Modern.az

Fransada döyülən tələbələrdən ən son xəbər: “Hələ də şokdayıq”

Fransada döyülən tələbələrdən ən son xəbər: “Hələ də şokdayıq”

Aktual

2 Mart 2013, 13:17


Fransa Milli Assambleyasında Xocalı ilə bağlı Azərbaycan həqiqətlərini dediklərinə görə ermənilər tərəfindən döyülən Parisdəki “Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva məlum hadisə ilə bağlı son yenilikləri Modern.az saytının əməkdaşına danışıb. O bildirib ki, polisə hadisə ilə bağlı şikayət etsələr də, hələlik bunun nəticələri haqqında danışmaq çox tezdir. “Çünki hələ anket aparılmalı və başqa işlər görülməlidir. Bu çox uzun sürə bilər. Ona görə hazırkı vəziyyət haqqında heç nə deyə bilməyəcəyəm”.

Mirvari Fətəliyevanın sözlərinə görə, qarşı tərəfdən də hələ heç kim polisə çağırılaraq dindirilməyib. “Çünki bizə hücum edənləri tanıyıb göstərməliyik ki, onlar dindirilsin. Hələlik isə bu, baş verməyib. Ümumiyyətlə, burada bu proses çox uzun çəkir”.
M.Fətəliyeva çox yorğun olduğunu və hadisənin şokunu hələ yaşadığını bildirib. “Ona görə də hələlik prosesi izləyə bilmirəm, bu haqda mətbuatda yazılanları oxuya bilmirəm. Artıq nəyin nə olacağını zaman göstərəcək”.

Qeyd edək ki, Fransa Milli Assambleyasının binasında “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” mövzusunda yığıncaq keçirilib. Yığıncaqda “Sumqayıt hadisələri” zamanı “həlak” olan ermənilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərkən orada iştirak edən Parisdəki “Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov ayağa qalxmayıblar. M. Fətəliyeva və V. Hüseynovun əsl genosidin – Xocalı faciəsinin məhz bu gün baş verdiyini bəyan etmələri erməniləri qəzəbləndirib və onlar hər iki azərbaycanlını möhkəm döyərək ağır bədən xəsarəti yetiriblər.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı