Modern.az

“Rəsul Quliyevlə bircə dəfə görüşmüşəm” - MÜSAHİBƏ

“Rəsul Quliyevlə bircə dəfə görüşmüşəm” - MÜSAHİBƏ

15 May 2015, 11:02

Qubad İbadoğlu: “Vaşinqtonda Azərbaycanla bağlı keçirilən müzakirələrdə iştirak edirəm”


Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri, hazırda ABŞ-da olan Qubad İbadoğlu Modern.az saytının suallarını cavablandırıb.

- Hazırda ABŞ-dasınız, amma faktiki olaraq sizin sədrlik etdiyiniz ADRH-in nəzərə çarpan fəaliyyəti görünmür.  Siz ADRH-lə bağlı məsələləri necə koordinasiya edirsiniz?

- ADRH-in 2015-ci il üçün fəaliyyət planına görə bu il bizim üçün təşkilatlanma, şəbəkələnmə və portfelləşmə ilidir. Bu isə daha çox təşkilat daxili fəaliyyətlərə üstünlük verilməsini tələb edir. Bu istiqamətdə daxili idarəetmə strukturu formalaşıb. ADR Hərəkatının müavinlik institutunun və icra aparatının yaranmasının 1-ci mərhələsi başa çatıb.

Respublikanın 40-dan çox ərazi-inzibati vahidlərində ADR Hərəkatının regional strukturları fəaliyyətdədir.

ADR son 3 ayda 3 ekspert müzakirəsi təşkil edib, onların hamısı ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. Mənim Bakıda olmadığım dövrdə bütün bu fəaliyyətlərə ADRH sədrinin 1-i müavini rəhbərlik edir. Bizim işimiz informasiya-kommunikasiya texnologiyaları vasitəsilə koordinasiya olunur.

- Buradakı işləri koordinasiya etməklə paralel olaraq Vaşinqtonda da görüşlər keçirirsiniz. Görüş keçirdiyiniz siyahıya kimlər daxildir? 

- Vaşinqtonda görüşlərimin siyahısı genişdir. Burada dünyanın nüfuzlu universitetləri, beyin mərkəzləri və beynəlxalq təşkilatlar yerləşdiyinə görə daha çox onların ekspertləri və analitikləri ilə görüşürəm, onlarla birlikdə müzakirələrə qatılıram.

Eyni zamanda ABŞ-ın siyasi həyatını daha yaxından tanımaq üçün Dövlət Departamentində, Konqresdə görüşlərim olur.

- Bu görüşlərdə hansı məsələləri müzakirə edirsiniz?

- Müzakirələrimiz Azərbaycan iqtisadiyyatı, neftin qiymətinin ucuzlaşmasının iqtisadiyyata təsirləri, Rusiya və Azərbaycan arasında iqtisadi və ticari vəziyyət, Qarabağ konfliktinin həlli yolları ilə bağlı olur. Bununla yanaşı, Azərbaycanda vətəndaş cəmiyyətinin durumu, insan haqları və sair məsələlərə həsr edilən diskussiyalarımız da olur

- Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin əməkdaşları sizin rəhbəri olduğunuz İqtisadi Tədqiqatlar Mərkəzinin ofisində axtarış aparıb. Bu məsələ ABŞ-da müzakirəyə çıxarılıbmı?

- Bu hadisə təzə baş verib. Ona görə də bu məsələ ilə bağlı hələ ki müzakirələr aparmamışam.

- Müsavat Partiyasını kütləvi istefalar dalğası bürüyüb və istefa verənlərin əksəriyyəti sizi dəstəkləyir. Nə düşünürsünüz, bu partiya daxilində qarşıdurmanı dərinləşdirəcəkmi?

- Təəssüflənirəm, çünki baş verənləri Müsavat Partiyası üçün ciddi itki hesab edirəm.

- Siz ABŞ-da Rəsul Quliyevlə bir araya gəlmisinizmi?

- Rəsul Quliyevlə birinci və axırıncı dəfə 1998-ci ildə ABŞ-da keçirilən tədbirlərin birində görüşmüşəm. O tədbirdə Rəsul Quliyevlə Azərbaycan iqtisadiyyatı ilə bağlı müzakirələrimiz olmuşdu.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi