Modern.az

Azərbaycanın “Eurovision 2014”dəki təmsilçisi: “Bu iş yalnız mənim adımla bağlı deyil” - MÜSAHİBƏ

Azərbaycanın “Eurovision 2014”dəki təmsilçisi: “Bu iş yalnız mənim adımla bağlı deyil” - MÜSAHİBƏ

Aktual

4 May 2014, 16:26

“Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil etməkdən qürur duyuram. Ölkəmizi “Eurovision” mahnı müsabiqəsində layiqincə təmsil etmək və mənə olan ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Azərbaycan bu müsabiqəyə uğurla ev sahibliyi etmiş, xarici qonaqları, sözün həqiqi mənasında, heyrətləndirməyi bacarmışdır”.
Modern.az saytı xəbər verir ki, bu fikirləri Azərbaycanı “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova AzərTAc-ın Danimarkaya ezam olunmuş müxbirinin suallarını cavablandırarkən deyib.
 
- Əvvəla, sizə uğurlar arzu edirik. Artıq iki məşqiniz geridə qaldı. Səhnə sizə necə təsir bağışladı?

- Komandamız səylə məşqlər edir. Səhnə mənim çox xoşuma gəldi. Səhnədə mənimlə bərabər 28 metr hündürlükdə xanım akrobatik hərəkətlər edir. Məşqlərimiz gözlədiyimdən də yüksək səviyyədə davam edir. Artıq yarımfinal mərhələsində çıxış etməyə tam hazıram. Düşünürəm ki, ifa etdiyim mahnı və səhnədə yaratdığım obraz insanları bizə səs verməyə həvəsləndirəcəkdir. Mən münsiflər heyətinin qərarı nəticəsində “Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək hüququ qazanmışam. Bu, mənim üçün böyük məsuliyyətdir. Düşünürəm ki, bu müsabiqə özümü sübut etmək, gələcək karyeram üçün bir şansdır.
Təbii ki, bu iş yalnız mənim adımla deyil, ölkəmlə bağlı olduğu üçün səhnədə bunun həyəcanını daha çox hiss edirəm. Çünki bu, xalqımın mənə olan ümidlərini doğrultmaqdan irəli gələn həyəcandır.

- Bu möhtəşəm səhnədə Azərbaycanı təmsil edərkən hansı hissləri keçirirsiniz?

- Hər bir müğənni öz üzərində ciddi çalışmalıdır. Bu möhtəşəm səhnədə olmaq unudulmaz hissdir. Səhnə çox gözəldir. Xoreoqrafiya bir-birini tamamlayır. Azərbaycanın nüfuzu bütün dünyada gündən-günə artır. Bu mənada bu il mənim üzərimə belə bir məsuliyyət düşdüyünə görə fəxr edirəm.

- Sizcə, mahnınızı və verəcəyiniz mesajı ən çox hansı ölkələr dəstəkləyəcəkdir? Ən yüksək 12 xalı hansı ölkələrdən gözləyirsiniz?

- Təbii ki, hər bir ölkədən mənə yüksək xalın gəlməsini gözləyirəm. Bildiyiniz kimi, bu müsabiqədə qonşu ölkələr bir-birilərinə səs verirlər. Lakin yarışmadan yaxşı nəticə gözləyirəm. İnanıram ki, ölkəmiz müsabiqədə layiqli yerə sahib olacaqdır.

- Sizin favoritiniz hansı ölkələrdir?

- Builki yarışmada çox güclü mahnılar və səhnə performansları vardır. Favoritlərin adını çəkmək mənim üçün çətindir. Təbii ki, hər bir iştirakçı müsabiqəyə qalib olmaq üçün qatılır. Mənim favoritlərim arasında Litva, Macarıstan, Fransa, Polşa təmsilçiləri vardır.

- “Eurovision” mahnı müsabiqəsi ilə bağlı bir məqam da bu şounun tarixi ənənəsi ilə bağlıdır. Sizcə, builki şou əvvəlkindən nə ilə fərqlənir?

- Artıq müsabiqə həyəcanı başlamışdır. “Eurovision” mahnı müsabiqəsinin özəlliklərindən biri yarışmanın məhz qalib olan ölkədə keçirilməsidir. Bu mötəbər tədbirdə ölkənin mədəniyyəti, ab-havası, məişəti, xalqın milli mənəvi dəyərləri özünü göstərir. İki il öncə ölkəmiz bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etmişdir. Bu mənada “Eurovision” müsabiqəsi özündən əvvəlkilərdən bir çox özəllikləri ilə seçildi. Builki müsabiqə isə Avropa ölkəsində təşkil olunmuşdur.

- Ölkəmizin bu il finalda iştirakını necə qiymətləndirirsiniz?

- Jurnalistlərin və “Eurovision” fanatlarının səsverməsinə əsasən, ölkəmiz hazırda beşinci yerdədir. Azərbaycanın final mərhələsinə çıxacağına tam əminəm. Hesab edirəm ki, özümü tamaşaçıya daha yaxşı təqdim edə bilsəm, uğur qazanacağam.
Ölkəmizə bu il maraq daha çoxdur. Bu, həm Mətbuat Mərkəzində, həm də ümumiyyətlə, şəhərə gələn qonaqlar arasında hiss edilməkdədir.

- Azərbaycanın “Eurovision-2014” mahnı müsabiqəsində qələbə qazanmaq şansı vardır. Bu qələbəyə hazırsınızmı?

- Qalib gəlsəm, çox şad olardım. “Eurovision” mahnı müsabiqəsinin yenidən ölkəmizdə çox yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhəmiz yoxdur. Avropa Yayımları Birliyinin uzun illər “Eurovision” mahnı müsabiqəsinə rəhbərlik edən şəxsləri, eyni zamanda, qurumun Məşvərət Qrupu layihənin icrasının bütün mərhələlərində Azərbaycanın bu yarışmaya yüksək səviyyədə ev sahibliyi etməsi ilə bağlı öz fikirlərini bildirmişlər.

- Builki yarışmada romantik balladalar üstünlük təşkil edir. Sizin bu ölkələrdən fərqli cəhətiniz nədir?

- Xoşbəxtlikdən bizim mahnı yalnız sevgidən bəhs etmir. Bizim musiqinin fərqli cəhəti mahnının insanları güclü sosial çağırışa, birliyə səsləməsidir. Hər bir kəs dəyişiklik etmək üçün ilk növbədə, özündən başlamalıdır. Mahnıda adi qığılcımın böyük bir alov yarada biləcəyindən söhbət açılır. Biz bu mesajla çox şeylərə nail ola bilərik. Mahnının mesajı insanların bir-birinə diqqət və qayğı ayırması barədədir. İnsanları yaxşılıq etməyə alışdırmaq lazımdır. İnsan gələcəyə doğru irəliləsə də keçmişdə yaşadıqlarından dərs almağı unutmamalıdır. Mən əminəm ki, yaxşılıq zəncirvari reaksiyadır. Kiməsə yaxşılıq etdiyin təqdirdə həyatın sənə yaxşı davranacağını gözləyə bilərsən. Buna inanmaq lazımdır. Gəlin, dünyamızı özümüz üçün gözəlləşdirək.

- Yarımfinal ərəfəsində dünya azərbaycanlılarına nə demək istərdiniz?

- Bütün dünya azərbaycanlılarından dəstək gözləyirəm. Bilirəm ki, hər kəsin ürəyi mənimlədir. Özümə çox güvənirəm və inanıram ki, biz yenidən qalib olacağıq. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır