Modern.az

“Ağsaqqallara əməkdaşlıq təklif edirəm” - Ağbirçəklər Şurasının sədri - MÜSAHİBƏ

“Ağsaqqallara əməkdaşlıq təklif edirəm” - Ağbirçəklər Şurasının sədri - MÜSAHİBƏ

5 Mart 2013, 14:34

Zərifə Quliyeva: “Bəyəm ərini itirən dul qalmalıdır?!”

Bu yaxınlarda ölkədə Ağbirçəklər Şurasının yaradılması vacibliyi ilə bağlı çıxışlar oldu. Bəyanat müəllifi, hələlik fəaliyyəti paytaxtın Nəsimi rayonu ilə məhdudlaşan Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva Modern. az-a müsahibəsində də sözügedən ictimai qurumun yaradılmasının zəruriliyini vurğulayıb. 

– İxtisasca həkiməm, uzun müddət Nəsimi rayon Səhiyyə şöbəsinin müdiri olmuşam. Orada işlədiyim müddətdən indiyədək Ağbirçəklər Şurasının sədriyəm. Eyni zamanda Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin üzvüyəm. Əslində 2008-ci ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi rayonlarda Ağbirçəklər Şurasının yaradılması ilə bağlı sərəncam verib. Bizim şuralarda savadlı, ziyalı qadınlarımız toplanıb, iclaslarımız, görüşlərimiz olur. Bu görüşlərin indiki cavanlara da böyük xeyri var.

Sizin şurada “Qocalar Evi”ndən olan ahıllar da varmı?

– Yox, sadəcə biz onların görüşlərinə gedirik. Onlar qapalı mühitdə yaşayırlar, şura üzvü ola bilməzlər.

– Ölkə miqyaslı Ağbirçəklər Şurası nə vaxtdan fəaliyyətinə başlayacaq?

– Dəqiq tarix hələ bəlli deyil. Amma düşünürəm ki, respublika üzrə mərkəzimiz olsa, problemlər daha tez həlli yolunu tapar. Bu cəmiyyətin öz nizamnaməsi, komitəsi, funksiyaları, əmri, göstərişi olacaq.

– Şuranızda tanınmış şəxslər varmı?

– Akademik Adilə Namazova və digər tanınmış xanımlar.

– Ağbirçəklər Şurası yaradıldıqdan sonra Ağsaqqallar Şurası ilə münasibətlər necə olacaq?

– Hələ ki, Ağsaqqallar Şurasından heç bir təklif gəlməyib. Ola bilsin ki, onlar da öz təkliflərini irəli sürəcəklər.

– Sizin üzvlərinizin minimal yaş həddi neçədir?

– 45.



– İclaslarınızda ənənəvi problem olan gəlin-qaynana, tərk edilmə kimi məsələlərə toxunulurmu?

– Əlbəttə, Şurada tədbir olanda gündəlik mövzular müəyyənləşdirib, müzakirə etməyə çalışırıq.

– Necə bilirsiniz, gəlin-qaynana münasibətləri qlobal məsələdir? Bunu nə psixoloqlar, nə sosioloqlar həll edə bilirsə, Şuranız problemə necə çarə qılır? Olurmu ki, gəlinləri və qaynanaları bir araya gətirib söhbət edəsiniz?

– Bu günlərdə Xoşqədəm Hidayətqızının proqramında bu mövzu ilə əlaqədar ekspert kimi çıxış etdim. Şuramızda da gəlin-qaynana anlaşmazlığı ilə əlaqədar 3 məsələni həll etdik. Onlar arasında barışıq oldu. Mən xoşlayıram ki, cavanlar ərköyünlüklərini bir kənara qoysunlar. Elə ailələr tanıyıram ki, gəlin qaynananı çox incidib, ayrılıb, sabah həmin hadisə özünün başına gəlib. Mənim kitablarımda həyati məsələlər var, gənclərə məsləhətlərimi vermişəm. Çünki belə anlarda obyektiv olmağa çalışıram.

– Adətən, ər rəhmətə gedəndə qadın düşünür ki, bununla da həyat bitdi. Ağbirçəklər Şurasında necə, gələcəkdə belə bir nümunə olacaq ki, üzvünüz olan ağbirçək xanım Ağsaqqallar Şurasından olan ağsaqqalla ailə həyatı qursun?

– Kimsə ərini itiribsə, bu o demək deyil ki, dörd divar arasında yaşamalıdır, dul qalmalıdır. Mən razı olmaram ki, 40-45 yaşına qədər ailəsini itirən adam ömrünü tək başa vursun. Biz “Qocalar Evi”nə gedəndə də bunun şahidi olmuşuq ki, övladlar valideynlərini atıb, kişi və qadın tək qaldığı üçün orada özlərinə bir həyat qurublar. Hətta onları  təbrik edib öz hədiyyələrimi vermişəm. Amma bütün bunlarla yanaşı, televiziyada olan evlilikləri qəbul etmirəm. Çünki 9 milyon qarşısında evlənmək olmaz. 

Qadınlardan yaş soruşmazlar, amma gəlin o ənənəni pozaq. Çünki Ağbirçəklər Şurasının sədri kimi çox cavansınız...

Başa düşdüm nəyi nəzərdə tutursunuz. Mənim 60 yaşım var. Bəlkə də işləmək insanı cavan saxlayır. Bunu çox adam mənə deyir.

– Yaşlıların vaxtlarını yaxşı keçirmələri üçün hansı planlarınız var?

– Ağbirçəklərə kiçik bir tədbir təşkil edəndə belə, onların sevinci daha böyük olub. Novruz bayramı ərəfəsində tədbir keçiriləndə biz onları da aparırıq, sanki onların ömrünə bir neçə il əlavə olunur. Xoş təəssüratla qayıdırlar. Bu da bizi sevindirir. Gələcəkdə də belə planlarımız olacaq.

– Deyirlər, insanlar 2 dəfə uşaq olur: bir doğulanda, bir də qocalanda. Yəqin ki, yaşlı ”uşaqların” şıltaqlıqları çox olur?

– Əlbəttə, bir-birlərinə o qədər oxşayırlar ki! Adi bir sözdən belə inciyirlər. Tədbirlər bir az gecikəndə deyirlər ki, deyəsən, yenə unudulduq. Onlar daim diqqət mərkəzində olmaq istəyirlər.

– Ağbirçəklər Şurasının sədri kimi Ağsaqqallar Şurasına təklifiniz varmı?

– Birgə iş aparılsa, daha yaxşı olar. Təəssüf ki, öz tədbirlərinə bizlərdən heç kim ora dəvət etmədilər. Təklif edirəm ki, ortaq, birgə çalışaq. Və sonda Fəttah Heydərovu da “Şöhrət” ordeni alması münasibəti illə də təbrik edirəm.







Ulduz İbrahimova
Şahanə Rəhimli

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı