Modern.az

Davası aparılmayan seçki

Davası aparılmayan seçki

Ölkə

7 Aprel 2014, 10:59

Türkiyədə qızğın siyasi mübarizə və geniş təbliğat-təşviqat kampaniyası  şəraitində keçən bələdiyyə seçkilərindən sonra Azərbaycanda bu ilki- payıza təyin olunan  eyni adlı seçki haqqında nəsə düşünmək belə istəmirsən. Bələdiyyəçilik modelini bərk-bərk qucaqlayan Türkiyə elə bir mübarizə təntənəsi təqdim etdi ki, ardınca boylanıb prezident seçkisindən sonra  daha bir seçki mərhələsinə qədəm qoyan  ölkəmizin siyasi həyatına baxanda, coşqu əvəzinə, sanki bir ölüm səssizliyi-sükunət müşahidə edirsən və ciddi bələdiyyələr qura bilən dövlətlərə qiptə hissi ilə baxmaya bilmirsən.  

Məsələ seçkilərdə demokratiyanın hansı səviyyədə olmasında deyil, çünki həsəd apardığımız Türkiyənin özündə də  100%  şəffaf bir seçkinin keçirilməsi o qədər inandırıcı görünmür. Müqayisədə bizi müttəfiqlərimizə uduzduran əsas narahatedici məqam  yerli özünüidarəetmə  modelinin bunca illər ərzində öz mahiyyətinə uyğun idarəçilik formasına düşə bilməməsi, bu seçkinin siyasi qüvvələr arasında mübarizənin çazibədar predmetinə  hələ də çevrilməməsidir. Bizdəki bəlli kəm-kəsir  Türkiyə nümunəsi ilə paralellikdə Azərbaycanı uğursuz bir görkəmdə təqdim edir. Aydındır, demokratiyanın yaşına görə Türkiyədən çox balacayıq, sərhədlərimiz Avropanın sərhədləri ilə yaxın məsafəli deyil, Avropa dəyərləri və siyasi sisteminin bir sıra vacib prinsipləri Türkiyənin siyasi quruluşuna, siyasi  mühitinə daha tez müsbət təsir göstərə bilir, nəinki bizə.

Azərbaycan uzun bir dövr ərzində təkcə sərhəd baxımından Rusiyaya yaxın olmayıb, siyasi, ideoloji, mənəvi baxımdan Rusiyanın düz içində olub, onun ortaya qoyduğu nümunələrin izi ilə hərəkət edib. Bələdiyyəçilik anlayışı Türkiyə ilə müqayisədə müasir dünyanın tələblərinə hazırlanan postsovet ölkələri üçün yeni bir termin və idarəetmə formasıdır.  Lakin bu faktorlarla  özümüzü nə vaxta kimi təsəlli edəcəyik?!  
Cənubi Qafqazın kiçik dövləti Gürcüstanda bələdiyyəçilik anlayışı təkcə təfəkkürdə oturuşmayıb, idarəetmənin müstəqil qollarından biri kimi öz funksiyasını əməlli-başlı icra da edir. Üstəlik, axı biz də eksperimentlər mərhələsini az vaxt deyil, adlamışıq. Beynəlxalq təcrübənin Azərbaycan praktikasında ilk dəfə tətbiqi 1999-cu ildə baş verib, bu tarixdən sonra iki dəfə dəfə bələdiyyə seçkiləri keçirilib, üçüncüsünə hazırlıq gedir, bununla belə ürəkaçan olmayan kifayət qədər məqamlar hələ də qalır.

Konkret olaraq, bələdiyyələr geniş səlahiyyətli, icra hakimiyyətlərini nüfuz etibarılə qabaqlayan orqanlara çevrilməyiblər. Türkiyə valilərinin əllərindəki imkanlar bizim icra başçılarımızın imkanları, bizim bələdiyyə sədrlərinin imkanları onların bələdiyyə başqanlarının imkanları qədər deyil. Türkiyədə bələdiyyələr saat kimi işləyir, bizdə bələdiyyələrin fəaliyyətində obyektiv və bəlkə də subyektiv səbəbləri də olan passivlik hökm sürür. Seçkilər illərdir, parlament seçkilərindəki kimi siyasi ehtirasları qızışdırmır. Ölkəmizin siyasi keçmişi, bələdiyyəçilik modelinin Qərbdən, Avropadan gəlməsi və bizim üçün hələ təzə bir institut olması müasir idarəçilik metodlarına  adaptasiya olmağımıza ləngimə imtiyazını vermir.  

Hər seçkidən seçkiyə ciddi fərqlər meydana çıxmalı olduğu halda, sanki geriyə addım atırıq. Azərbaycanda bu il seçki ilidir. Seçki ovqatı varmı?  Cəmiyyət aktivdirmi? Partiyalarda seçki üçün hər hansı bir hazırlıq gedirmi?

Siyasi partiyaların təmərküzləşmə tendensiyası yoxdur. Konsalidasiya meylləri olmadığından, müxalifətin seçki əzmini qıran cəhdlər, konfrantasiya yaradan mövqelər də yoxdur. Seçki ilində müxalifət süst, iqtidar süst.  

Bələdiyyə haqqında qanunlar qəbul ediləndə, bələdiyyəçilik leksikonumuza  sıx  daxil olanda, bu institutun ciddi şəkildə formalaşması üçün bütün resursların işə salınacağına böyük inam var idi. Avropa Şurasının Venesiya Komissiyası digər qanunlar kimi bu qanunun da üstündə əsirdi. Azərbaycan bələdiyyənin mükəmməl qanunvericilik bazasını yaratsa da, yerli özünüidarəetmə institutunu beynəlxalq praktikaya uyğun səviyyədə formalaşdıra bilmədi. Öz funksiyasını əvvəl-əvvəl torpaq satmaq kimi dərk edən bələdiyyələr sosial statuslarında böyük ictimai etimad qazana, reytinqli struktura çevrilə  bilmədilər.     

Nəyə görə? Birinci səbəbkar bu praktikanın həyata keçirilməsinə məsul instansiyalardır. Bələdiyyə institutunun ciddi şəkildə yaradılması, fəaliyyət göstərməsi üçün  tələb olunan bütün şərtlər yerinə yetirilmədi.  İkinci səbəbkar beynəlxalq təşkilatlardır. Bələdiyyə haqqında demokratik qanunların yazılması ilə kifayətləndilər, sonrakı prosesə ciddi yanaşılmadı.  

Üçüncü səbəbkar müxalifətdir. Ona görə ki, bələdiyyələrin azadlığını, geniş səlahiyyətlərini tələb edən opponent mübarizəsi yoxdur. Razılaşaq ki, bələdiyyələrə münasibətin dəyişilməsi, seçkilərə maraq oyadılması bir qədər də siyasi müxalifətin vəzifələrinə daxil məsələdir. Hakimiyyətdə olmayan bu düşərgə parlament və prezident seçkilərinin hüquqi, demokratik meyarlarla bağlı məqamlarında   apardığı davanı bələdiyyə seçkiləri ilə əlaqədar zəruri məsələlərdə ortaya qoymur. Halbuki ölkənin siyasi sistemi, demokratik quruluşu, hüquqi prinsiplərini ehtiva edən məsələlər müxalifətin ardıcıl mübarizəsi ilə öz yerinə oturur.  Klassik müxalifət illərdir, parlament və prezident seçkilərinin davasını döyür,  bələdiyyələrinsə  davasını yeni siyasi qüvvələr düzümü formalaşdırmaq  iddiasında olan yeni qüvvələr də aparmaq istəmir. Maraqlıdır ki, Konstitusiyanı dəyişdirmək, proporsional seçki sisteminin bərpasını tələb etmək , hətta parlamentli respublikaya keçid təklifləri mütəmadi gündəmə gəlir,  çox-çox əvvələ qayıtsaq, Seçki Məcəlləsinin, digər vacib qanunların demokratik normalar əsasında hazırlanmasında beynəlxalq qurumlarla birgə hakimiyyətlə höcətləşən əks-elita bələdiyyələrə gəldikdə, bununla bağlı iqtidar düşərgəsindən heç nə istəmir. Klassik müxalifət və yeni müxalifət iddiaçıları bələdiyyələr məsələsində hakimiyyətlə mövcud konfliktsiz münasibəti elə səbəblərlə arqumentləşdirmək istəyir ki, həmin əsaslandırma müxalifəti qətiyyən haqlı çıxara bilmir. Söhbət ondan gedir ki, müxalifət bələdiyyələrin hazırkı statusunu zəif sayıb, ona  səlahiyyətsiz qurum kimi yanaşıb  seçkiləri laqeyd qarşılayır. Sual olunur: məgər  geniş səlahiyyətə malik Milli Məclisdə azsaylı müxalifət nəyəsə nail ola bilir? İndiyədək  parlament seçkilərində yetərli mandat, həlledici saylar qazanmayıblar, paralel olaraq parlament fraksiyası yaratmaq məsələsində də uduzublar, beləliklə, Milli Məclisdə tənhalıqla irəli heç bir addım ata bilməyiblər.   Hazırlanan alternativ qanun lahiyələrini də komissiya müzakirələrindən plenar iclas səviyyəsinə qaldırmağa müvəffəq olmayıblar. Parlament seçkilərini bələdiyyə seçkilərindən cəlbedici edən budurmu?!  Maraqlıdır ki, buna baxmayaraq  parlament seçkiləri uğrunda mübarizə vaxtından tez başlayır, siyasi ehtirasları coşdurur, hələ üstəlik, seçki bitsə də , dava bitmir...

...Müxalifət və beynəlxalq təşkilatlar bələdiyyələrlə bağlı ortaya iradə qoymayınca, vəziyyəti dəyişmək cəhdləri göstərməyincə, bizə hələ uzun müddət Türkiyə kimi ölkələrin seçki mübarizəsini acgözlüklə izləmək qalacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı