Modern.az

Sevdiyin adam ölürsə...

Sevdiyin adam ölürsə...

Təhsil

15 Mart 2014, 11:43

Ölümü ilk dəfə görəndə 19-20 yaşım olardı.  Çox sevdiyim 9 aylıq bir körpə öldü qucağımda. Mən nə qorxdum, nə ağlımı itirdim. Dərk etmədiyin bir şeyin nəyindən qorxasan ki?!  Sadəcə, ölümün körpəni xəbisliklə əlimdən alıb qaçması mənə yer elədi. Bunula indiyədək də barışa bilmirəm.  Acizlik qədər nifrət etdiyim ikinci bir hiss yoxdur. İndinin özündə də həmin anlar yadıma düşəndə özümdən iyrənirəm.

İkinci dəfə ölüm müharibə qiyafəsini geyinib gəldi və çevrəmdəki sevdiyim adamlardan birini götürüb apardı. Ölümün əslində nə olduğunu bax onda başa düşməyə başladım.

Ölüm hər şeydən əvvəl AYRILIQ deməkdir. Dilin-dodağın beş yerdən çartlasa belə, bircə anlığa da olsa, uzaqdan-uzağa görmək üçün bütün müqəddəslərə and verib gecə-gündüz dua eləsən belə, onu BİR DƏ HEÇ VAXT, eşidirsən,  HEÇ VAXT  GÖRMƏYƏCƏKSƏN deməkdir... ZƏHMƏT ÇƏK, CANIN ÇIXSIN, ONSUZ  YAŞA deməkdir.  

Sən də  özünü onun yanında görmək – yəni ölmək arzusu ilə günləri bir-birinin dalınca yola salırsan. Zəhmət çəkməyinə çəkirsən, amma canın çıxmır – beləcə yaşayırsan. Və həyatında bəzi şeylər dəyişir...

Çalışırsan heç kimə ürəkdən bağlanmayasan. Sonradan ölüm səni yandırıb-yaxmasın deyə qəlbinə heç kimi buraxmamağa çalışırsan. Beləcə,  özünü təkrar müqəddəslərə minnətçi düşməkdən sığortalayırsan.  Ölümün acığına sevmirsən. Sevmirsən ki, sənsiz qəbul edilmiş ayrılıq qərarına kişi kimi dözməyi bacarasan, yaşadığına görə özün özündən utanmayasan, özün öz yanında biabır olmayasan...

Və beləcə, ömrünün ən maraqlı sayılan illərini rəfiqəsiz, dostsuz, yoldaşsız, sevgisiz, amma sığortalı yaşayırsan...

Di gəl günlərin bir günü elə adamlarla rastlaşırsan ki, onları sevməmək, onlara qəlbinin qapılarını açmamaq mümkün olmur. Özünçün uydurduğun sığorta-filan hamısı gedir işinin dalınca. Başlayırsan dirilməyə, ağ-qara həyatın bir anın içində rənglənir, ətrafında hər şey, hər şey  gözəlləşir. Qarşına çıxan insanların hər biri ilə əzizinmiş kimi davranmağa başlayırsan, qısası – HƏYATA, insan kimi YAŞAMAĞA qayıdırsan.  

Mən belə adamların biri ilə deyil, birdən-birə bir neçəsi ilə rastlaşdım. Sanki yaşamadığım illərin əvəzini çıxmaq üçün sevgi dolu insanların  hamısı birdən yoluma çıxdı. Və şeytan məni yenə tovladı – əhdimə xilaf çıxıb yenə  sevməyə başladım.

Üstündən uzun illər keçib və mən indi başa düşürəm ki, biz ona görə  bir-birimizə belə bağlanmışıq ki, həmin vaxt hərənin özünə görə bir səbəbi olsa da, əslində, hamımızın bir-birimizə ehtiyacı olub, daha doğrusu, bir-birimizin sevgisinə. Sanki Allahın hamımıza birdən yazığı gəlmişdi, bizi bir-birimizi yaşatmaq üçün bir otağa yığmışdı. Bu, unudulmayacaq sevgi idi. Və nə yaxşı ki, belə idi. Sevginin qütbləri -  Məsiağa müəllim, Xaqani, Vüqar, Əfqan, Jalə, Fatma, mən və İbrahim. İbrahim ən sonda qoşulmuşdu bizə.

Əla oğlan idi İbrahim... Onu sevməmək mümkün deyildi.

Mən onu nə vaxtdan sevməyə başladım, yadımda deyil. Onun isə hər şey çox gözəl yadında idi. Bir yerə yığışanda “Siz bilirsiz mən Nüşünü nə vaxtdan sevməyə başladım?” deyib mənim çoxdan unutduğum, özünün isə dəqiq xatırladığı bir əhvalatı danışardı.

İllər keçdi, hərəmiz bir tərəfə üz tutduq. Amma ayrılmadıq, görüşəndə görüşdük, danışanda danışdıq. Hər görəndə deyərdim ki, İbrahim, adamın sənin kimi dostu ola. İnciyirmiş kimi: “Dostun deyiləm ki?” deyərdi.

Bax indi hər şeyi o qədər gözəl xatırlayıram ki...  əsgərlikdə olanda Xaqaninin yanına, hərbi hissəyə getməyimizi, yol boyu söhbətlərimizi, müdafiə günü gəlməsən də göndərdiyin o gözəl qızılgülləri, Məsiağa müəllim sən və mən oturub saatlarla dərdləşməyimizi... Selcana tort almağını, hər dəfə də Selcanı soruşanda “Gəlinimə yaxşı bax. Qızı heç kimə vermirsən ha” atmacalarını, gələcəklə bağlı məzəli planlarını, məsələn, gəl uşaqlara toy eləyəndə filankəsi çağırmayaq,  filan şeyi belə eləyək kimi sözlərini... çox şeyi...       

Facebookdakı yazışmamıza baxıram. Ən axırıncısı ötən il, mayın 14-də sənin ad günündə olub.

“Diqqətinə görə minnətdaram, əziz bacım! Amma inan ki, ad günlərini heç sevmədim. Biz sevinirik ki, doğum günümüzdür, ancaq qocaldığımızı unuduruq. Mən isə vaxtından əvvəl qocaldığım üçün ad günlərini, demək olar ki, sevmirəm. Çox sağ ol, əziz bacım. Sənin kimi dostum və bacım olduğu üçün çox xoşbəxtəm!”

Sənsə adamı xoşbəxt olmağa qoymadın, dost. Və səni itirməklə mən  bir şeyi başa düşdüm  - ölüm, ayrılıq hər zaman amansızdır. Onun sənə heç vaxt yazığı gəlmir. Sevdiklərini çalır, aparır və sənin sevgisiz qoyduğu sonrakı həyatına tüpürmək belə istəmir.

Tək bircə təsəllim var – bizim çəkdiyimiz ayrılıq acısını sən bizim kimi yaşamırsan. Sənə orda xoşdursa, biz dözərik. Guya dözməyib neyləyəcəyik ki?

Amma bircə xahişim var – aradabir yuxuma gəl. Oturub dərdləşək, ordan-burdan danışaq, uşaqların toyunu müzakirə  edək.

Dostumsan, sözümü yerə salma, İbrahim…


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı