Modern.az

Politoloq: “Bu seçki Ukraynanın gələcək taleyi üçün çox önəmlidir”

Politoloq: “Bu seçki Ukraynanın gələcək taleyi üçün çox önəmlidir”

Aktual

22 May 2014, 15:33

Ukraynada mayın 25-də keçiriləcək növbədənkənar prezident seçkiləri ölkənin gələcək taleyi baxımından çox önəmlidir. Politoloq Elman Nəsirov Modern.az-a Ukraynadakı seçkiərəfəsi situasiya və mayın 25-də sonra baş verə biləcək proseslərlə bağlı proqnozlarını açıqlayıb:

“Öncə onu qeyd edim ki, mayın 25-də Ukraynada keçirilən prezident seçkilərilə bağlı ölkədə təhlükəsizlik baxımından da son dərəcə ciddi tədbirlər görülür. Həmin gün müxtəlif təxribatlara yol aça biləcək hadisələrin baş verməməsi daha vacibdir. Ukrayna Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, artıq hazırlıq işləri yekunlaşıb və xalqın seçimini gözləyirlər. Təbii ki, bu, Ukrayna tarixində son dərəcə önəmli bir dövrə təsadüf edir. Çünki faktiki olaraq Ukrayna dövləti ciddi siyasi qarışıqlıq dövrünü yaşayır. Belə ki, ölkənin ərazi bütövlüyünə ciddi təhlükə yaranıb, Krım əldən gedib. Ölkənin cənub-şərq hissəsində də seperatizm dalğası davam edir və getdikcə daha da güclənməkdədir. Seçkilər bu cür reallıq fonunda keçirilir. Təbii ki, xarici qüvvələr, əsasən də Rusiya bu seçkilərə ciddi yanaşırlar. Brüsseldə, Vaşinqtonda da bunun fərqindədilər ki, seçki prinsip etibarilə Ukraynanın sonrakı taleyini müəyyən edəcək. Bilirsiniz ki, artıq Beynəlxalq Valyuta Fondu nə az, nə çox, düz 17 milyard, ABŞ isə 1 milyard dollar Ukraynaya kredit ayırıb. Eyni zamanda Avropa İttifaqı da təxminən 3 milyarda yaxın kredirt ayrılması ilə bağlı mövqeyini bildirib. Bu reallıqlar fonunda görünür ki, qərbdən həm maddi, həm də siyasi dəstək var. Bu həm də ona işarədir ki, Qərb bu seçkilərdə məhz qərb yönümlü, Avropa dəyərlərini paylaşan, Avropaya inteqrasiya yolunu seçən, Avropa İttifaqı üzvü olmaq hədəfini özü üçün müəyyən edən qüvvələrin hakimiyyətə gəlməsində maraqlıdır. Ən son proqnozlara görə bu potensiala malik şəxs Pyotr Poroşenkodur. O, biznes adamıdır, həm də son sosioloji sorğulaınr nəticəsinə görə seçkidə qalib gəlmək ehtimalı yüksəkdir. Eyni zamanda, o da məlumdur ki, Poroşenko qərb yönümlü siyasətin tərəfdarıdır. Təbii ki, Moskva seçkidə onun qalib gəlməsini istəmir. Bu nöqteyi-nəzərdən Poroşenkonun qalib gəldiyi təqdirdə Ukraynaın hədəfləri birmənalı olacaq. Belə ki, Avropaya inteqrasiya planları önə keçəcək”.

“Bu seçimin özü Ukraynanın ərazi bütövlüyünün bərpasına gətirib çıxaracaqmı” sualına isə politoloq belə cavab verib:

“Subyektiv yanaşmamı bildirim, Poroşenko hakimiyyətə gəldikdən sonra ən mühüm hədəfi, eyni zamanda Qərbin də dəstəyi ondan ibarət olacaq ki, ölkənin cənub-şərqindəki separatizmin qarşısı kəskin şəkildə alınsın və bu problem həllini tapsın. Bunu bərpa edib, Ukrayna möhkəmləndikdən sonra Krım növbəti mərhələnin məsələsi olacaq. Paralel şəkildə həm Krım, həm də cənub-şərqdəki problemlərin həlli ilə bağlı fəaliyyət, hesab edirəm ki, səmərəli olmayacaq. Bu perspektivli ola da bilməz. Problemər mərhələli həll olunmalıdr. Düşünürəm ki, Krımın Cənubi Osetiya və Abxaziyanın taleyini yaşama ehtimalı böyükdür. Çünki 2008-ci ilə qədər Cənubi Osetiya və Abxaziya Gürcüstana indikindən daha çox meylli idi”.

Ayşən Mönsümlü

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır