Modern.az

Siyasi partiyalar Ollandın səfəri HAQDA: “Əlimizi bala batırsaq da “yaşasın Ermənistan!” deyəcək”

Siyasi partiyalar Ollandın səfəri HAQDA: “Əlimizi bala batırsaq da “yaşasın Ermənistan!” deyəcək”

13 May 2014, 11:45


Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərinin perspektivləri ilə Modern.az saytı mövqeləri öyrənib.

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Fransa dövlət başçısının Bakıya səfəri elə də mühüm əhəmiyyət daşımadı və bundan sonrakı proseslərə müsbət töhfə verməyəcək.
“Fransanın keçmiş prezidenti Nikola Sarkozi də Azərbaycana səfər edib. Dövlət başçılarının səfərləri problemlərin həllində dönüş yarada bilmir. Azərbaycan Ollanda Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqenin yanlış, beynəlxalq hüquqa zidd olduğunu açıq şəkildə bəyan etmədi. Sual olunmalı idi ki, Qarabağ müharibəsində Rusiya Ermənistana yardım edəndə Fransa niyə Azərbaycana dayaq olmadı? Bütün bu məsələlər qaldırılmalı və tarixə yeni aspektdən baxmaq lazım idi. Fransanın Azərbaycanla bağlı siyasi mövqeyində ciddi dəyişikliyə ehtiyac var. Fransa prezidenti səfəri zamanı Azərbaycanla iqtisadi əlaqələrin inkişaf etdirilməsindən danışdı. Amma bir kəlmə də olsun, Minsk Qrupunun həmsədri kimi Fransanın Azərbaycana münasibətinin dəyişilib-dəyişilməyəcəyindən söz açmadı. Ollandın Bakıya gəlməsini mühüm əhəmiyyətli nəticələrə gətirib çıxaran səfər kimi dəyərləndirmirəm”.

ASDP sədri Araz Əlizadə də müsbət mənada hər hansı dəyişikliyin olmayacağını bildirib. Onun sözlərinə görə Fransa prezidentinin Bakı səfərini müsbət proqnozlara kökləmək düzgün deyil. “Fransanın Qarabağ problemi ilə bağlı mövqeyində heç bir dəyişiklik olmayacaq. Deyirlər qurdu nə qədər yedizdirsən, o yenə meşəyə baxacaq. Fransa Ermənistanla dostdur, onu dəstəkləyir və bundan sonra da belə olacaq. Biz əlimizi bala batırıb Fransaya dadızdırsaq, yeyəndən sonra yenə deyəcəklər ki, “yaşasın Ermənistan!”. İqtisadi əlaqələrə gəlincə, bu, birinci növbədə Fransanın özünə sərf edir. Fransa bilir ki, Azərbaycan dayanıqlı ölkə olduğundan bura qoyduğu sərmayələr batmayacaq”.

AXCP sədrinin müavini Razi Nurullayev deyir ki, Fransa prezidentinin müxalifət liderləri Əli Kərimli və İsa Qəmbərlə görüşməsi Azərbaycan müxalifətinin tarixində yeni bir səhifə açdı.

“Təbii ki, hər zaman müxalifət görüşə hazır olub, amma ölkəyə gələn prezidentlər Azərbaycan iqtidarının sərt reaksiyasından narahatlıq keçirərək və əlavə problemlər yaratmamaq xatirinə görüşmək istəməyiblər. Ola bilsin ki, başqa səbəbləri də olub.

Lakin, Fransa prezidenti Fransua Ollandın bu addımı ciddi bir səhifə açmaqla yanaşı, həm də bundan sonra ölkəyə gələn Qərb dövlətlərinin də müxalifətlə davamlı olaraq görüşməsinə imkan yaradacaq. Belə demək olar ki, buz sındı...”.
R.Nurullayevin sözlərinə görə, Avropa Birliyinin Azərbaycanın avrointeqrasiyasına marağı daha da artıb.
“Bu artımın fonunda onlar Azərbaycanın demokratikləşməsi üçün daha ciddi addımlar atmaq, Azərbaycan iqtidarı ilə daha sıx danışıqlar aparmaq və ölkədə iqtisadi və siyasi islahatların tezləşməsi sahəsində təzyiqlərini artıracaqlar. Demək olar ki, Azərbaycan günü-gündən Avropaya daha çox bağlanır, iqtisadiyyatı Avropaya daha çox bağlanır və buna görə də Azərbaycanın da yan qaçmaq üçün meydanı azalmaqdadır.

Bu hansı şərtləri ortaya qoyur?

Birincisi, Azərbaycana ölkənin qanunvericiliyini, iqtisadiyyat və siyasətini Avropa standartlarına uyğunlaşdırmaq üçün daha ciddi köməkliklər göstəriləcək;

İkincisi, Avropanın sözü və siyasəti keçərli olduqca, müxalifət partiyaları güclənməkdə davam edəcək və təbii ki, demokratikləşmənin önündə gedən qüvvəyə çevrilmək şansı yaranır;

Üçüncüsü, Azərbaycan Avropa institutlarına inteqrasiya etməkdə davam edir, Avropa Birliyinin imkanları yavaş-yavaş gənclərin, QHT-lərin, ziyalıların və elm adamlarının üzünə açılır. Avropa birliyinin 80 milyard avro büdcəsi olan və əlavə olaraq özəl sektordan da 40 milyard avro vəsait toplamağı hədəfləyən "Horizon 2020" artıq Azərbaycanlıların da üzünə açılıb.

Dördüncüsü, Avropa Birliyi öz ədət-ənənəsinə sadiq qalmağı və örnək olmağı da sübut etmək niyyətindədir. Ona görə də, yəqin ki, müxalifətlə də görüşlərini artan xətt üzrə davam etdirməyi planlaşdırır”.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?