Həmişə gözləri yol çəkər... Bəlkə ona gözləri yol ata deyim? Ümidi heç ölməz. Necə deyərlər, ümid ən əclaf hissdir, əzabın ömrünü uzadır. Elə də böyük olmayan nəslinin üzünömürlülüyü illər boyunca ürəyində buza dönmüş arzusunun nə vaxtsa reallaşacağına inam verən yeganə hissdir. Yaşı da az deyil; 1937-ci ildəndi. Ondan ayrı düşdüyü günləri isə çox dumanlı xatırlayır. Xatirələr insana əzab verir. 1941-1945-ci il dəhşətlərinin söndürdüyü ocaqlar arasında onların da evi olub, əvvəl atası gedib, arxasınca cavan əmisi. Qoca nənə, cavan gəlin, 3 azyaşlı uşaq tək-tənha qalıb. Məşhur şeirdə olduğu kimi: “Hərdən bir əlini başına götürüb küləkdə dağılan tənhalığını düzəldir”.
Amansız müharibənin küləkləri qara xəbəri Qaraçantaya yaman tez çatdırıb. Xeyrullah Allahın rəhmətinə qovuşub. Ananın sinəsi dağlanıb dağ-dağ olub. Tez o biri oğlunu - Musanı soruşub. Cavab verən olmayıb… Musaya qovuşacağı günün həsrəti ilə yaşayıb. Həyatın bu qədər amansız olacağını düşünməyib də. Müharibənin sonlarına doğru evinə sağ-salamat qayıdanlar arasında qara kağızını almadığı Musasını axtarıb. Gəlməyib Musa... Gördüm deyən də olmayıb heç, Allahın rəhmətinə qovuşdu söyləyən də... Bəs oğlu hanı? Bəs balaca nəvələrinin yağış kimi yağan suallarına necə cavab versin? Nə desin? Müharibə qurtarıb, fəsadları da yavaş-yavaş aradan qaldırılır, sönən ocaqları közərdən, işığını yandıran ailələr də olub, qapısı bağlı evlər də. Mərdliyi, cəsarəti, ayaqda durmağı bacaran itkin oğul Musa anası Fatma isə dim-dik durmağı bacarıb. 3 nəvə böyüdüb, söz yox, qız nəvələrini də çox istəyib. Amma oğul nəvəsi Yəhyanı heç vaxt öz adı ilə çağırmayıb, Allahın rəhmətinə getdiyi günə qədər ona Musa deyib. Ona görə öz adı ilə çağırmayıb ki, ondan itkin balasının qoxusunu alıb. Ona görə belə edib ki, qara kağızını almadığı oğlunun dönüşünə olan inam hissini itirməsin... İnamını beləcə ölməyə qoymayıb. Yoxsulluq, başsızlıq onu incitsə də, bunu isə heç kimə hiss etdirməyib. Yaşayıb, amma yaşadığı hər gün için-için qırılıb. Musa deyə çağırdığı nəvəsinin uşaq, yeniyetmə vaxtlarını bu qədər əzab-əziyyət içində keçirməyə dözməyib bu qoca nənə!!! Yaxşı ki, toyunu görüb, evə gəlin gətirib!!! Və haqq dünyasına qovuşub. Sonuncu nəfəsində Musa yadigarını yanına çağıraraq deyib: «Sənə çox şey qoyub gedə bilmirəm, amma səni mərd, dözümlü, qeyrətli böyütdüyümə görə çox rahat gedirəm».
May ayı atam üçün sevimli ay olmayıb. Yaşının bu çağında belə evlərinə sağ-salamat qayıdan ata-balaların dönüş və Qələbə sevinclərini unuda bilmir. Həm də həyatın amansızlığını həzm edə bilmir. Əmisi, ardınca atası, keşməkeşli və əzablı illəri necə unutmaq olar axı? O, illər boyunca kövrək gözlərini bizdən gizlətmək istəsə də bacarmayıb. İllər sonra məhz həmin gün - 9 mayda ilk övladı dünyaya gəlib. Daha iki övladının doğum tarixləri may ayına təsadüf edib. Sonradan uşaqların sayı çoxalıb, övladları ona kömək etmək, arxa durmağı bacarıb. Amma atam həmişə atasızlığının əzabını çəkib. Qəribə bir sehr var bu bağlılıqda, bu inamda, bu sevgidə? Bəzən sevginin ötəri hiss olduğunu deyirlər. Mən əsla bunu qəbul etmirəm. Bu sevgini gözümüzün önündə yaşadan atam kimi atalarımız varkən necə qəbul edək axı?
Həqiqətən ümid əclaf hiss imiş. Həqiqətən də o, əzabın ömrünü uzadırmış. Uzanan 77 illik bu əzablı yollarda qəribədir ki, atam atasının sağ olduğuna inanır. Deyir bəlkə başqa bir ölkəyə köçüb, ailə qurub, uşaqları olub? Bəlkə bacısı Laləzarın həyat yoldaşı Molla Saitlə birgə doğma Amasiyanı tərk edərək Türkiyənin Qars şəhərində yerləşdiyini eşidərək onlara, övladları Heydər və Əkbərə üz tutub?
Nə bilmək olar, bəlkə də...