İyulun 15-dən etibarən Dövlət İmtahan Mərkəzi (DİM) 105 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatlarına uyğun 398 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edib.
DİM-dən Modern.az-a bildirilib ki, vakant vəzifələrin 36-sı dördüncü, 44-ü beşinci, 103-ü altıncı, 215-i isə yeddinci təsnifata aiddir. Dövlət orqanları arasında ən çox vakant vəzifə Dövlət Turizm Agentliyi tərəfindən təqdim edilib. Agentlik üzrə 17 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.
Ümumi müsahibəyə təqdim olunan vakant vəzifələrdən 148-i 44 yerli icra hakimiyyəti orqanına, 30-u 16 məhkəmə hakimiyyəti orqanına, 119-u isə Naxçıvan Muxtar Respublikasının 21 dövlət orqanına aiddir.
Ümumi müsahibədə aşağıda qeyd olunan kateqoriya üzrə şəxslər iştirak etmək hüququna malikdirlər:
• Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
• Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
• “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
• “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
• Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
• Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
• Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
Namizədlər iyulun 15-dən avqustun 13-ü saat 18:00-dək DİM-in internet portalı vasitəsilə “Dövlət qulluğu üzrə müraciət forması”nı dolduraraq qeydiyyatdan keçə bilərlər.
Müraciət edən şəxslər “Dövlət qulluğu haqqında” Qanunun 27-ci maddəsinin və vakant vəzifələrin tutulması üçün müəyyən edilmiş ümumi şərtlərin tələblərinə cavab verməlidirlər. Tələblərə uyğun olmayan namizədlər müsahibədə iştirak hüququ əldə etməyəcəklər.
Namizədlər müsahibələrin vaxtı və keçirilmə yeri barədə məlumatları sənəd qəbulu başa çatdıqdan sonra DİM-in portalında və müvafiq dövlət orqanlarının rəsmi internet səhifələrində yerləşdiriləcək qrafikdən əldə edə bilərlər.
Qeyd edək ki, müsahibənin keçirilməsində məqsəd namizədlərin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifənin tələblərinə uyğunluğunu qiymətləndirməkdir.