Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Ukrayna vasitəsilə Rusiya ilə qarşıdurmaya girməsini Moskva üçün təhdid adlandırıb.
Modern.az xəbər verir ki, Putin bu barədə oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XXIII illik toplantısının plenar iclasında çıxışı zamanı danışıb.
Rusiya lideri bildirib ki, Moskvanı Ukraynaya silah tədarükündən daha çox Qərb ölkələrinin döyüş əməliyyatlarına birbaşa cəlb olunması və Rusiya ərazisinin dərinliklərinə zərbələrdə iştirakı narahat edir.
“Kim Ukraynadan vasitə kimi istifadə edərək Rusiya ilə döyüşmək istəyirsə, bu, bizim üçün təhdiddir”, - Putin deyib.
O, həmçinin Ukraynanın “dövlətçilik elementlərini itirdiyini və xaricdən idarə olunduğunu” iddia edib. Bu fikir Putinin bugünkü çıxışından yayımlanan materiallarda da yer alıb.
Putin Avropa ölkələrinin, onun fikrincə, vətəndaşlarını Rusiya ilə təhlükəli qarşıdurma həddinə yaxınlaşdırdığını bildirib. Rusiya Prezidenti Qərblə münasibət qurmaq üçün 2000-ci illərdə etdiyi cəhdlərdən peşman olmadığını da söyləyib.
Rusiya lideri Qara dənizdə gəmilərə hücumlar və enerji infrastrukturu ətrafındakı vəziyyətə də toxunub. O, Rusiya neft emalı zavodlarına zərbələrin ölkə iqtisadiyyatına təsir göstərdiyini, Moskvanın isə Ukrayna ərazisində cavab zərbələri endirdiyini bildirib.
Putin gəmilərə hücumların dayandırılması müqabilində Rusiya neft emalı zavodlarına zərbələrin dayandırılması ilə bağlı hazırkı təklifləri məqbul hesab etmədiyini deyib. Türkiyə daha əvvəl Rusiya və Ukraynaya Qara dənizdə gəmilərə qarşı zərbələrin azaldılması ilə bağlı təklif təqdim edib; Kremlin sözçüsü Dmitri Peskov belə bir təşəbbüsün müzakirə edildiyini təsdiqləyib.
Putin Rusiyanın “aqressiv davranışa” qarşı dünyanın müxtəlif bölgələrində qarşılıqlı prinsiplə hərəkət etməyə hazır olduğunu da bəyan edib.