Modern.az

Qərbi Azərbaycan icmasında görüş

Qərbi Azərbaycan icmasında görüş

Aktual

18 Oktyabr 2021, 23:16

Oktyabrın 16-da Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının bir qrup keçmiş aktyorunun təşəbbüsü ilə onlarla Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının mərkəzi ofisində İcmanın rəhbərliyi ilə görüşü keçirilib

 

Modern.az xəbər verir ki, Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli görüş iştirakçılarını salamladıqdan sonra qonaqlara Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının fəaliyyəti və məramı barədə məlumat vermiş, soydaşlarımızın son iki yüz il ərzində mərhələlərlə doğma ocaqlarından qovulmasının heç bir hüquqa və ədalətə sığmadığını, onların, onların varislərinin ata-baba ocaqlarına qayıtmaq uğrunda mübarizə aparmaq haqqı olduğunu, hamının da bu mübarizəyə töhfə verməyə borclu olduğunu bildirdi.

 

Ə.Ələkbərli bu məsələdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının da üzərinə çox böyük vəzifələr düşdüyünü və bu teatrdan çox böyük gözləntiləri olduğunu bildirdi. Xüsusilə gənc nəslin Qərbi Azərbaycana qayıdış ruhunda tərbiyəsində teatr böyük rol oynaya bilər ki, indilikdə bu, teatrın repertuarında və tamaşalarında kifayət qədər hiss olunmur. İrəvan teatrında uzun illər işləmiş, bu teatrın simasını təşkil edən İrəvan əsilli tanınmış aktyorların, Azərbaycan Respublikasının Əməkdar və Xalq artistlərinin teatrdan uzaqlaşması da teatrın işinə öz mənfi təsirini göstərməmiş deyil. 

 

Əziz Ələkbərli İrəvan teatrında mövcud vəziyyətin bütün tərəfləri ilə müzakirə olunmasını, bu teatrın mövcudluğunun xüsusilə bu gün – 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın 30 illik işğaldan azad edilməsindən sonrakı dövr üçün siyasi əhəmiyyətini qeyd edərək teatrın inkişafı üçün açıq söhbətə ehtiyac olduğunu bildirdi. “Biz Qərbi Azərbaycanın bir parçası olaraq özümüzlə gətirdiyimiz Teatrımın taleyinə biganə qala bilmərik”, – deyə o bildirdi.

 

Görüşdə onillər boyu İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş aktyorları – bu teatrın onillər boyu aktyoru, 1988-ci ildən sonrakı qaçqınlıq dövründə isə uzun müddət direktoru olmuş Azərbaycanın Xalq artisti Vidadi Əliyev, Əməkdar artist Aydın Əliyev, Əməkdar artist Vaqif Kərimov, aktyor Əjdər Zeynalov və b. teatrın yenidən dirçəldilməsi, tarixi torpaqlarımızla bağlı milli ideologiyamıza xidmət baxımından yenidən formalaşdırılması barədə öz fikir və mülahizələrini bildirdilər.

 

Görüşdə əsasən İrəvan teatrının inkişafına mane olan amillər, İrəvan kökənli xeyli sayda aktyor və aktrisanın müxtəlif səbəblərlə teatrdan uzaqlaşdırılması, teatrın repertuarında İrəvana, Qərbi Zəngəzura, Göyçəyə və digər tarixi mahallarımıza qayıdış ideyasına xidmət edən əsərlərin yoxluğu və s. kimi məsələlər geniş müzakirə olundu. 

 

Görüşdə Qərbi Azərbaycan İcması sədrinin birinci müavini Mirfaiq Mirheydərli, aparat rəhbəri Abduləli Həsənov, sədr müavini Fəxrəddin Nəbiyev, Amasiya rayon icmasının sədri Ələsgər Məmmədov, professor Aslan Bayramov, Qasım Süleymanov və b. iştirak və çıxış etmişlər.

 

Yekunda teatrın əvvəlki simasının özünə qaytarılmasında və inkişafında hər bir vətəndaşımızın mənəvi məsuliyyətinin olması xüsusi vurğulandı və teatrın yenidən təşkili üçün müvafiq dövlət qurumlarına müraciət olunması qərara alındı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı