Modern.az

Azərbaycanda uzunömürlülərin sayı 305 nəfər azalıb

Azərbaycanda uzunömürlülərin sayı 305 nəfər azalıb

Ölkə

14 Yanvar 2014, 16:08

Vaxtilə uzunömürlülər diyarı kimi tanınan Azərbaycanda indi nadir hallarda 100 yaşını keçən insana rast gəlmək olur. Rəqəmlər də son 5 ildə 100 yaşlıların sayının azaldığını göstərir. Dövlət Statistika Komitəsi mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, əhalinin son siyahıya alınmasında yaşı 100 olan ahılların sayı 305 nəfər azalıb.

Belə ki, 2009-cu il siyahıyaalınmasının yekunlarına əsasən, ölkədə 100 və yuxarı yaşda olan şəxslərin sayı 1143 nəfər idisə, artıq bu rəqəm xeyli aşağı düşüb. 2009-cu ildə 100 yaşını keçmiş şəxslərin 8,7 faizini, yəni 100 nəfəri – kişi, 91,3 faizi, yəni 1043 nəfərini – qadınlar təşkil edib.

2013-cü ildə uzunömürlülərin sayı bir qədər də azalıb. Aparılan statistikaya görə, ötən il 100 və yuxarı yaşda olan şəxslərin sayı 838 nəfər olub. Uzunömürlülər siyahısına isə daha çox qadınlar düşüb. Belə ki, onların 24 nəfəri kişi, 814 nəfəri qadındır.

Bulaq suyundan içib, dağ havasını ciyərlərinə çəkən uzunömürlülər isə daha çox rayonlarda məskunlaşıb. Nəvə, nəticə, hətta kötükcə sevənlərin çoxu Tovuz, Ağdam, Tərtər və Gədəbəy rayonlarında üstünlük təşkil edir. Dağ havası udmasalar da şəhərdə də uzunömürlülərə az deyil. “Kim ki, yüz il yaşamadı günah onun özündədir”, – deyənlər paytaxtda nə az, nə çox 50 nəfərdən çoxdur.

Bakı şəhəri üzrə isə 100 və yuxarı yaşda olan şəxslərin sayı 56 nəfərdir. Şəhərin bütün çətinliklərinə sinə gərib uzun ömür sürənlərin hamısı qadınlardır.

Onu da qeyd edək ki, yaşlılarla bağlı məcmuə sonuncu dəfə 1999-cu il əhali siyahıyaalınmasının yekunları əsasında işlənilərək dərc edilib. Daha sonra bu kimi məcmuə işlənilməyib və Dövlət Statistika Komitəsi yaşlıların adbaad siyahısı ilə bağlı məlumatlara malik deyil.

Gültəkin ƏLƏSGƏR

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi