Əlizadə İmdad Əli oğlu. 1980-ci ildə Laçının Oğuldərə kəndində anadan olub.
1997-ci ildə Bakıda 265 saylı orta məktəbi bitirib. 1998-2004-ci illərdə Bakı Dövlət
Universitetinin sosial elmlər və psixologiya fakültəsinin bakalavr və magistratura
pillələrində təhsil alıb.
2004-2005-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mediada çalışır. “İntibah”,
“Persona”, “Həftə içi”qəzetlərində, “525-ci qəzet”də və “Trend” İnformasiya
Agentliyində işləyib.2009-cu ildən “Media forum” saytının əməkdaşıdır.
1993-cü il martın 31-də bacılarım Turac və Rəhiməni, qardaşlarım Mirzə və Xıdırı Oğuldərədən maşınla yola salmışdıq. Onda böyük bacım Turacın 14, Mirzənin 10, Rəhimənin 8, Xıdırın isə 5 yaşı vardı. Onların da yolu asan olmayıb. Yazının bu hissəsini bacım Turac nəql edib.
***
“Qaz-52” markalı köhnə yük maşını adamla dolu idi. Kənddən xeyli uzaqlaşandan sonra, Sarıyoxuşda piyada gedən bir neçə qadın-uşaq da maşına mindi. Maşında hamı ağlayıb bir-birinə qarışmışdı. Sarıyoxuşu enəndə maşın xarab oldu.
Biz gözlədiyimiz müddətdə Laçının başqa kəndlərinin sakinlərini aparan bir “UAZ” və bir “KAMAZ” ötüb keçdi. Bu maşınlar da qadınla, uşaqla dolu idi. Günortaya yaxın Tirkeşəvənd kəndinə çatdıq. Kənd boş idi. Yalnız yolun kənarında ikimərtəbəli evdə iki qadın və üç kişi qalmışdı. Onlar da evdə olan əşyaları yığırdılar, getməyə hazırlaşırdılar, dedilər ki, tirkeşəvəndlilər iki gün əvvəl gediblər.
Maşında olan ağsaqqallar dedilər ki, burada dayanmaq olmaz. Kəlbəcəri iki hissəyə bölən tuneldən keçmək lazım idi. Lakin tuneldə vəziyyətin necə olduğunu bilmirdik. Tirkeşəvənddə olanda öyrəndik ki, ermənilər Ağdərə istiqamətindən hücuma keçiblər, Tərtər çayı boyunca Kəlbəcərə tərəf irəliləyirlər.
Ermənilər tuneli tam tutmasa da, oradan keçmək təhlükəli olduğuna görə belə qərara gəlindi ki, tunel istiqamətində gedilməsin. Başqa yol seçildi. Bu yol tuneldən aralı keçirdi. Sürücü yola o qədər də bələd deyildi. Maşın dağlara qalxdı, palçıqlı və qarlı yollardan keçdi. Tuneldən xeyli aralı keçdik. Tuneldə şiddətli döyüş gedirdi. Nə qədər aralı keçsək də, atəş səsindən qulaq tutulurdu.
Maşın dayandı. Sürücü özünü itirmişdi. Yolu tanımırdı. Bu zaman səmada təyyarələr göründü. Erməni hərbi təyyarələri idi, tuneli bombalayırdı. Nə edəcəyimizi bilmirdik. Sürücü maşına qalxdı, sürətlə yaxınlıqdakı meşəyə doğru sürdü. Ərazidə Azərbaycan ordusunun əsgərləri vardı. Əsgərlər uzaqdan bizi çağırdılar ki, maşından düşüb yerə uzanın. Burada insanı dəhşətə gətirən vəziyyət yaranmışdı. Elə bildik ki, hər şey qurtardı, ermənilər bizi ya öldürəcək, ya da əsir aparacaq. Hamı ağlayırdı.
