Modern.az

BMU tələbəsi: “İkili diplom proqramı gələcək karyeramız üçün mühüm üstünlükdür”

BMU tələbəsi: “İkili diplom proqramı gələcək karyeramız üçün mühüm üstünlükdür”

Təhsil

Bu gün, 14:02

Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının (BMU-İNHA İDP) "Kompüter elmləri" (Süni intellekt mühəndisliyi) ixtisası üzrə I kurs tələbəsi Ömər Əliyev yay məktəbində qazandığı təcrübədən və proqramın üstünlüklərindən danışıb.

Modern.az xəbər verir ki, hazırda Koreyadan dəvət olunmuş professor-müəllim heyətinin iştirakı ilə keçirilən yay məktəbində iştirak edən Ömər Əliyev proqramın həm nəzəri, həm də praktiki baxımdan tələbələr üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Onun sözlərinə görə, yay məktəbi gələcək təhsil mərhələlərinə daha hazırlıqlı başlamağa və ixtisas üzrə fundamental biliklər qazanmağa imkan yaradır.

"Yay məktəbi yalnız maraqlı dərslərlə yadda qalmır, eyni zamanda gələcəkdə ixtisasımız üzrə bizə lazım olacaq fundamental biliklərin formalaşmasında əvəzsiz rol oynayır. Tələbə yoldaşlarımızla birlikdə keçirdiyimiz dərslər, hər kəsin öyrənməyə həvəsli yanaşması və komanda ruhu bu prosesi daha da maraqlı edir. Belə bir kollektivin üzvü olmaq mənim üçün böyük qürurdur", – deyə tələbə vurğulayıb.

Ö.Əliyev qeyd edib ki, yay məktəbi çərçivəsində tələbələrə ixtisas üzrə ilkin nəzəri və praktiki biliklər aşılanır. Hazırda proqramda "Süni intellektə giriş" və "Python proqramlaşdırma" fənləri tədris olunur. Koreyalı professorlar Li və Kimin keçdiyi dərslərdə tələbələr süni intellektin əsasları, proqramlaşdırma bacarıqları və gələcək peşə fəaliyyətində istifadə edəcəkləri mühüm biliklər əldə edirlər.

Tələbə proqramın əsas üstünlüklərindən birinin ikili diplom imkanı olduğunu da diqqətə çatdırıb.

"Üç il BMU-da, bir il isə Cənubi Koreyanın İNHA Universitetində təhsil aldıqdan sonra hər iki ali təhsil müəssisəsinin diplomunu əldə etmək bizim üçün çox böyük üstünlükdür. Həm yerli, həm də beynəlxalq səviyyədə tanınan diplomlara sahib olmaq gələcək karyeramızın qurulmasında və peşəkar mütəxəssis kimi formalaşmağımızda mühüm rol oynayacaq", – deyə o bildirib.

Qeyd edək ki, Ömər Əliyev bu ixtisasa 649 balla qəbul olub. O, proqramın təşkilində əməyi olan hər kəsə təşəkkür edib və yaradılan bu imkanın tələbələrin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssis kimi yetişməsinə mühüm töhfə verdiyini vurğulayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR