlar partiyanın rəhbər vəzifəsində təmsil olunan bəzi şəxslərin timsalında xoşagəlməz hallara şahidlik etdik. Sizcə, vəzifəli şəxslər etik qaydaların məsuliyyətini bilmir, yoxsa bunda  maraqlı deyil?

- Hesab edirəm ki, nəinki YAP üzvü olan şəxslər, hər bir Azərbaycan vətəndaşı üzərinə düşən məsuliyyəti dərk etməlidir. Xüsusilə hər hansı dövlət postunda işləyən insanlar (istər Milli Məclis, istərsə də digər dövlət orqanları olsun)  birinci növbədə öz məsuliyyətini dərk etməli və dövləti təmsil etdiyini unutmamalıdır. Onun davranışı hamı üçün nümunə olmalıdır. Bildiyiniz kimi, Milli Məclis “Etik davranış kodeksi haqqında” qanun da qəbul edib. Bütün bunlar hər bir vətəndaş tərəfindən dərk edilməlidir və özünün əxlaq kodeksini qəbul etməlidir ki, dediyiniz hallar baş verməsin. Onu da deyim ki bu cür hallar təkcə Azərbaycanda yox, bütün dünyada baş verir. Biz Azərbaycan dövləti olaraq bu cür halların baş verməsini qətiyyətlə qınayırıq.


- Adətən bu cür hallar yaşlı insanlar təəfindən törədilir. Bu da cəmiyyətdə söz-söhbətlərə yol açır. Sizcə, vəzifə icra edən yaşlı insanların etik davranışla bağlı maarifləndirilməsinə ehtiyac varmı?

- Hesab edirəm ki, təbliğat və maarifləndirmə də bu cür halların qarşısının alınmasında kömək olar. Hüquqi və digər maarifləndirmə yolları onun üçün gərəklidir ki, insanlar qanunvericiliyin tələblərini dərk etməklə yanaşı, Azərbaycan əxlaqını da düzgün qəbul etsinlər. Biz xalq olaraq əxlaqa, mənəviyyata daha çox üstünlük veririk. Cənab Prezident, eləcə də  vaxtilə ulu öndər Heydər Əliyev  mənəvi-əxlaqi dəyərlərin həmişə yüksək səviyyədə olmasını təlqin ediblər.


- Ziyafət müəllim, parlamentdə boş qalan yerlər var. Həmin deputat yerlərinə yeni seçkilərin keçirilməsi gözlənilirmi?

- Daha doğru olar ki, bu sualı Mərkəzi Seçki Komissiyasına ünvanlayasız. Çünki bu məsələ bizim səlahiyyətimizdə olan məsələ deyil.


- Parlamentin yenidən seçkilərə getməsi barədə fikirlər də ortaya atılır. Yenidən parlament seçkilərinin keçirilməsinə ehtiyac varmı?

- Yenidən parlament seçkilərinin keçirilməsi üçün heç bir əsas görmürəm.


- O zaman bu cür iddiaların ortaya atılmasına səbəb nə ola bilər?

- Görünür, kimlərinsə marağındadır. Buna görə də cəmiyyətdə müəyyən ajiotaj yaratmağa çalışırlar. Buna heç bir əsas yoxdur.


- Bəzən sosial şəbəkələrdə deputatların adından onların demədiyi ifadələr yayılır və bu da cəmiyyətdə çaşqınlıq yaradır. Bu barədə nə deyə bilərsiniz?

- Təəssüf ki, belə hallar var. Onu da bəzi müxalifət qüvvələri, xüsusən də xaricdən idarə olunan radikal müxalifət qızışdırır. Bu onların marağındadır. Hətta sizə deyim ki, biz Ermənistan üzərində müqəddəs Zəfər qazandıq. Ona görə müqəddəs adlandırırıq ki, torpaq müqəddəsdir. Müqəddəs torpaqlarımızı işğaldan azad etmişik. Hətta ona da sevinmədilər. Qələbə ilə bağlı nə qədər çirkin, bohtan dolu məlumatlar yazırlar. Bu gün də yazmaqda davam edirlər. Bu cür insanlardan nə gözləyə bilərik?! Əgər biz öz torpaqlarımızı düşməndən azad etmişiksə, buna sevinmək lazımdır. Buna ironiya və müxtəlif qarayaxmalarla yanaşmaq doğru deyil. Radikal müxalifət olsanız da, ünvanınız Azərbaycandır. Bu torpaqlar həm də sizindir axı... Müxalifət də sivil müxalifət olmalıdır. Bu sənin xalqının, dövlətinin ordunun qələbəsidir.


- Azərbaycan bir çox beynəlxalq təşkilatlarda təmsil olunur. Zaman-azaman bəzi beynəlxalq təşkilatlarda Qarabağ məsələsi ilə bağlı xeyrimizə olmayan bəyanatların şahidi olmuşuq. Bir vaxtlar  Avropa İttifaqı ilə gərginlik hökm sürürdü. Hazırda Avropa İttifaqı ilə münsibətlər necədir?

- Hesab edirəm ki, Avropa İttifaqı ilə münsibətlərimiz normaldır. Yaxın zamanlarda Avropa İttifaqı ilə “Strateji partnyorluq haqqında” sazişimiz imzalanmalıdır. Cənab Prezident bir neçə ay bundan qabaq sazişlə bağlı məlumat verdi. Onun əksər müddəaları razılaşdırılıb. Hesab edirəm ki, o sazişi qəbul edə biləcəyik. Qaldı ki, münasibətlərə, biz dövlət olaraq hər zaman səmimi olmuşuq. İstəyirik ki,  bizə qarşı da səmimiyyət olsun. Təəssüf ki, son vaxtlar dünyada ədalət və səmimiyyət anlayışı deqradasiyaya uğrayıb.


- Biz bunu BMT-də, ATƏT-də və digər təşkilatlarda da gördük. Sadəcə soruşmaq isəyirəm ki, həmin beynəlxalq təşkilatlar 30 il müddətində ikili oynayıblar, bəs  qələbədən sonra necə oynamağa üstünlük verirlər? Hansısa fərqi hiss edirsiz?


- Nə mənada?


- 30 il bundan əvvəl ermənipərəst mövqe sərgiləyənlər, 44 günlük qələbədən sonra bizə qarşı hansı hiss və düşüncədədirlər?

- Sizə bir məsələni deyim. Əslində onlar da 30 il ərzində gözəl bilirdilər ki Ermənistan haqsız və işğalçı tərəf, Azərbaycan isə işğala məruz qalan tərəfdir. 30 il ərzində onların heç biri işğalçı Ermənistan kəlməsini işlətmədi. Ermənistanın havadarları bu vəziyyətdən istifadə edib Ermənistanı qızışdırırdı. BMT-nin  4 qətnaməsi, Avropa İttifaqının, AŞPA-nın, İƏT-ın qərarları və sair sənədlər vardı. Yaxşı, bu qərarlar niyə yerinə yetirilmədi?! Ermənistan nə böyük dövlət idi ki, ona gücləri çatmadı?! ATƏT-in Minsk qrupu olsun. Heç nə etmədi. Bu gün yenidən Minsk qrupunu dirçəltmək istəyirlər. 30 ildə nə etdilər ki, indi də nə etsinlər?! Hesab edirəm ki, nə qədər güclənsək, sözümüz o qədər haqq olacaq. Acı reallıq odur ki, beynəlxalq hüquq güclü olanın yanındadır. Ona görə də hamımız güclü olmalıyıq. Güclü olan dövlətlə hesablaşırlar. Bu gün Azərbaycanla hesablaşırlar. Çünki Azərbycan qalib gəlməklə yeni reallıqlar yaratdı. Yeni reallıqlar da bəzi qonşularımızın xoşuna gəlmir.


- Bəzi qonşulardan söz düşmüşkən, cənub qonşumuz İranın iç üzü açılıb. İranın Azərbaycana olan münasibəti barədə sizin də fikirlərinizi eşitmək istərdik. İranın “canfəşanlıq” göstərməsi nəyə hesablanıb
?


- Bu hal çox təəccüb doğurur. İran 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bəyanatlar verib. Təəssüf ki, İranın bəyanatlar verməkdən başqa əməli işini görmədik. Müharibə vaxtı İrandan Ermənistana Mehri və işğal olunmuş digər Azərbaycan əraziləri vasitəsilə xeyli silah-sursat, ərzaq, yanacaq daşınırdı. Sual olunur: niyə İran 30 illik işğal ərzində bir dəfə də olsun Ermənistan sərhəddində hərbi təlimlər keçirmədi? Amma Azərbaycan qalib olandan sonra İran hərbi təlimər keçirməyə başladı. Kimə göstərirsən özünü?! Bu nə mesajdır?! Digər bir məqam: bir müddət bundan əvvəl İranın xarici işlər naziri İrəvana gedərək,  Təhlükəsizlik Şurasının katibi Qriqoryanla görüşür. Orada səsləndirir ki, İranla Ermənistan dost və qardaş ölkələrdir. İndi soruşuruq: sizin dost və qardaş dediyiniz Ermənistan işğal olunmuş ərazilərimizdə 30 il ərzində 65 məscidi dağıtdı və həmin məscidlərdə donuz saxlayırdı. Budur sizin İslam dininə olan hörmətiniz?! Onlara necə qardaş deyirsiniz?!  Cənab Prezidentin də dediyi kimi, Ermənistanla münasibətləriniz ola bilər. Bu sizin suveren işinizdir. Ona qarışmırıq. Amma siz də bizim işimizə qarışmayın. İşğaldan azad etdiyimiz ərazilərimizdə İsrail nümayəndələri axtarmayın. Onların orada işi yoxdur. Biz həmin ərazilərdə yeni-yeni tikinti quruculuq işlərinə başlamışıq. Nə İsrail nümayəndəsi?! Hesab edirəm ki, burada söhbət ondan ibarətdir ki, Azərbaycanın müstəqil  siyasət aparması bəzilərinin xoşuna gəlmir. Bəziləri də bu müharibə ərzində Azərbaycanın qalib olmasını həzm edə bilmir.


- Artıq qəbul etməkdən başqa yol da yoxdur.

- 30 il ərzində İran rəsmiləri belə bəyanat verirdilər ki, bu məsələnin sülhdən başqa yolu yoxdur. O zaman ərazilərimiz işğal altında idi. Əgər bunun sülhdən başqa yolu yoxdursa, bəs o başqa yol nədir? Biz dəfələrlə Ermənistana sülh əlimizi uzatdıq ki, siz işğal olunmuş Azərbaycan ərazilərindən çəkilin, sülh müqaviləsi bağlayaq. Normal qonşuluq münasibətləri quraq. Amma Ermənistan buna getmədi. Ermənistanın havadarları 30 il ərzində status-kvonu saxlamaq istəyirdilər. Elə ki Azərbaycan müharibəni uddu və ərazilərini işğaldan azad etdi, nədənsə, bu, başqalarını narahat etməyə başladı. Təsəvvür edirsiz, indi də bizə deyirlər ki, o torpaqlarda İsrail nümayəndələri və terrorçular var.  Cənab Prezident doğru qeyd edib. Hanı sizin sübutunuz?! Yadımdadır, müharibə vaxtı Fransa da dəfələrlə bizə bəyanat verirdi ki, xarici ölkələrdən muzdlular gətirirsiz. Guya Suriyadan ya da hardansa. Cənab Prezident dedi ki, hanı sübutunuz?! Həmin vaxt da bir sübut belə tapa bilmədilər. İndi də həmin proses davam edir. Gorus-Qafan yolunun 21 km-ri Azərbaycanın suveren ərazisidir. Bunu Ermənistanın baş naziri etiraf edib. Ermənistanın Baş naziri bunu etiraf edirsə, o zaman sənə nə düşüb?! Niyə sənin maşınların Azərbaycanın icazəsi olmadan o yoldan keçir?! Xankəndi bu qədər böyük meqapolisdir ki, ora TIR-lar tonlarla ərzaq, yanacaq və daha nələr aparır?
Cənab Prezident Cəbrayıla səfər edəndə əlini Xudafərin körpüsünə uzadaraq, “bu, dostluq körpüsüdür” demişdi. Yəni biz həmişə İrana dostluq münasibəti bəsləmişik. Səmimiyyət gözəl şeydir, amma ikitərəfli olmalıdır. Prezidentimiz dostluq əlini uzadır, siz isə deyirsiniz ki, orada İsrail nümayəndələri var. İranın rəsmi şəxsləri, terrorçuların harada olduqlarını Siz də bilirsiniz. 


- İranın regionda çaxnaşma yaratması 30 milyonluq azərbaycanlının şimala birləşmə qorxusu ola bilərmi?

- Bu məsələyə münasibət bildirmək istəməzdim. Hər halda  İranın daxili işlərinə qarışmaq istəmirəm. Sadəcə, olan faktları söylədim. Hesab edirəm ki, əgər biz qonşu dövlətləriksə, hər zaman qonşuluq münsibətləri olmalıdır. Bu dövlətlər arasında çox gözəl münsibətlər qurulmalıdır. Ara-sıra münasibətlərdə soyuqluq olsa da, İrana hər zaman mehriban qonşu kimi yanaşmışıq. Bundan sonra da İranı mehriban qonşu kimi görmək istəyirik. Amma əvəzində nə görürük?! Təəssüf edirəm.


- Ziyafət müəllim, siyasətin ağırlığını mütaliə aradan qaldırır. Bu gün sosial şəbəkələr, informasiyaların bolluğu insanlarda kitab oxumaq vərdişini sanki unutdurub. Eyni halı sizə də aid etmək olarmi?

- Kitablara yetərincə vaxt ayırıram. Bakı Dövlət Universitetinin professoruyam. Orada dərs deyirəm. Konstitustsiya hüququ kafedrasının müdiriyəm. Yenə də mühazirələrimiz onlayn, seminarlarımız isə canlı olur. Çox arzulayıram ki, dünyanı bürüyən pandemiya bəlası başımızın üzərindən çəkilsin və tələbələrlə canlı ünsiyyətimizi, mühazirələrimizi davam etdirək. Tələbələr də müəllimləri üçün darıxıb. Əlbəttə, yaradıcılıq işimin əsas istiqamətlərindən biridir. Belə deyək, elmlə nəfəs alıram.


- Bir müəllim kimi gənclərimizdən nə dərəcədə razısız?

- Bütün gənclər haqqında danışa bilmərəm. Ona mənim ixtiyarım yoxdur. Amma sizə deyim ki, BDU-da istər bakalavr, istərsə də magistr təhsili alanlar arasında çox qabiliyyətli gənclər var. Xaricdə oxumağa gedən tələbələrimiz olub. Onların 21-nə zəmanət vermişəm. Hamısı da işıqlı gənclərdir. Onların bəziləri Amerika və digər Avropa ölkələrində qalıb elmi işlə məşğul olurlar. Xeyli hissəsi də ölkəmizin müxtəlif dövlət idarələrində fəaliyyət göstərir. Həmin gənclər hərdən Universitetə gəlir və söhbət edirik, keçmiş günləri xatırlayırıq. Millətin balası nə qədər savadlı olarsa, gücümüz o qədər çox olar. Güc təkcə silah deyil. Güc həm də beyindir. Bir tələbəm var, xarici ölkədə vəkil işləyir. Bir dəfə o, digər bir azərbaycanlı gənclə yanıma gəlmişdi. Biri o biri haqqında danışırdı. “Bilirsiz Ziyafət müəllim, bunun necə hörməti var?! Ən çətin işi olan insanlar bunun yanına gəlir”. Bu cür gənclər həm də Azərbaycan həqiqətlərini həmin ölkələrdə təbliğ edirlər. Həmçinin, diaspor işlərində fəaldırlar. Cənab Prezident sağ olsun ki, bu cür gənclərin xaricdə təhsil almalarına şərait yaradır.


- Parlamentdə sabiq spiker Oqtay Əsədovla yanaşı əyləşirsiniz. 5-ci çağırışda hər ikiniz sədarət kürsüsündə idiniz. Aşağı kürsüdən müşahidə etmək missiyası necədir?

- Oqtay müəllimlə 15 il yanaşı əyləşmişik. 15 il Oqtay müəllim Sədr olub, mən də 20 il müavin olmuşam. 5 il müavin 15 il isə birinci müavin. Həm də rəhmətlik Murtuz Ələsgərovun müavini olmuşam.  5 il də onunla işləmişəm. Milli Məclis seçkili orqandır. Bura xalqın evidir. Xalqın seçdiyi nümayəndələr burada oturub qanunları müzakirə edirlər. Burada kimin harada oturmasının mənim üçün elə bir önəmi yoxdur. İstər yuxarı kürsü olsun, istərsə də aşağı. Əsas odur ki, xalqın üçün orada yaxşı qanunlar qəbul edəsən ki, ondan istifadə edilsin və insanların rifahı daha da yaxşı olsun.


- Siz iki kişi Sədrin dövründə parlamentdə təmsil olunmusuz. Bu gün isə Milli Məclisin Sədri xanımdır. Xanımla işləmək çətin deyil ki?

- Əvvəla, qadın kadrların irəli çəkilməsi bizim dövlət siyasətimizin hər zaman prioritetlərindən biri olub. Parlament Sədri Sahibə Qafarova çox ziyalı xanımdır. Sahibə xanım parlament Sədri olmazdan əvvəl 10 il Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. Sahibə xanım Azərbaycanı xarici təşkilatlarda yüksək səviyyədə təmsil edib. Bu gün isə Sədr olaraq Milli Məclisi necə idarə etdiyini siz özünüz də görürsünüz. Hər şey çox yüksək səviyyədədir. Sahibə xanım dövlətimizə sadiq bir insandır. Ona görə də onunla işləmək çox xoşdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir