Modern.az

Həbsdə olan NİDA-çılarla bağlı AÇIQLAMA

Həbsdə olan NİDA-çılarla bağlı AÇIQLAMA

Aktual

25 Mart 2013, 11:50

Nida Vətəndaş Hərəkatı həbsdə olan üzvləri ilə bağlı növbəti dəfə bəyanat verib. NİDA-nın mətbuat xidmətindən Modern.az- daxil olan məlumatda bildirilir ki, 7 mart 2013-cü il tarixində Nida Vətəndaş Hərəkatının tutulan 3 üzvü - Əzizov Məmməd Rasim oğlu (11.08.1992), Quliyev Bəxtiyar Səməndər oğlu (25.02.1993) və Novruzlu Şahin İbrahim oğlunun (16.09.1995) və 14 mart 2013-cü il tarixində oğurlanmış Nida Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Rəşad Həsənov bu ana qədər həbsdədirlər.

Baş Prokurorluğun ilk açıqlamasında Bəxtiyar Quliyev və Şahin Novruzluya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 228.1. (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı
(yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), Məmməd Əzizova isə 234.1. maddələri ilə ittiham irəli sürülüb. Daha sonra Bəxtiyar Quliyev və Şahin Novruzluya eyni zamanda 14 martda həbs olunmuş Rəşad Həsənova AR CM-nin 228.3-cü (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Həbs olunan 4 Nida üzvü barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Rəşad Həsənov, Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlu həbs olunarkən onların hüquqları kobudcasına pozulub. Onların harada saxlanması barədə məlumatlar həbsdən yalnız bir neçə gün sonra bilinib. Müdafiə hüquqları təmin olunmayıb. Bu müddətdə onlar vəkillərlə yalnız məhkəmədə bir neçə dəqiqəlik görüşə biliblər. Hal-hazırda həbs olunan nidaçılar Kürdəxanı istintaq təcridxanasında saxlanılırlar və hələ də vəkilləri onlarla görüşə bilməyiblər.

Qeyd olunub ki, 9 mart tarixində Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzlunun telekanallarda “etiraflar”ı yayılıb. Həmin “etiraflar”ın hansı formada alındığı çox şübhəlidir. Eyni zamanda telekanallarda bir neçə gün dalbadal Nida Vətəndaş Hərəkatının ünvanına böhtanlar səslənib, ancaq müraciətlərə baxmayaraq bu böhtanlara cavab haqqı tanınmayıbdır.

Beynəlxalq hüquq müdafiə təşkilatı olan “Amnesty İnternational” Nida Vətəndaş Hərəkatının həbsdə olan üzvlərini vicdan məhbus kimi tanıyıb və Azərbaycan hakimiyyətini onların 4-nü də təcili və qeyd-şərtsiz azad etməyə, işgəncə və zorakılığa məruz qalmamaları, tibbi yardım, ailə üzvləri və vəkillərlə görüşünə təminat yaratmağa çağırıb.

Bundan başqa 18 mart 2013-cü il tarixində Nida Vətəndaş Hərəkatının İdarə Heyəti üzvləri Üzeyir Məmmədli və Aygün Pəncəliyeva Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə şahid qismində ifadə vermək üçün çağırılıblar. Yalnız Üzeyir Məmmədlidən ifadə alınmağa başlanıb və bayram günləri ilə əlaqədar ifadələr təxirə salınıb.

Rəsmi iş günləri başlayandan sonra ifadə alınma prosesinin davam etməsi gözlənilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı