Modern.az

Sinif otağından sitrus vadisinə: “Mən buranı dirçəldəcəm!” - FOTOREPORTAJ

Sinif otağından sitrus vadisinə: “Mən buranı dirçəldəcəm!” - FOTOREPORTAJ

Reportaj

10 İyul 2026, 18:00

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin mediaturu çərçivəsində yolumuz bu dəfə yaşılın hər çalarını özündə birləşdirən "Citrus Valley" (Sitrus Vadisi) təsərrüfatına düşür. Bizi burada ömrünün yarısını sinif otaqlarında şagirdlərə hərf öyrətməyə, qalan yarısını isə torpağa can verməyə həsr etmiş Rəftarə Şükürova qarşılayır.

Onun hekayəsi sadəcə bir fermer uğuru deyil, torpağa sevginin və bağlılığın manifestidir. Hər şey illər öncə, Rəftarə xanımın kürəkəninin bu ərazidə ilk feyxoa ağaclarını əkməsi ilə başlayıb. Lakin bir müddət sonra kürəkəni bu işdən vaz keçir və bağı tamamilə baxımsız qoyur. Düz 3 il buralar sahibsiz qalır: 
"Bağın o baxımsız, sahibsiz halını görəndə ürəyim ağrıdı", - deyir Rəftarə xanım gözləri uzaqlara dikilərək. "Öz-özümə söz verdim: "Mən buranı dirçəldəcəm!" Beləcə qollarımı çırmayıb işə başladım. İlk vaxtlar yoldaşım mənə qarşı çıxdı. Dedi ki, bu çətin sahədir, burada yalnız kişilər işləyir, sən bacarmazsan. Amma mən inadımdan dönmədim, vaz keçmədim".

İş elə gətirir ki, Rəftarə xanım düz 6 il həm 32 illik sevimli peşəsi olan ibtidai sinif müəllimliyini davam etdirir, həm də çiyinlərində bu nəhəng təsərrüfatı daşıyır. Müəllim olduğu üçün ilk illərdə təsərrüfatla məşğul olduğunu ətrafından gizlədir. Amma torpağın bərəkəti gizli qalmır. Təxminən 10 il əvvəl Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları gəlib bağda çəkiliş edirlər, ardınca mediatur təşkil olunur və Rəftarə müəllimə artıq həm də uğurlu bir qadın fermer kimi tanınmağa başlayır.

Bu gün "Citrus Valley" tam 15 hektar ərazini əhatə edir. Burada 6 hektarda feyxoa, 3,5 hektarda kivi, 4 hektara yaxın ərazidə isə limon, naringi, portağal və kinkan yetişdirilir. Bağın digər küncündə isə talışca "həmbıl" adlandırılan Amerika böyürtkəni boylanır.

Bütün bu nəhəng ərazi müasir damcı suvarma sistemi ilə təmin olunub. Üstəlik, bura tam bir ailə təsərrüfatıdır:

"İndi artıq yoldaşım da, oğlum da mənimlə çiyin-çiyinə çalışır. Oğlum kompot və turşu istehsalatımıza rəhbərlik edir. Qızım Bakıda yaşasa da, imkan tapan kimi dəstək olur. Biz burada təkcə meyvə yetişdirmirik; öz bağımızın məhsullarından dadlı mürəbbələr, hansı ki, qiyməti cəmi 4-5 manatdır, cəmlər, turşular və kompotlar hazırlayırıq. Hətta kompot və bəzi turşularımızı artıq Rusiyaya ixrac edirik".

Təsərrüfatın sorağı tezliklə paytaxta da çatır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ötən ilin noyabrında və bu ilin may ayında "Citrus Valley" bağını ziyarət edərək burada görülən işləri çox yüksək qiymətləndirib. Bu görüşlər bağın gələcək taleyində böyük rol oynayıb:

"Leyla xanım birinci dəfə gələndə bağda soyuducu anbarın tikilməsi ilə bağlı dəstək sözü verdi və dərhal da əməl etdi. Hazırda təsərrüfatımızda müasir soyuducu anbarın tikintisi sürətlə davam edir. Bu ilin mayındakı ikinci gəlişində isə aramızda çox səmimi bir söhbət oldu. Məndən soruşdu ki, 15 hektar bağı hər gün piyada gəzəndə yorulmursunuz? Mən də yorulduğumu gizlətmədim, bəli, yoruluram dedim. Bu səmimi etirafımdan sonra Leyla xanım mənə bağda rahat hərəkət etmək üçün xüsusi qolf avtomobili (golf car) hədiyyə etdi. Bu addım məni göz yaşlarına boğdu. Çünki bu qolf maşını təkcə mənə yox, bütövlükdə Azərbaycan qadınının zəhmətinə, onun gördüyü işə dövlət səviyyəsində verilən ən böyük dəyər və qiymət idi".


Rəftarə xanımın iş qrafiki bəlkə də ən dözümlü insanları belə heyrətə gətirə bilər. Onun günü səhər saat 6-da başlayır və gecə saat 10-da bitir. Amma iş bununla da yekunlaşmır:
"Gecə saat 10-da yerimə girirəm, amma gözümü yummuram. Gecə 12-yə qədər sabahın planını qururam. Kim hara gedəcək, hansı sahə suvarılacaq, hansı məhsul yığılacaq... Bəli, yorulduğum çox olur, amma əsla bezmirəm. İnsan sevdiyi işdən bezməz".

Təsərrüfatın böyüməsində və aqroturizm məkanına çevrilməsində "Aqrar Tədarük və Təchizat" ASC-nin "Şəhərdən Kəndə" və "Kənddən Şəhərə" layihələrinin rolu əvəzsiz olub. Bu layihələr sayəsində sərgilərə, yarmarkalara qatılan təsərrüfat indi ilin bütün fəsillərində, xüsusilə də payızda turist əlindən iynə atmağa yer tapmır.

Məktəblər, şirkətlər, yerli və xarici turist qrupları bura axın edir. Giriş cəmi 5 manatdır, mövsümə görə dəyişə bilir. Qonaqlar gəlib bağı gəzir, meyvəni birbaşa ağacdan özləri dərib dadırlar. Əgər evə aparmaq üçün yığırlarsa, Rəftarə xanım onlara məhsulu bazar qiymətindən qat-qat aşağı qiymətə təklif edir.

Bəs təhlükəsizlik? Təbiət qoynunda, kolluqların arasında ilan-çıyan qorxusu yoxdurmu? Rəftarə xanım gülümsəyərək deyir:

"Bağda təhlükəsizliyə daim nəzarət edirik. İndiyə qədər heç bir xoşagəlməz hadisə, ilan sancması olmayıb. Bu illər ərzində mən özüm də cəmi bir-iki dəfə ziyansız koramal ilan görmüşəm, vəssalam. Qonaqlarımız tam rahat ola bilərlər."

Hazırda gecələmə xidməti olmasa da, "Citrus Valley" gələcəkdə qonaqları üçün kənd evləri tikməyi və fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.

Lənkəranın bu yaşıl vadisindən ayrılarkən anlayırıq ki, torpağa sevgiylə toxunan qadın əli, ən baxımsız bağı belə cənnətə çevirməyə qadirdir. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiyanın gəmilərini ard-arda VURDU - ŞOK GÖRÜNTÜLƏR