Modern.az

Demokratik Qüvvələrin Məşvərət Məclisi bir sıra tələblər irəli sürdü

Demokratik Qüvvələrin Məşvərət Məclisi  bir sıra tələblər irəli sürdü

5 Mart 2013, 17:31

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) növbəti yığıncağı keçirilib.

DQMM-nin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, yığıncaqda Elşad Musayev (BAP), Əvəz Temirxan (ALP), Tahir Abbaslı (İDP), Fuad Əliyev (ALDP), Əhməd Oruc (Azadlıq Partiyası), Rəşad Bayramov (AMİP), Vaqif Mahmudov(ACP), Bəybala Əbil (KXCP), Həsən Həsənov (AAP), Xanoğlan Əhmədov (Aydınlar Partiyası) və Taliyət Əliyev (ADP) iştirak ediblər.

KXCP Ali Məclisinin sədri Bəybala Əbilin sədrliyi ilə keçirilən yığıncaqda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib.

Məşvərət Məclisinin (MM) ötən iclaslarda qəbul edilmiş qərarlarının icra vəziyyəti ilə bağlı verilən arayışlar nəzərə alınıb.

MM-də ictimai-siyasi vəziyyət müzakirə edilərək, son vaxtlar Azərbaycan Silahlı Qüvvələrində baş verən əsgər ölümləri, Fransa Milli Assambleyasında (FMA) erməni icması nümayəndələri tərəfindən azərbaycanlı tələbələrin vəhşicəsinə döyülməsi, Qarabağ Forumunun və DQMM Nümayəndələr Palatasının növbəti yığıncaqlarının keçirilməsi ilə bağlı qərarlar qəbul edilib.

DQMM orduda baş verən əsgər ölümlərinin uzun illər davam etməsindən ölkə ictimaiyyətinin narahatlığının getdikcə artdığını, gənclərin, valideynlərin etiraz aksiyalarına, ziyalıların çağrışlarına hakimiyyət orqanlarının biganə münasibətinin sosial partlayışa səbəb ola biləcəyini bildirərərəkölkə rəhbərliyindən son vaxtlar orduda baş verən əsgər ölümləriylə əlaqədər ictimaiyyətə açıqlama verməsini tələb edib.

MM FMA-da erməni icması nümayəndələri tərəfindən azərbaycanlı tələbələr Mirvari Fətəliyeva və Vüsal Hüseynovun vəhşicəsinə döyülməsini pisləyib, insan haqlarının təməl prinsiplərinin yaranmasında əhəmiyyətli rolu olan bir ölkənin ali qanunverici orqanının binasında baş vermiş hadisənin heç bir dövlətə başucalığı gətirmədiyini qeyd edərək, Fransa hakimiyyət orqanlarından hadisənin araşdırılmasını və bu vəhşiliyi törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

MM qəbul edilmiş qərarlara uyğun olaraq, 15 mart saat 12.00 tarixində KXCP-nin mənzil-qəragahında, ziyalıların, siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Qarabağ Forumunun keçirilməsini məqsədəuyğun hesab edib.

Məşvərət Məclisi DQMM Nümayəndələr Palatasının növbəti yığıncağının mart ayının sonunda keçirilməsini qərara alıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı