Modern.az

İnsan ömrü nəyə sərf olunur?

İnsan ömrü nəyə sərf olunur?

26 Mart 2015, 19:42

filologiya üzrə elmlər doktoru,
professor

İnsan ömrü nəyə sərf olunur? Görəsən bunun barəsində hər bir kəs fikirləşirmi? Birisi yüngül həyat sevincləri ilə yaşayır. Birisi səadət axtarmaq üçün səhərdən axşama qədər işləyir, planlar cızır. Birisi xəyallarda öz gələcəyini axtarır. Birisi yeyib-içir, yatır. Birisi mümkün olmayanı arzulayır. Birisi mümkün olmayan nəyinsə istəyində olur. Birisinin bəxti gətirir. Birisi… Birisi… Birisi… Birisinin isə heç dünya vecinə deyil, həyatdan öz payını götürür. İstədiyini və arzuladığını o dəqiqə alır. İmkan vermir ki, istəyinin üstündən zaman, vaxt keçsin. Ancaq dünyada elə bir qanun yoxdur ki, hər bir kəsin öz qəribəliyini tənzimləsin. Bizim hər birimiz nəyi biliriksə, elə onu da bilirik… Bilmədiklərimiz barədə düşünmürük. Əksər vaxt öyrəndiklərimiz və öyrənmək istədiklərimiz bir parça çörək qazanmağa xidmət edir. Bu isə elə bir ov tələsidir ki, həmin tələyə hər an düşmək mümkündür. Ov tələsi bizi hər an gözləyir. Hər birimiz tələyə necə çörək qoyulduğunu görmüşük. Və tələ yiyəsinin o çörəyə gələni tutduğunu da görmüşük. Ona görə də tələyə düşməmək üçün bizə verilən çörəkdən də ehtiyatlı olmalıyıq. Yəqin ki, çox görmüsünüz: balıq ovunda qarmağa qurdu keçirib suya atırlar. Bu qurdu yeməyə gələn balığı tuturlar. Görün bu yolla gündə saysız-hesabsız balıqları necə ovlayırlar. Əslində çörək verənin özü də çörək qazanmaq xatirinə nələr etmir?! Çox zaman bir məsələ barəsində fikirləşmirik. Fikirləşmirik ki, çörək verənlərin özünü yoxlamaq lazımdır. Görəsən onlar nəyin xatirinə, nəyin naminə çörək verirlər?!


Çörəkçinin məqsədli şəkildə çörək qoyduğu tələ hər an insanı tuta bilər, öldürə bilər, məhv edə bilər. Tələ sabahı aydın olmayan bir qaranlıq kimi həmişə gülümsəyir. Bizim hər birimizi sakitcə gülümsəməyi ilə özünə çəkir. Ancaq… İnsan isə heç bir vaxt əhəmiyyət vermir ki, bu gülümsəyən qaranlıq onu hansı çətinliklərə aparır . Məncə, hər şey yaxşı gedir deyənlər də, fikirləşməlidir. Hər şey yaxşı gedir deyənlər bilməlidir ki, sabah hər şey yana bilər, məhv ola bilər, dağıla bilər. Kimin ağlına gələ bilərdi ki, ağlına gəlməyənlər nə vaxtsa başına gələcəkdir. Kimin ağlına gələ bilərdi ki, qaranlıq gecə onu gözləyir. Dünyada heç bir şey ilə əbədi əylənmək olmaz. Əyləndiyimiz hər bir şeyi müvəqqəti olaraq xoşbəxtlik saya bilərik. Ancaq bunu da bilməliyik ki, xoşbəxtlik sayıb əyləndiklərimizin heç biri əbədi deyil. Axı əbədi olanlar insanları yorur. Heç məhəbbət də əbədi deyildir. Həmin hiss kimə nəsib olubsa, onlar xoşbəxtdir. Ancaq həmin hisslə əbədi olaraq əylənmək olmaz. İnsan ömrü nəyə sərf olunur? Birisi öyüd nəsihət verir… Birisi bu öyüd-nəsihətə qulaq asır… Birisi dua edir… Birisi özündən danışır… Birisi müvəffəqiyyət qazanmaq ümidi ilə yaşayır… Birisi kimlərinsə evini yıxmaq planını cızır… Birisi hələ də yazır... Birisi… Birisi…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?