Modern.az

Siyasi partiyalarda deputatlığa namizədlərin seçimi başlayıbmı? - SORĞU

Siyasi partiyalarda deputatlığa namizədlərin seçimi başlayıbmı? - SORĞU

Aktual

29 Mart 2015, 16:23


2015-ci ilin payızında Azərbaycanda  növbəti parlament seçkiləri keçiriləcək. Modern.az saytı siyasi partiyalardan deputatlığa namizədlərin müəyyənləşdirilməsi ilə bağlı prosesin necə getməsi ilə maraqlanıb.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, partiyanın namizədləri ilə bağlı proqram var: “Hazırda tədqiqat işləri gedir, yekunlaşandan sonra namizədlərin adları açıqlanacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə parlament seçkisində iştirak edəcəklərini bildirib: “Yaxın 15 gün ərzində partiyanın qərarı olacaq. Partiyanın tək və ya blok şəklində seçkiyə qatılması müzakirə olunacaq. 2011-ci il seçkilərində partiya 75-ə yaxın namizədlə iştirak etdi. Bu il də həmin praktikanı davam etdirmək istəyirik. 125 dairənin çoxundan partiyanın namizədləri irəli sürüləcək. Azərbaycanda parlament seçkiləri majoritar sistemdə keçirilir. Partiya builki seçkidə daha çox gənclərin və qadınların namizədliyini irəli sürməyə üstünlük verəcək. AMİP təşkilatlanmış partiyadır. Rayon təşkilatları xeyli fəaldır.  Əməkdaşlıq məsələsini prioritet hesab edirik. Seçkidə iştirak edən siyasi qüvvələrlə əməkdaşlıq platformasına hazırıq”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, namizədlərin müəyyənləşdirilməsi prosesinə başlanılıb: “Bu məsələ partiyanın Məclisində müzakirədən sonra təsdiq olunacaq. Qabaqcadan hansı dairədən, kimin namizədliyinin irəli sürüləcəyi barədə danışmaq düzgün deyil. Çünki bu məsələ həm namizədin, həm də rayon təşkilatının razılığı olandan sonra partiyada təsdiqlənməlidir”. 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu parlament seçkisində iştirak edəcəklərini bildirib. “Ancaq hələ ki namizədlər müəyyənləşdirilməyib”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı partiyanın parlament seçkilərinə qatılacağını deyib: “Parlament seçkisinə xeyli zaman var. Görüləsi işlər də çoxdur. Partiya namizədlərini hələ müəyyənləşdirilməyib”.

Azərbaycan Liberal Partiyanın (ALP) sədri Əvəz Temirxan parlament seçkisində iştirak etmək haqqında hələ ki qərarın olmadığını bildirib.

Yeganə OQTAYQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır