Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 5 iyul 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Belə ki, bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan Laçın rayon Oğuz tam orta məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 277.3 bal toplayıb.
Modernaz xəbər verir ki, AzEdu.az-a İsbəndiyarlı Paşa Araz oğlu əlaqə saxlayaraq təəssüratlarını öyrənib:
"Məncə, hər iki qəbul imtahanının çətinlik səviyyəsi demək olar ki, eyni idi. Suallar arasında ciddi fərq olduğunu deməzdim. Birinci imtahanda diqqətsizlikdən sürüşdürmə səhvi etmişdim və bu, balıma təsir göstərdi. Məhz buna görə ikinci cəhddə iştirak etdim. Coğrafiya və tarix fənləri mənə rahat gəldi. Riyaziyyatda isə bəzi qəliz suallar var idi, amma bir qədər düşünməklə onları da həll etmək mümkün oldu.
Bu yolda valideynlərim, müəllimlərim, qohumlarım və dostlarım mənə böyük dəstək oldular. Məncə, yüksək bal toplamağın sirri sistemli çalışmaq, dərslərə diqqətlə qulaq asmaq və testləri müntəzəm işləməkdir. Açığı, həddindən artıq çox dərs oxumurdum, amma planlı şəkildə hazırlaşdığım üçün yüksək nəticə əldə etdim".
O qeyd edib ki, ikinci cəhdə gedərkən maksimum nəticə göstərə biləcəyinə inanırdı:
"Birinci imtahandakı səhvim diqqətsizlikdən olmuşdu. Ona görə də ikinci imtahanda bunu düzəldəcəyimə inanırdım. İmtahandan çıxanda 400 bal toplamaq ehtimalının yüksək olduğunu düşünürdüm. Tam əmin olmasam da, bu nəticəni gözləyirdim. Təhsilimi ADA Universitetində və ya Bakı Ali Neft Məktəbində maliyyə ixtisası üzrə davam etdirmək istəyirəm. Bu sahəni həm perspektivli, həm də prestijli hesab etdiyim üçün seçmişəm".
Gələcək abituriyentlərə tövsiyə verən Paşa imtahandan qorxmamağın vacibliyini vurğulayıb:
"İmtahandan qorxmağa ehtiyac yoxdur. İnsan sistemli şəkildə hazırlaşsa, hər şeyin öhdəsindən gələ bilər. 400 bal toplamaq mümkündür. Bunun üçün testləri müntəzəm işləmək və vaxtı düzgün bölüşdürmək lazımdır.
Hazırlıq dövründə sosial şəbəkələrdən istifadə edirdim. Elə günlər olurdu ki, daha çox vaxt ayırırdım, elə günlər də olurdu ki, az istifadə edirdim. Amma çalışırdım ki, bu, dərslərimə mane olmasın. Vaxtımı düzgün planlaşdırmağa üstünlük verirdim".