Modern.az

Elçilik - Daşbaş, baş və daş - Allah xeyir versin!

Elçilik - Daşbaş, baş və daş - Allah xeyir versin!

Ölkə

1 May 2013, 10:35

Müəllim

Qıza elçi gəlir. Birinci sual bu olur: “Oğlan nə işin yiyəsidir?” Deyirlər ki, müəllimdir. Üz-göz turşuyur. Deməli maaşa baxır? Bir az da fərasətli olsa repititorluq edəcək? Təmiz adını qoruyacaq? Rüşvət almayacaq? Alsa da müəllimə bu zəmanədə pul verən kimdir ki... Ən uzağı, ən uzağı süpürgəpulu, ya da testpulu. Onu da televizorda gündə üç dəfə deyəcəklər. Yatanda da yuxusunda hey sayıqlayacaq: “Təkrar elə, təkrar elə”. Qızın da canı çıxacaq. Yox! Qızı vermirik! Müəllimdir.
 
Həkim

Qıza elçi gəlir. Birinci sual bu olur: “Oğlan nə işin yiyəsidir?” Deyirlər ki, həkimdir. Qızın valideynləri, əmisi, dayısı qımışır: 
- Nə həkimidir? 
- Can həkimi.
Qanları qaralır. Deməli təzyiq, hərarət ölçəcək. Antibiotikdən, raunatindən-zaddan yazacaq. Bir də sidik-qan analizinə baxacaq. Artıq zəmanə dəyişib - bunları hamı bacarır. Can həkimi. Yox bir mal həkimi. Heş olmasa cərrahdan, qinekoloqdan olsaydı, dərd yarıydı. Yatanda da yuxusunda hey sayıqlayacaq: “Strelizə elə, sterilizə elə” Qızın da dərisi açılacaq. Yox! Qızı vermirik. Həkimdir, özü də lütündən.
 
Qulluqçu

Qıza elçi gəlir. Birinci sual bu olur: “Oğlan nə işin yiyəsidir?” Deyirlər ki, qulluqçudur. Üz-göz turşuyur. Elçilər tezcə səhvlərini düzəldirlər. O qulluqçudan yox e, idarədə işləyir, dövlət qulluqçusu. Nə olsun maaşı azdır. Paketi var. Amma gələcəyi də var da... Bir də gördünüz ki, televizorda sərəncamını oxuyurlar. Bütün nəsil fəxr edəcək onunla. Sakit adamdır. Səhər gedir, axşam gəlir - müdirin “kəbinsiz arvadı”dır.   
- Yox, razı deyilik. Yuxuda da hey sayıqlayacaq: “Yorulmuşam, ölürəm, heyim yoxdur”. Qızımız da ürəyində çəkib qocalacaq. Hərdən qatıqlayıb katibəsinin adını da çəkəcək. Yox! Qızı vermirik. Nə olsun vəzifəsi var, zirehi var...
 
Baş və Daş

Qıza elçi gəlir. Birinci sual bu olur: “Oğlan nə işin yiyəsidir?” Deyirlər ki, həm başı var, həm daşı. Lazım olanda başın işlədir, lazım olanda da daşı. Başın saxlamaq üçün bəzən daşı başqalarının başına da vurur.  Necə deyərlər tədbirli, uzaqgörən adamdır. Bu gün nəslimizin fəxridir. Gələcəyi indidən məlumdur.
- Deməli, daşbaşı var?! Qızımıza yaxşı baxacaq. Lap əla! Allah xeyir versin!
- Yox, yox! Siz nə danışırsınız? Daşbaş yox! Baş və Daş.
Valideynlər çaşıb qalırlar ki, bu elçilər nə danışır? Baş nədir, Daş nədir? Elçilər də onların duruxduqlarını görüb başlayırlar izaha:
- Bax, daşbaş nədir – izah edirik: Keçmiş zamanlarda nə elektron tərəzilər vardı, nə də qapanlar. Malı və daşı qoymaq üçün həsirdən hörülmüş tərəzilər idi. İki həsir də ipdən asılı vəziyyətdə olurdu. Tərəzinin ortasında isə başlıq. O başlıq da baqqalların əlində olurdu. Satıcılar alıcıları iki cür aldadırdılar. Ağlı olmayanlar aldatmaq üçün tərəzinin başını öz xeyirlərinə tərəf əyirdilər. Bu da o saat gözə girirdi. Alıcılar da baqqalı salırdılar təpiklərinin altına. Daşlarını da əlindən alıb çırpırdılar başına. Şəhərdən də qovurdular. Bir az ağıllıları isə daşın içini oyub mum təpirdilər. Daşın xarici eyni qalırdı, kütləsi isə qismən də olsa azalırdı. Əsas da odur ki, tərəzinin satıcının əlindəki başı həmişə düpbədüz dururdu. Amma dəxli yoxdur. O da aldadırdı. Əvvəl-axır da üstü açılırdı. Ona görə də aldadıb qazanmağın ikinci adı xalq arasında belə qalıb – DAŞBAŞ. Bizim oğlanın da əlində tərəzi var. Amma mizan tərəzi.
- Hə, hə anladıq. Səhərdən bədii danışırsınız, biz də başa düşmürük. Femidanın əlindəki tərəzini deyirsiz də, hə. Ədalət ilahəsi Femida. Deməli adayımız çox böyük adamdır ki...
- Yox! O Femida dediyinizin gözləri bağlıdır, belə deyək də kordur. Bir əlində mizan-tərəzidirsə, o biri əlində də qılıncdır. Bədii yox, açıq deyəcəyəm ki, aydın olsun.   
Bizim oğlan çox ağıllıdır. Gözləri də açıqdır.Tərəzisində  özünün formalaşdırdığı daşlardır. Tərəzisi də elektron dəqiqliyiylə mizanda. O biri əli isə həmişə cibindədir. Cibindəkilər isə puldur. Çox puldur. İndiki zəmanədə isə pul olan yerdə qılınca ehtiyaç yoxdur. Pulun çoxdursa başın məsləhət bilib daş qoyduğu yerə hamı baş qoyur. Bu oğlan dostlarına, yoldaşlarına, qohumlarına, onun qədrini bilənlərə, ona kömək edənlərə mehribandır - çörək verir. Düşmənləri üstünə hürəndə ağızlarını pulla bağlayır. Bilir ki, yemək iyinə gəliblər. Atır sümüyü qabağına, o saat zingildiyib susurlar. Ayağını qucaqlayırlar. Quyruqlarını bulayırlar. Başa düşməyənlər də olur... Daşı çox ağır olduğundan düşür onu gözügötürməyənlərin başına. Ha deyir ki, bəsdirin mənim daşlarımı sayıb başımı ağrıtdınız. Tərəzimin mizanını pozmağa çalışmayın. Başa düşmürlər. Onda da məcbur qalıb tərəzinin gözündəki ən ağır daşlardan birini götürüb çırpır daşı başına düşənin başına. Elə çırpır ki, o adam daş baş olmur, çıxdaş olur. 
Qohumları da çıxdaşa hey deyirlər ki, işin-gücün qurtarmışdı? Bizi də bəlaya saldın. Başına özün boyda daş düşsün, bu cür oğlanın da bostanına daş atarlar? Bax, daşı başına elə vurdu ki, kül oldu. Külbaş, ürəyin partlayıb öləcəksən. Aparıb basdıracaqlar. Sonra nə olacaq? Pərən-pərən düşən uşaqların da gətirib baş tərəfinə bir dənə qara başdaşı qoyacaqlar. Xorla deyəcəklər: Daş başına. Vəssalam. 
İndi bildiniz ki, bizim oğlan, necə oğlandır? Adayınız necə fərasətlidir? Dostuna dostdur, düşməninə düşmən. İndi bildiniz daş nədir, baş nə? Gəlin siz də, nəsliniz də bizim oğlanın daş qoyduğu yerə baş qoyun. Bizimlə həmrəy, həmfikir olun. Ortaya şirinçay, şirinlik gətirin. Qohum azdır e... dost olun, qardaş olun. Uduzmazsınız.
- Nə deyirik ki... Allah xeyir versin. Adayımızın başına da qurban, daşına da.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı