Modern.az

Ərdoğanın açıqlaması İranı QƏZƏBLƏNDİRDİ: “Türkiyə məğlubiyyətə uğrayıb” – QALMAQAL

Ərdoğanın açıqlaması İranı QƏZƏBLƏNDİRDİ: “Türkiyə məğlubiyyətə uğrayıb” – QALMAQAL

28 Mart 2015, 16:50

 

İranın siyasi şiə fundamentalizmi ideyalarının daşıyıcısı Husi üsyançılarını dəstəkləməsi fonunda Yəməndə cərəyan edən proseslər Yaxın Şərqdə yeni münaqişə ocağının alovlanmasına şərait yaradır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da məhz bunu nəzərdə tutaraq İranın regionda hökmran olmaq istəməsini və rəsmi Tehranın tutduğu mövqedən əl çəkməsini deməsindən sonra iki ölkə arasında siyasi gərginlik müşahidə edilməkdədir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə prezidentinin bəyanatına reaksiya verərək bildirib ki, bölgədə sülh və firəvanlığın bərqərar edilməsi üçün əldə olan resurslardan istifadə etmək lazımdır. İranın ali diplomatı qeyd edib ki, ölkəsi Türkiyə ilə strateji əlaqələrə önəm verir.

İran XİN başçısının Rəcəb Tayyib Ərdoğanın açıqlamasına belə loyal münasibət sərgiləməsi isə aranı sakitləşdirməyib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə Türkiyə liderinin fikirlərinə İran Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Brucerdi də münasibət bildirib.

O qeyd edib ki, Türkiyənin siyasi proseslərdə tutduğu mövqe doğru deyil.

“Türkiyənin son illərdə yürütdüyü siyasəti bir zəncir olaraq düşünsək, bu zəncirin bir çox həlqəsində Ankaranın uğursuzluğa düçar olduğunu görmək olar”,-deyə Əlaəddin Brucerdi qeyd edib.


İranın qanunverici orqanının nümayəndəsi onu da bildirib ki, Suriya münaqişəsini Türkiyənin xarici siyasətinin uğursuzluqla nəticələnməsinə açıq nümunə kimi göstərmək olar. Onun sözlərinə görə Türkiyə Suriya hakimiyyətini devirmək istəyərkən məğlubiyyətə uğradı.

“Türkiyə həmçinin İraqda da buna oxşar bir vəziyyətlə qarşılaşdı”,-deyə o əlavə edib.   Əlaəddin Brucerdinin fikrincə, Türkiyə prezidentinin İranın şiə hegemonluğu iddiasında olması ilə bağlı fikirləri yanlışdır.  

Aqşin Kərimov      


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi