Modern.az

İlham Əliyev İhsan Doğramacının ailəsinə başsağlığı verib

İlham Əliyev İhsan Doğramacının ailəsinə başsağlığı verib

Təhsil

25 Fevral 2010, 17:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli ictimai xadim, dünya şöhrətli alim və maarifçi, müdrik və xeyirxah insan İhsan Doğramacının vəfatı ilə bağlıonun olu Əli Doğramacıya başsağlığı verib. Bağsağlığında bildirilir:
- Türk dünyasının böyük oğlu, görkəmli ictimai xadim, dünya şöhrətli alim və maarifçi, müdrik və xeyirxah insan İhsan Doğramacının vəfatı ilə bağlı kədərli xəbəri dərin hüznlə qarşılayaraq Sizə, ailənizə və yaxınlarınıza öz başsağlığımı çatdırıram. Mənim və Mehriban xanımın başsağlığını ananız Ayser xanıma yetirməyinizi xahiş edirəm.
İhsan Doğramacının Azərbaycanın ən ali mükafatları – “İstiqlal” və “Heydər Əliyev” ordenləri ilə təltif olunması Azərbaycan tərəfindən onun həyatı boyu göstərdiyi misilsiz xidmətlərinə hörmət və ehtiramın parlaq ifadəsi idi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə onun uzun illər boyu davam edən dostluğu bizim hamımızın yaddaşına əbədi həkk olunub. 2003-cü ildə Heydər Əliyevlə vidalaşma mərasimində İhsan bəyin söylədiyi ürək sözlərini mən heç vaxt unutmayacağam.
Azərbaycan xalqının səmimi dostu olan İhsan bəyin ölümü ölkəmizin hər bir vətəndaşı tərəfindən ağır itki kimi qəbul edilir. Onun işıqlı xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Allah ona qəni-qəni rəhmət eləsin. Qəbri nurla dolsun.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?