Qarabağ bölgəsinə daxil olan rayonlar ayrı-ayrılıqda zarafatçıl, baməzə adamları ilə, gülməcələri, məzəli söhbətləri ilə məşhurdur. Ömrünün ahıl çağını yaşayan qarabağlı Səfiyar Həsənli real hadisələr əsasında yaranmış gülməcələri toplayaraq, kağıza köçürüb. Modern.az saytı Səfiyar müəllimin qələminin məhsulu olan məzəli söhbətləri silsilə şəklində oxuculara təqdim edir. Müəllif öncə Cəbrayıl rayonu ilə bağlı məzəli əhvalatlarını təqdim edir.
İki sükanlı maşın
Durduğu yerdə başına iş gələn adamlar hamının dost-tanışı arasında var. Vəli oğlu Sabir (ona camaat Qaragün Sabir deyir) də belə adamlardandı. Ona görə də Cəbrayıldan kənarda, lap Şuşada belə, məzəli bir əhvalat eşidəndə, cəbrayıllılar tez soruşar: Qaragün Sabir orda deyildi?!
Sabir müəllim çoxumuz kimi 93-cü ildən bakılı olmuşdu. Köçkünlüyün ilk illərində “06”-sının başına “taksi” papağı qoyub sərnişin daşıyırdı. Bu əhvalatı da o özü dostlarına danışıb, mən də onlardan eşitmişəm. (Əvvəlcədən deyim ki, Qaragün Sabir ən adı əhvalatı belə kefinistəyən bəzəyib-düzəyən adam olduğundan, əhvalatda azacıq şişirtmə hiss eləsəniz, babalı onun, ya da danışanların boynuna)
Qaragün Sabir adından danışaq...
- Yay vaxtı idi. O gün çox işləmişdim. Günortadan sonra da Siyəzənə adam aparmışdım deyə, bərk yorulmuşdum. Axşamüstü Sarayda kirələdiyim evə (“evciyə” desəm, daha düz olar) qayıdırdım. “Şamaxinka”dakı basabasdan canımı elə təzəcə qurtarmışdım ki, gördüm irəlidə bir nəfər ortayaşlı kişi əlindəki iri torbanı maşınımın yoluna qolazladı. Tez əyləci basdım. Adam səndirləyə-səndirləyə maşına yaxınlaşdı. Lül-ətəş olduğu əlbəəl bilinirdi.
- Eloğlu, məni Şamaxıya atarsan?
- Yox, incimə, Sumqayıt tərəfə gedirəm.
-Yaxşı pul verəcəm, - o, əlini cibinə salıb bir qalaq pul çıxartdı.
Pulu görüb bir az midiləndim. Gedim, getməyim deyib düşündüm. “Gedim e, Allah Kərimdi!” deyib canımı tamahıma yedirtdim.
Adam maşının qabağına tolazladığı torbanı götürüb arxa oturacağın üstünə qoydu, özü də qabaqda oturub “sür!” əmrini verdi.
Burulub Şamaxı yoluna çıxdım. Sərnişinimmi deyim, müştərimmi, bilmirəm, hər nəysə, bu adam elə maşına oturanda dalağım sancdı ki, tamahımın şilləsini yeyəcəm.
Sərnişinim soruşmadan maqnitofonu açdı, bir neçə kasset götürüb maqnitofona saldı, hər dəfə də “bu nə zibildi, maşına qoymusan?” deyib kənara atır, ayrı bir kasseti salırdı. Nəhayət səksəninci illərdə məşhur olmuş Yuri Antonovun kassetini tapıb yuxarı qaldırdı: - Bl..., vot eto druqoye delo! - deyib onu yarığa saldı və səsi sona qədər artırdı.
“Əşi cəhənnəm, - düşündüm, - bir saata kasset qurtaracaq, başım dincələcək”. Amma sərnişinim kasseti dala çəkib “More, more” mahnısını dördüncü dəfə təkrar dinləyəndə dözmədim. Əl atıb acıqla maqnitofonu söndürdüm.
Heç nə demədi. Oturacağa yayxanıb üzünü yana döndərdi. Bu lap yerinə düşdü, çünki arağın iyi başımı çatladırdı.
Sərnişinim mürgüləyirdi. Maşının sürətini artırıb mənsil başına tez çatmaq, lül-qəmbər sərnişindən yaxamı qurtarmaq istəyirdim, amma yol it günündə idi, çala-çökükdən yayınmaq üçün Şumaxer kimi manevr eləməli olurdum. “Palçıq vulkanları”nın tuşunda sağ təkər iri bir çalaya düşdü. Sərnişinim oyandı. Alnını qaşıyıb ora-bura baxdı. Sonra da gözünü sükana zillədi. Mən arabir gözucu ona baxıb nə istədiyini anlamağa çalışırdım, hənuz, onun ağlında nə olduğu əsl tapmaca idi.
-Eloğlu, deyəsən yorulmusan, ver maşını bir az da mən sürüm.
Əyləci basdım. Maşını yolun qırağına verib saxladım. Asta, amma acıqlı səslə dedim:
- Qardaşoğlu, adını da bilmirəm, isəyirsən səni qaytarım aparım Bakıya, qoyum götürdüyüm yerə, pulun-zadın da lazım deyil, amma incimə, rulu sənə verə bilmərəm.
- Vermirsən, vermə! Canın sağ olsun! Onda sən ordan sür, mən də burdan! – və əlini atıb arxa oturacağın üstündəki torbadan enynən mənim maşınımın sukanı kimi bir sükan çıxartdı. “Bardaçok”u açıb sükan kolonkasının valını ora soxdu və beş yaşlı uşaqlar qazan qapağı ilə KAMAZ sürən təki sükanı döngələrə uyğun o tərəf, bu tərəfə döndərməyə başladı.
Məni isterik gülmək tutdu. “Yəqin, bunun başı o məsələ!” – fikirləşib diqqətimi yola cəmlədim. Arada sağ gözümü yumurdum ki, bu ağıldankəm məni çaşdırmasın.
Bir xeyli belə getdik. Yanımızdan ötüb keçən maşınlar qeyri-ixtiyari dönüb bizə baxır, çiyinlərini çəkib sürüb gedirdilər.
Arxadan bir “06” gəlirdi. Maşını sağa çəkdim ki, gəlib keçsin. “06” gəlib bizimlə bərabərləşəndə sürücü bizə tərəf boylandı. Qarşıdan maşın gəlmədiyindən ötüb keçmədi və eləcə bizimlə bərabər sürür, tez-tez də üzünü bizə tərəf döndərib maraqla baxırdı. Sonra o, sürəti azaltdı və arxamıza keçdi.
Sərnişinim elə bil lom udmuşdu – “sukan”ından əsl peşəkar sürücülər kimi ikiəlli yapışıb qəddini dimdik düzəldib oturmuşdu. Hərdən başını tərpətmədən yalnız gözlərini çevirib güzgüyə baxırdı.
- Sola çək! – sərnişinim mənə əmr elədi.
- Niyə? – arxada maşın olduğundan yol hərəkətini pozmaq istəmirdim.
- Dedim sola çək!!!
Maşını azacıq sola çəkdim.
Arxadaki “06” elə bil bunu gözləyirdi. Tez sağdan bizi ötməyə girişdi və gəlib sağ tərəfdən bizimlə bərabərləşdi.
“Lənət sənə, kor şeytan!” – deyib sürəti artırıb yenə öz yoluma keçmək istədim, amma yanımızdakı maşın buna imkan vermədi – o da sürəti artırdı və yenə yanaşı qaldıq.
Mən sürətı azaldıb onun arxasına keçmək istədim. Bu da alınmadı.
Məsələ aydın idi. İki zırramanın əlində qalmışdım. Sağımdakı “06”-nın sürücüsü sərnişinimin “sükan”ının nə hoqqa olduğunu öyrənmək üçün başını o qədər uzatmışdı ki, az qalırdı bizim maşının içinə girsin.
Birdən...
Birdən sərnişinim “vıvvvvv!!!” eləyərək bağırdı və “sükanı”nı sağa, yanımızdakı “06”-nın üstünə qatladı. “06”-nın sürücüsü necə qorxdusa, maşını var gücü ilə sağa burdu və... yoldan çıxıb Qobustan çöllərini “bağrına basdı”. Xoşbəxtlikdən yolun kənarı kiçik təpəlik idi, ona görə də maşın qumu-çınqılı cırmaqlayıb təpəyə dırmaşdı və sol tərəfi üstə çevrilib dayandı.
Rəngim ağappaq ağarmışdı. Sağdakı maşını qəzaya saldımız bir dərd, az qala özümüz də qarşıdan gələn mikroavtobusun altına düşmüşdük, çünki bu danqabaşın bağırtısından elə qorxdum ki, maşını qəzadan qaçırtmaq üçün sukanı sola burdum. Bəxtim gətirdi ki, mikroavtobus aralıda idi və mən sükanı sağa burub yoluma qayıtmağa macal tapa bildim.
Maşını saxladım. Əlim əsə-əsə qapını açdım. Maşından düşüb yanı üstə çevrilmiş maşına tərəf getmək istədim. Sərnişinim qolumdan tutdu:
- Sür gedək, sağ-salmatdı.
Mən o maşına sarı baxdım. Doğrudan da sürücü qaydasında idi. Maşından necə çıxdığını bilmədim, bəlkə sınıb tökülmüş qabaq şüşədən çıxmışdı, amma maşında salamat hal qalmamışdı.
- Sür!
Sürdüm. Xeyli danışmadıq. Mərəzəni keçəndə “sükanı”nı çıxardıb yenidən torbaya qoydu və əlini çiynimə qoyub dedi:
- Eloğlu, üç saat qabaq mənim də onunku kimi bir maşınım var idi. O maşından indi ancaq torbadakılar qalıb!
***
Dünyanın ən qədim avtomobili
Sirikli Əhrar kişinin köhnə bir QAZ-69-u vardı. Əslində “köhnə” yox, “qədim” sözü daha çox yerinə düşər, çünki o maşın haqda əfsanələr dolaşırdı. Əhrar kişinin sükandaşları QAZ-69-un rəsmi sənədlərinə əhəmiyyət verməyib onun tarixini o qədər geri çəkmişdilər ki, eşidən elə bilərdi ki, o maşın Quido da Vigevanonun 1335-ci ildə düzəldiyi külək maşınının qanbir-canbir nəvəsi idi.
Maşın haqda təsəvvürü bir az genişləndirmək üçün bir iki məqamı qabardaq, sonra keçək əsas söhbətə: Görənlər deyir ki, bərk külək əsəndə, gərək Əhrar kişinin QAZ-69-nun dalına-qabağına kalan daş yığaydın ki, yerində qalsın, yoxsa külək yatanda, onu tapmaq üçün gərək ətraf dərələri ələk-vələk eləyəydin; Döngədə, ya da maşını saxlayanda onun qapıları taybatay açılarmış; o maşının öz-özünə, yəni açarla işə düşdüyünü son dəfə ancaq 7-ci əsrdə Sirik kəndinin binəsini salanlar görüb. O dövrdən bəri iki nəfər qoluzorlu arxadan basmasa, maşın “xoda” getməzmiş...
Əhrar kişi çox ailəcanlı adam idi. Maşınla Sirikdən üç addım kənara çıxanda, mütləq gəlib həyat yoldaşı Fatma xanımla halallaşıb-sağollaşarmış.
Bir gün Əhrar kişi həyat yoldaşını da götürüb qonşu kəndə xeyir işə gedirmiş. Söhbət vardan-dövlətdən, pulsuzluqdan, qısmətdən düşür.
- Allah Kərimdi, Əhrar, - Fatma xanım deyir, - fikir eləmə, ürəyini düz tut, Tanrı özü kömək əlini uzadacaq.
- Təki heylə olsun, Fatma baji! (Əhrar kişi onu həmişə belə çağırardı)
Maşın torpaq yolun canını alıb daş yola çıxır. Əhrar kişi QAZ-69-un qazını axıra qədər basıb sürəti mümkün olan maksimum həddə - 25 km/saata qaldırır.
Birdən Əhrar kişi maşının qabağınca bir təkərin diyirləndiyini görür.
- Fatma baji, Fatma baji!- Əhrar kişi sevincək dillənir, - budey, vallah, Tanrı yetirdi!
Əhrar kişi maşını saxlayir, “avtomatik” açılan qapıdan düşüb təkərin dalınca qaçır. Təkəri qovalayıb birtəhər tutub diyirləyə-diyirləyə maşının yanına gətirir:
- Fatma baji, əntiqə oldu, elə mənim maşınıma rahatca düşər. Arxa təkərim yaman şaltay-baltay vururdu, altı aydı fikirləşirdim pul tapım dəyişim.
Əhrar kişi arxa qapını açıb təkəri içəri qoymaq istəyir... və görür nə? Zəhrimar təkər elə onun öz arxa təkəri imiş, açılıb, xeyir işə Əhrar kişidən qabaq getmək fikrinə düşüb.
***
Şəkər tozu
Keçən əsrin 30-cu illərində Tinlidə kolxoz qurulubmuş. Kolxoz quruculuğunda əməyi olanlara - ən qabaqcıllara müxtəlif ərzaq payı verirmişlər ki, həvəslənib lap yaxşı işləsinlər.
Qədimalı kişi dan söküləndən şər qarışanadək tarlada, bostanda, zəmidə tər tökürmüş. Onu Tinli “Kaqanoviç” kolxozunun dirəyi adlandırarmışlar. (Bilməyənlər üçün deyim - Lazar Moiseyeviç Kaqanoviç Vladimir İliç Leninin sağdışı olub)
Bir gün Qədimalı kişiyə məktub gəlir: “Şahvəlli kəndinə gəlin, 800 qram şəkər tozu payınızı alıb aparın”.
Qədimalı kişinin bildiyi çəki vahidləri arasında girvənkə, misqal, pud, batman, qantar, əypə (oypa), haxtam (güman ki, mənşəyi “gektam” sözündəndi) və sair varmış, amma qramın nə deyəcək olduğunu bilmirmiş. Fikirləşir ki, yəqin bu qram nəsə yekə şeydi.
- Çiçək, -Qədimalı kişi arvadını səsləyir, bu qış yaxşı mürəbbə yeyəcəyik! – deyib sevincək bir neçə çuval götürüb atın tərkinə atır, özü də minib Şahvəlliyə gedir.
Qədimalı kişi soraqlaşıb paybölgü anbarını tapır. Çuvalları anbardarın piştaxtasanın üstünə atıb “payımı almağı gəlmişəm, doldur bura!” deyir.
- Bu nədi, a rəhmətliyin oğlu! Çuvalları yığışdır! Əl dəsmalını gətir, sənin norman 800 qramdı!
- 800 qram nə qədərdi ki?!
- Nə qədər olacaq?! İkicə ovuc!
Qədimalı kişi 800 qram şəkər tozunu alıb ata minib kəndə qayıdır. 800 qramın pərtliyi, Tinli camaatının şəbədə qoşub onu hoydu-hoyduya basacaqları qorxusu öz yerində, Qədimalı kişi arvadı Çiçəyə nə cavab verəcəyini düşünüb yanıb-yaxılırdı.
Evə çatıb atdan düşür. Əl dəsmalındakı 800 qram şəkər tozunu tapçanın üstünə atıb kədərlə arvadına deyir:
- Bu qış mürəbbə yemədik, ay Çiçək!
İndinin özündə də Tinlidə bir adamın işi alınmayanda “bu qış mürəbbə yemədik, ay Çiçək!” deyir.
Hə, onu da deyim ki, o hadisədən sonra Qədimalı kişi ta dünyasını dəyişənə qədər Şahvəlli kəndi ilə küsü saxladı və o tərəfə üzükmədi.
***
Əvvəlki bölümlər:
Qarabağ gülməcələri - I - //modern.az/articles/13646/1/
Qarabağ gülməcələri - II - //modern.az/articles/13836/1/
Qarabağ gülməcələri - III - //modern.az/articles/14069/1/
Qarabağ gülməcələri - IV - //modern.az/articles/14278/1/
Qarabağ gülməcələri - V - //modern.az/articles/14468/1/
Qarabağ gülməcələri - VI - //modern.az/articles/14685/1/
Qarabağ gülməcələri - VII - //modern.az/articles/14844/1/
Qarabağ gülməcələri - VIII - //modern.az/articles/15034/1/
Qarabağ gülməcələri - IX - //modern.az/articles/15272/1/
Qarabağ gülməcələri - X - //modern.az/articles/15409/1/
Qarabağ gülməcələri - XI - //modern.az/articles/15601/1/
Qarabağ gülməcələri - XII - //modern.az/articles/15778/1/
Qarabağ gülməcələri - XIII - //modern.az/articles/15957/1/
Qarabağ gülməcələri - XIV - //modern.az/articles/16125/1/
Qarabağ gülməcələri - XV - //modern.az/articles/16293/1/
Qarabağ gülməcələri - XVI - //modern.az/articles/16456/1/
Qarabağ gülməcələri - XVII - //modern.az/articles/16672/1/
Qarabağ gülməcələri - XVIII - //modern.az/articles/16776/1/
Qarabağ gülməcələri - XIX - //modern.az/articles/16933/1/
Qarabağ gülməcələri - XX - //modern.az/articles/17134/1/
Qarabağ gülməcələri - XXI - //modern.az/articles/17345/1/
Qarabağ gülməcələri - XXII - //modern.az/articles/17707/1/