Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bp şirkətinin hədiyyə etdiyi qida təhlükəsizliyi laboratoriyasına dünya şöhrətli Türk molekulyar bioloq, kimya üzrə Nobel mükafatı laureatı Əziz Səncərin adının verilməsi münasibətilə xüsusi tədbir keçirilmişdir. Bu münasibətlə Professor Səncər fəxri qonaq qismində bp rəsmiləri ilə birgə tədbirə qoşularaq öz ürək sözlərini iştirakçılarla bölüşmüşdür.

Böyük alim demişdir: “Mənə göstərilmiş bu hörmət üçün hamıya təşəkkür edirəm. Azərbaycan-türk elminin inkişafında mənim də kiçik bir rolum olarsa, bundan yalnız şərəf duyaram. İnanıram ki, bp-nin hədiyyəsi olan bu laboratoriya tələbələrin daha yüksək bilik almaları və elmi fəaliyyətə yönəlmələri üçün gözəl imkan yaradır.”

 

Nobel mükafatçısının adını daşıyacaq elmi-tədqiqat obyekti bp-nin UNEC-in tədqiqat potensialının artırılması və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə universitetə bağışladığı üç laboratoriyadan biridir. Tam təchiz edilmiş müasir laboratoriyalar xüsusi olaraq qida təhlükəsizliyi, qida texnologiyası və ekologiya sahələrində universitetin araşdırma üzrə ehtiyacını qarşılamaq üçün nəzərdə tutulmuşdur. Bu fənlər universitetin müvafiq bakalavr və magistr proqramlarına daxildir ki, bu da UNEC-ə əmək bazarını yüksək ixtisaslı qida mütəxəssisləri ilə təmin etmək üçün imkan yaradır.

 

Professor Ədalət Muradov, UNEC-in rektoru, demişdir: “Bu bizim ən müasir laboratoriyamızdır. bp şirkətinə bizim üçün belə şərait yaratdığına görə təşəkkür edirik. Bu laboratoriyaya Əziz Səncər kimi böyük alimin adının verilməsi tələbələrimizi daha məsuliyyətli etməklə yeni elmi uğurlara səsləyəcək.”

 

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli:” bp-nin universitetə bağışladığı laboratoriyaya Nobel mükafatçısı Əziz Səncərin adının verilməsi UNEC-lə bərabər bütün bp Azərbaycan ailəsi üçün böyük bir şərəfdir. Bu həqiqətən də şirkətimizin ölkədə elmi-tədqiqat imkanlarının artırılması və təhsilin inkişafına verdiyi töhfələrin layiq görülə biləcəyi ən yüksək qiymətdir və biz bundan artığını arzulaya da bilməzdik. Mən böyük alim Əziz Səncərə və UNEC-ə bizə verdikləri bu yüksək şərəfə görə təşəkkür edirəm. İnanırıq ki, professor Səncərin adı bütün gənc alim və araşdırmaçılara ilham verəcək və onların daim yadına salacaq ki, əsl alim öz xalqına və dünya elminə necə xidmət etməlidir.”

 

Bu üç laboratoriyadan əlavə bp UNEC-in elmi-tədqiqat potensialını artırmaq məqsədilə 2022-ci ildə daha bir mühüm layihə həyata keçirməyi planlaşdırır. Laboratoriyaların yeni layihə ilə birlikdə ümumi dəyəri təqribən 500000 AZN-dir.

 

bp şirkəti Azərbaycanda 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 82 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

 

Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 96 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2300 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.