Düz 4 il əvvəl bu mövzuda və elə bu başlıqla bir yazı yazmışdım. O zaman hələ yas mərasimlərində özünü göstərən yemək israfçılığı və ifratçılığı mövzusu indiki qədər aktual deyildi.
O zaman məni bu haqda yazmağa vadar edən ölkəmizdə baş vermiş bir ailə faciəsi olmuşdu. Rayonların birində 8 və 11 yaşlarında iki qardaş su kanalına düşərək boğulmuşdular. Televiziyaların birində iki balasını itirmiş ata danışırdı, arxa fonda isə böyük aş-bozbaş qazanları, samovarlar yan-yana düzülmüşdü... Bu mənzərənin məntiqi izahı nədir - zavallı ata, bir göz qırpımında balaca fidanlarına yas süfrəsi açır. Mərasim əhli də mollanın dəvəti ilə süfrəyə düzülən təamlardan nuş edir. Bizlərdə bir daha görməyəcəyimiz əzizimizə son borcumuz belə ödənilir.
Deyirlər, adət-ənənə belədir. Axı, hardan qaynağını götürür bu adət-ənənə? Dinimizdənmi? İslam dinində və ya İslam ölkələrində Azərbaycanda keçirilən yas mərasimi sayaq mərasim varmı?

Hətta İslamın mərkəzi sayılan Ərəbistanda yas mərasiminə gələnlərə, baş vermiş hadisənin mahiyyətinə uyğun olaraq yalnız acı qəhvə verilir. Yəni, "acımı bölüşməyə gəlmisənsə, şirin qəhvə içməyəcəksən ki?" Bizdəsə, dərd bölüşməyə gələnlər kəmərin altını bərkitdikdən sonra quruca "Allah rəhmət eləsin" söyləyib, "məclisi" tərk edirlər.
Son dövrlər yas məclislərindəki israfçılıq və ifratçılıqla bağlı cəmiyyətdə müzakirələr gedir, hətta inzibati qaydada müəyyən tədbirlər həyata keçirilir. Həqiqətən də, insan itkisinin mahiyyəti ilə daban-dabana ziddiyyət təşkil edən indiki dəbdəbəli yas mərasimləri mənəvi aşınmaya yol açan ünsürlərdən biridir. Lakin hər yeni yas mərasimi əvvəlkini təkrar edir. Son günlərdə olduğum yas mərasimlərində rast gəldiyim mənzərədən bu qənaətə gəldim.
Açıq söyləmək lazımdır. Yas mərasimlərində ehsan verilməsinin bir çərçivəyə salınması ilə bağlı çağırışlara, bəzi məcburi tədbirlərə cəmiyyət elliklə dəstək vermədi. Hətta bir çox hallarda bu, narazılıq, qarşıdurma yaratdı. Çünki milli, dini dəyərlərimizlə və bir insanın həyatdan getməsi hadisəsi ilə ziddiyyət təşkil edən bu ifrat ehsan süfrəsi kültürü xalqın məişətində elə dərin kök salıb ki, ondan qısa vaxtda imtina etmək müşkül məsələdir.
Ona görə də bu problemin ortadan qaldırılması üçün gediləcək hələ çox yol var. Yetər ki, bu yöndə təşəbbüslər dayanmasın...