Maşın meşəyə çatmamış dayandı. Qardaşlarımı və bacımı maşından aşağı endirdim, əllərindən tutub meşəyə doğru qaçdıq. Ağacların arasında gizləndik. Maşının kabinəsində yaşlı qadınlar oturmuşdu. Onların yanında körpə bir uşaq vardı. Yaşlı qadın uşağı anasına tərəf tulladı ki, qaç meşədə gizlən. Anası uşaq qucağında meşəyə tərəf qaçdı. Yolda yoruldu, üzüstə uzandı. Uşağı düşmən gülləsindən qorumağa çalışırdı.
Təyyarə göydə bir neçə dəfə manevr edib ərazini bombaladı və getdi.
Atamın bibisi oğlu Sərdar İbrahimov gəlib çıxdı. Atamı, anamı soruşdu. Dedim ki, kənddə qalıblar. Sərdar dayı ağladı, buradan sağ çıxmaq üçün Allaha yalvardı. Xeyli gözlədikdən sonra maşına tərəf qayıtdıq, maşına yığılıb yola düşdük. Hamı qorxu içində idi, uşaqlar ağlayırdı, Xıdırın rəngi ağarmışdı.
Bir qədər yol gəldik, bir neçə kənddən keçdik. Qaranlıq düşmüşdü. Gecə bir kənddə qaldıq. Bir evin qarşısına gəldik. Evdə qoca bir kişi vardı. Bizi evə qoymurdu, deyirdi ki, gedin başqa evdə qalın. Amma bizim getməyə başqa yerimiz yox idi. Ev sahibi əşyalarının çoxunu aparmışdı. Evdə yalnız qırıq divan, paltar dolabı qalmışdı. Kişi dedi ki, uşaqlarım, yoldaşım iki gün əvvəl gediblər, oğlum qayıdıb məni də aparacaq. Bizi evdən qovurdu. Hətta Ənvər əmi divanda oturmaq istəyəndə kişi buna etiraz edir, icazə vermirdi. Lakin biz kişiyə o qədər də əhəmiyyət vermirdik. Bombardmanın qorxusu canımızdan çıxmamışdı.
Sonra məlum oldu ki, ev əşyalarının bir hissəsini bir otağa yığıb qapıları da mismarlayıblar. Ənvər əmi dedi ki, mən kişinin başını qatacam, səhərə qədər burada oturacam, özünüzə yer edin. Dolabdakı köhnə paltarı yerə tökdük. Bacı-qardaşlarıma üç dəfə yer hazırladım, qadınlar əlimdən alıb başqalarına verdilər. Mən, bacı-qardaşlarım və bir neçə nəfər köhnə divanın üstündə gecələdik. Ənvər əmi səhərə qədər yatmadı.
Bu kənddə Qara adlı bir kişi vardı. O dedi ki, gündüz tuneldə Azərbaycan ordusuyla ermənilər arasında ağır döyüş olub, ermənilər tuneli tutublar, yol bağlanıb, Kəlbəcər və Laçın sakinlərini daşıyan bir neçə maşını partladıblar, sakinləri əsir aparıblar, günorta yolda bizi ötüb keçən maşınlardakı insanları qırıblar. Sürücülər ermənilərin tunelə yaxınlaşdığından xəbərsiz olub. Maşınlar sürətlə tunelə yaxınlaşanda ermənilər hər iki maşını vurub, insanların bir hissəsini qətlə yetirib, bir hissəsini əsir aparıb. Sonradan həmin maşında olan bir neçə qadın və uşaq əsirlikdən azad olundu.
Səhərə yaxın qaldığımız evə üç-dörd əsgər gəldi. Möhkəm qorxduq, elə bildik ermənilərdir. Əsgərlər dedilər ki, erməniləri tezliklə geri oturdacağıq.
Evin eyvanında odun vardı, odun gətirib sobanı qaladıq. Evdə çıraq yanırdı. Çırağın yanmasından narahat olduq, ermənilər işıq görüb gələ bilərdilər. Maşınımız qapıda dayanmışdı, bir neçə nəfər maşında qalmışdı.
Oğuldərədə qalanlardan isə xəbərimiz yox idi. Fikirləşdik ki, yəqin kənddə qalanları ermənilər qırıb, ya da əsir aparıb. Bu zaman uşaqlardan biri asqırdı. Hamı dedi ki, səbir etmək lazımdır.
Soba yandırıldığına görə ev çox isti idi, bərk yatmışdıq. Səhərə yaxın olardı. Birdən qadınlardan biri yuxudan ayıldı, sobanın içində olan kösövləri çıxarıb pəncərədən çölə atdı. Çünki evin bacasından tüstü çıxırdı, ermənilər evdə adam olduğunu bilərdilər. Qışqırıb dedi ki, tank səsi gəlir, hərbi texnika Kəlbəcər istiqamətində hərəkət edir, ermənilər qaldığımız evin yanınacan gəliblər:
- Ay Musa, ay Məcid, ermənilər qapıya qədər gəliblər, bizi qırdılar.
Qadının səsinə hamı yuxudan oyandı. Hamı ağlayırdı. Səkkiz yaşlı bacım Rəhimə yuxudan ayılan kimi qışqıra-qışqıra “Bacı, mən qaldım, məni də götür” dedi.
Gecə bir neçə maşın da bizim qaldığımız evin qarşısında dayanmışdı. Biz həyətə çıxanda gördük ki, həmin maşınlar gedib. Kənd ərazisində Azərbaycan ordusunun postu vardı. Postda dayanan əsgərlər qocaları, uşaqları maşına mindirməyə kömək etdilər, hamımız maşına mindik.
Ev yiyəsini qoyub getmək istəmirdik. Baxmayaraq ki, gecə bizi evə buraxmırdı. Sürücü, yaşlı kişilər nə qədər təkid etdilərsə, xeyri olmadı. Bura insanların bir-birinə kömək etməsinə ən çox ehtiyac hiss edilən yer idi. Maşın işə salındı. Kişi həyətdə boynubükük dayanmışdı.
Oğuldərədən çıxanda anam maşına bir xurcun çörək, yemək qoymuşdu. Lakin elə vəziyyət yaranmışdı ki, yemək heç kimim yadına düşmürdü. Hamı ac-susuz idi. Maşın meşənin kənarı ilə getdi, bir kəndə çatdıq.
Yolda Laçının Dambulaq kəndindən olan xeyli qadına, uşağa rast gəldik. Bir hissəsi atlı, bir hissəsi piyada idi. Onları əvvəldən tanıyırdıq. Biz onlara yaxınlaşanda kürəyində körpə, yanında da üç körpə olan qadınlardan biri maşının qabağına qaçdı. Ağlaya-ağlaya özünü maşının qabağına atdı, sürücü maşını saxladı. Qadın əllərini yuxarı qaldırıb yalvarmağa başladı:
- Yorulmuşam, uşaqları apara bilmirəm. Bir dəfə piyada tunelə gedib qayıtmışıq, heydən düşmüşəm. Atın üstündə dayana bilmirəm. Məni burada qoyub getməyin, bu körpələri ermənilər qıracaq, yalvarıram, Allah xatirinə kömək edin.
Qadının naləsi ərşə dirənmişdi, adamın tükləri biz-biz olurdu.
Sürücünü qınamaq olmazdı. Maşın köhnə və nasaz idi. Amma qadını, uşaqları maşına mindirdi. Atın belindən iki kisə düşürdülər. Qadın kisələri maşına qoymaq istəyirdi. Sürücü özündən çıxdı:
- Köhnə, xarab maşındır. Maşını elə bil kürəyimdə aparıram. İndi hamınızı burada tökəcəm, özümü də öldürəcəm.
Amma qadın kisələri maşına qoymaqda israrlı idi və qoydu.
Meşənin qırağı ilə palçıqlı yolla gedirdik. Yol yoxuş idi. Birdən maşın sürüşüb sürətlə geri getdi. Sürücü maşına nəzarəti itirmişdi. Adamların naləsi ərşə qalxmışdı. Bir tərəfdən də dayanmadan atəş səsi gəlirdi. İnsanların qışqırığı ilə silah səsi bir-birinə qarışmışdı. Mirzəni, Rəhiməni, Xıdırı özümə tərəf çəkdim.
Maşın xeyli geri gedəndən sonra yolun içində olan bir çalaya düşüb dayandı. Sağ qaldığımıza görə sevindik, Allaha şükür etdik. Amma bu sevinc ötəri idi. Çünki sağ qalacağımıza hələ də ümidimiz yox idi. Düşməndən uzaqlaşa bilməmişdik, başımızın üzərindən ağır silahlarla atırdılar.
Sürücü bir qədər özünə gələndən sonra yolumuza davam etdik. Maşın çətinliklə dağı qalxırdı. Ayağı yer tutan yerə düşüb maşını itələyirdi, palçıqlı dağdan çıxmasına köməklik edirdi.
Maşın bir kəndə çatdı. Gecə yağış yağmışdı, kəndin yolları sarı palçıq idi. Bir qədər gedəndən sonra maşın kəndin ortasında palçığa batdı və onu çıxarmaq mümkün olmadı. Dayanmaq olmazdı, düşmən başımızın üstünü almışdı. Maşında yeriyə bilməyən, iflic, yer xəstəsi olan Pəri İlyasova, yaşlılardan Ənvər İlyasov, Şərif İsgəndərov, Camal İsgəndərov, Məsudə İlyasova qaldı. Hamı gileylənirdi, ağlayırdı, buradan sağ çıxmaq üçün Allaha yalvarırdı.
Maşından düşüb piyada getməyə başladıq. Bir qədər gedəndən sonra bir yük maşın gəldi. Bizi bu maşına yığdılar. Dadaş İlyasov qucağındakı iki yaşlı nəfəsi
Dadaşı göstərib dedi:
- Bu uşağı Allah üç dəfə imtahana çəkib, ata-anadan məhrum edib, babasının, nənəsinin ümidinə qalıb. Bir dəfə atası əməliyyat olunanda, ikinci dəfə ötən il qaçqın düşəndə, üçüncü dəfə də indi qaçqın düşəndə.
Dadaş İbrahimov bunu deyib ağladı.
Bu maşında bir qədər gedəndən sonra öz maşınımız arxadan gəlib çatdı. Yoldan keçənlərin köməyilə maşınımız palçıqdan çıxarılmışdı. Düşüb öz maşınımıza mindik.
Yolda dəhşətli mənzərə vardı. Qarlı və palçıqlı yolda piyada gedən qoca, uşaq, qadın, kürəyində yaşlı valideynlərini aparanlar, ağlayanlar, nəfəsini dərənlər, mal-heyvan...
Xeyli yol gedib bir kəndə çatdıq. Kənd meşənin qırağında yerləşirdi, ortasından çay keçirdi. Heç kim yox idi kənddə. Bu kənd də Kəlbəcərin digər kəndlərindən fərqlənmirdi - yiyəsiz mal-qoyun, sahibsiz itlər, ipdə qalan pal-paltar...
Sürücü bu ərazilərə bələd deyildi. Heç kim bu yolun hara getdiyini, bizim hansı istiqamətdə hərəkət etməli olduğumuzu bilmirdi. Sürücü maşını bir evin yanında saxladı. Düşüb bir evə girdi. Evdə heç kim yox idi. Sürücü geri qayıtdı, yolumuza davam etdik. Yolda piyada gedən insanlardan yolu soruşa-soruşa gedirdik.
Yolda maşınımız yenidən palçığa batdı. Yenidən düşüb piyada getməyə başladıq. Burada xeyli insan vardı - Kəlbəcərin müxtəlif kəndlərindən, əksəriyyəti isə Milli, Bağırlı kəndlərindən idi. Burada insanların çoxu itirdiyi doğmalarını soraqlayırdı. Mən də Oğuldərədə qalan atamı, anamı, qardaşlarımı axtarırdım. Qarşıma çıxan hər kəsdən Laçın rayonundan gələnin olub-olmadığını, ailə üzvlərimi görüb-görmədiklərini soruşurdum. “Gördüm” deyən olmadı.
Yaşlı qadınlar “Can bala, sən də adam axtarırsan, sənin nə yaşındır adam axtarasan. Bura qədər kimlə gəlmisiz, çalışın adamlardan geri qalmayın, buradan çıxın” deyib ağlayırdılar. Mən də kiminlə gəldiyimizi, bacı-qardaşlarımı göstərirdim. Mirzənin, Rəhimənin, Xıdırın əlindən tutmuşdum, yanımdan uzaq getmələrinə imkan vermirdim, onları itirməkdən qorxurdum.
Yolumuza davam etdik. Xeyli gələndən sonra dəmir körpülü bir kəndə çatdıq. Dedilər ki, bura Yanşaq kəndidir. Bir qədər gəlib Murovun ətəyinə çatdıq. Maşın karvanı yolu bağlamışdı, tıxac yaranmışdı. Hamını maşından düşürdülər. Dedilər ki, gözləyəcəyik axşam olsun, şaxta yeri dondursun, maşın onda irəli gedə bilər, yeriyə bilən getsin, çalışın ki, bu dağı aşın, erməni arxadan gəlib bizə çata bilər, yoldan çıxmayın, insanların iziylə gedin, qara-palçığa batıb qalarsız.
Donub qalmışdım. Dedim ki, atamı, anamı gözləyəcəm, tək gedə bilmərik. Cavab verdilər ki, Oğuldərədə qalanlardan xəbər yoxdur, gözləmək olmaz, onların nə vaxt gələcəyi məlum deyil.
Bir ailənin vəziyyəti yadımdan çıxmaz. Bir ana yorğan-döşəyi öz kürəyinə bağlamışdı, balaca uşaqları da ev əşyaları ilə yükləmişdi. Uşaqlar toyuq-cücəni qoltuqlarına, malı, qoyun-keçini qabaqlarına qatıb aparırdı.
Murova qalxdıqca vəziyyət ağırlaşırdı. Hava şaxtalı idi. Yolda palçığa, qara batıb qalan, donub qırılan heyvan leşindən tərpənmək mümkün deyildi. Qadın uşaqlarından yolda yorulub qalan körpə quzuları, buzovları yolun kənarına çıxarmağı istəyirdi. Çünki onları maşınlar tapdayırdı.
Su donmuşdu, buzdan körpü yaranmışdı. Bacı-qardaşlarımı maşından düşürüb piyada yola düşdük. Bir xeyli gəlmişdik. Dadaş əmi arxadan gəlib çatdı. Dedi ki, iki öküz toqquşdu, Bəbirlə Rahiləni vurdu, ürəkləri getdi, vəziyyətləri ağırdır, yeriyə bilmirlər, onları yenidən maşına qaytardıq.
Yolda Sərdar dayını gördük. Rəhimənin ayaqlarında ayaqqabı yox idi. Yalnız yun çorab vardı. Bacı-qardaşlarım uşaq olduqlarına görə artıq yeriyə bilmirdilər. Xıdırı kürəyimə alıb bir qədər irəli aparırdım, geri qayıdıb Rəhiməni götürürdüm, sonra qayıdıb Mirzəni aparırdım.
Sərdar dayı ağladı, atamgilin qarasına gileyləndi. Dedi ki, üç körpəni də bir uşağa qoşub yola salarlar?.. Sərdar dayı dedi ki, Rəhimə belə ayaqyalın gedə bilməz. Bir qədər aşağıda Laçının Qorçu kəndinin sakinlərinə məxsus maşın vardı. Maşın Murovun bir neçə döngəsini qalxıb tıxacda dayanmışdı. Sərdar dayı dedi, Rəhiməni apar həmin maşına mindir. Rəhiməni aparıb maşına mindirdim. Xıdırla Mirzəni yenə də əvvəlki kimi kürəyimdə Murovu qaldırırdım.
Mirzə dedi ki, mənim ayağımda rezin çəkimə var, çətin də olsa gedəcəm. Açlıq, susuzluq, soyuq bizi taqətdən salmışdı. Beş yaşlı Xıdır acından ağlayırdı, çörək istəyirdi.
Bir qadın məndən haradan olduğumu, kiminlə getdiyimi soruşdu. Laçından olduğumu, balaca bacı-qardaşlarımla birgə getdiyimi, ata-anamın, iki qardaşımın Oğuldərədə qaldığını dedim. Qadın dedi ki, uşaqları itirərsən, yanlarından ayrılma. Qadın belə deyəndən sonra geri qayıtmaq, bacım Rəhiməni götürmək qərarına gəldim. Mirzəylə Xıdıra tapşırdım ki, burda dayanın gəlirəm. Sərdar dayı da orada idi. Geri qayıtmağıma etiraz etdi, dedi ki, maşın bu gün Murovu aşacaq,
Rəhiməni də gətirəcək, geri qayıtma.
Xeyli geri qayıdıb Rəhiməni götürdüm. Rəhimə aralıdan məni görəndə ağlaya-ağlaya çağırdı: “Bacı, mən burdayam”.
Maşında olan qadınlar Rəhiməni aparmağıma etiraz etdilər. Dedilər ki, ayaqyalın uşağı hara aparırsan. Onlardan ayaqqabı istədim. Dedilər ki, yoxdur. Rəhiməni kürəyimə alıb geri qayıtdım. Rəhimə bir neçə dəfə dedi ki, məni qoy yerə, yeriyim, Xıdırı götür. Amma ayaqqabısız olduğuna görə onu kürəyimdən yerə qoymadım.
Sərdar dayı Xıdırın, Mirzənin əlindən tutmuşdu. Rəhiməni kürəyimdən düşürmürdüm. Xıdır tez-tez dayanırdı. “Yoruldum, bir az dayanaq” deyirdi. Dayanan kimi aşağı çökürdü, qarın üstündə otururdu, acından ağlayırdı. Yoldan keçən bir neçə adamdan çörək istədim. Bir nəfər para çörək verdi, Xıdırın əlinə bir parça çörək verdim. Onu dilə tuturdum. “Sən dayansan, bacın da dayanacaq. Ermənilər gəlib bizə çatacaq. Bir az da gedək, çatmışıq” deyirdim. Xıdır əllərini dizlərinin üstünə qoya-qoya gedir, dayanır, yenidən gedirdi.
Murovu qalxmaq asan deyildi. Acından, susuzluqdan dizimizdə taqət qalmamışdı. Elə hey qar yeyirdim. Yolda bir bulaq vardı. İnsanlar su içmək üçün növbəyə dayanmışdı. Biz də bir qədər növbədə dayandıq. Vaxt getdiyinə görə növbənin çatmağını gözləmədik, yolumuza davam etdik.
Yolda bir neçə nəfər haradan olduğumuzu soruşurdu. Laçından olduğumuzu deyəndə təəccüblə necə sağ qaldığımızı, hansı yoldan çıxdığımızı soruşurdular. Deyirdilər ki, Kəlbəcərin elə kəndləri var hələ də vəziyyəti bilmirlər, tam mühasirəyə düşüblər.
Bir qadın Kəlbəcərin Laçınla həmsərhəd kəndlərindən olduğunu dedi. Qadının saçı dağınıq, üzü şırım-şırım, qan içində idi, səsi batmışdı. Saçını yolmuş, üzünü cırmışdı. Dedi ki, martın 31-də ermənilər qəfildən yaşadıqları kəndə hücum edib. Erməni hücum edəndə qadın sacda çörək bişirirmiş: “Ermənilər bir oğlumu qətlə yetirdi, birini yaraladı. Oğlumun meyitini götürə bilmədik, təndirin yanında kolun arasında qoyub gəldik, ermənilərlə döyüşə-döyüşə kəndi tərk etdik. Qızım, indən belə ordan sağ insan gəlməz. Tunelin o üzündən sonuncu çıxan bizik, yolda da heç kimi görmədik. Burdan çıxıb hara gedəcəksən, getməyə yeriniz varmı? Can ay körpə, bu uşaqları hara aparacaqsan?!”
Qadın ağladı, mən də ağladım. Onlar ötüb keçdilər.
Axşama yaxın Murovu aşdıq. Murovdan xeyli aşağı düşmüşdük, bir maşın gəldi. Bizi maşına yığdılar. Xanlar rayonunun Toğana kəndinə gətirdi. Bizə sığınacaq verməsi üçün sürücü Toğana kəndinin icra nümayəndəsini axtardı. Dedilər ki, icra nümayəndəsi Kəlbəcərdən olan qaçqınları məskunlaşdırmaq üçün gedib.
Toğana kəndi qurtaranda yolun kənarında düşərgə salınmışdı. Sürücü bizi orada düşürdü. Burada yaxınlarını axtaranların sayı-hesabı yox idi. İnsanlar yolun kənarında dayanmışdı, gələn maşınların qabağına qaçıb yaxınlarını soruşurdular. Bir qadın havalanmışdı, xalasını axtarırdı, hamıya şəklini göstərirdi, ağlayırdı.
Bizi avtobusa yığıb Hacıkənddəki sanatoriya binasında yerləşdirdilər. Otaqlar isti idi. Ayağını şaxta vuranlara, qocalara, uşaqlara, yaralılara tibbi yardım göstərdilər. Bizi Toğanadan Hacıkəndə gətirən avtobusda da həkim vardı. Hacıkənddə qaldığımız gecədən heç nə xatırlamıram. Otağa daxil olan kimi yatmışam, bir də gün işığına, adamların səsinə oyanmışam.
Hacıkənd sakinləri başımıza toplandı. Çay, yemək verdilər, isti paltar gətirdilər. İnsanlar günümüzə ağlayırdılar.
Sərdar dayı dedi ki, gedək biz, atangilin gəlməsi Allaha pənahdır, onların sağ qalmasına ümid böyük deyil. Gedək bizə, evdəkilər sağ çıxdığımı bilsinlər, mən yenə Murova qayıdacam, atangili soraqlayacam. Dedim ki, dayımgilə gedəcəyik. Gecə bir nəfər gəldi, dedi ki, tuneldə, Murovun ətəyində ağır döyüş olub. Sağ qalan olmayıb.
Biz Hacıkənddə olanda Murovun Kəlbəcər tərəfində qalan maşınımız gəlib çıxmadı. Yol tıxac, qar, buz, palçıq olduğuna görə maşın dağı aşa bilməmişdi. Qohumlar xəbər gətirdilər ki, Pəri İlyasova Murovda maşında donub. Pəri İlyasova iflic keçirmişdi, neçə il idi yataq xəstəsi idi. Murovun sərt şaxtasına, bir neçə günlük aclığa-susuzluğa dözməmişdi, donub ölmüşdü.
Hacıkənddə qohumlarımız gəldi, onlar da dedilər ki, gələn yalnız sizsiz, kənddə qalanlardan heç bir xəbər yoxdur.
Növbəti gün avtobus verdilər, dedilər bu avtobus kim hansı ünvana getsə, ora aparacaq. Avtobus bizi Tərtər rayonunun Hüsənli kəndinə, böyük dayım Hüseyn Talıbovun evinə gətirdi. Dayımgilin heç nədən xəbəri yox idi, vəziyyəti danışdım, atamın, anamın, iki qardaşımın kənddə qaldığını, onlardan bir xəbər olmadığını dedim. Hamı ağlayırdı. Dayım pencəyini götürüb evdən çıxdı, dedi ki, Murova gedirəm, əgər Zeynəb (bacısı) sağ gəlməsə, mən qayıdan deyiləm.
***
Aprelin 4-də dayım anam, qardaşlarım İmdad və Babəklə birlikdə qayıtdı. Onlar erməni mühasirəsindən çıxmışdılar.
***
Biz o yerlərə mütləq qayıdacağıq. Murovun bəri üzündən aşıb piyada Oğuldərəyə qədər gedəcəm.
Xəritəyə, bələdçiyə ehtiyac yoxdur. Bütün yollar yadımdadır.