2025-2026-cı tədris ilində peşə təhsili müəssisələrində təhsil alan tələbələrin yaş göstəriciləri diqqətçəkən mənzərə ortaya qoyub.
Modern.az xəbər verir ki, AzEdu.az-ın əldə etdiyi məlumata görə, hazırda peşə təhsili üzrə tələbələrin yaş aralığı 13-dən 78 yaşadək dəyişir. Ölkə üzrə peşə təhsili alanların orta yaşı 21,1-dir.
Məlumatlara əsasən, peşə təhsilində ən gənc tələbə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Aşpaz” ixtisası üzrə təhsil alan 13 yaşlı oğlandır. İkinci ən gənc tələbə isə Kürdəmir Peşə Liseyində “Qida və içki üzrə nəzarətçi” ixtisasında oxuyan 14 yaşlı qızdır.
Yaş göstəricilərinə görə ən yaşlı tələbələr arasında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Arıçı” ixtisası üzrə təhsil alan 76 yaşlı kişi və Ordubad Peşə Liseyində “Xalçaçı” ixtisası üzrə təhsil alan 78 yaşlı qadın yer alır.
Göstəricilər peşə təhsilinin yalnız gənclər üçün deyil, müxtəlif yaş qruplarından olan vətəndaşlar üçün də əlçatan olduğunu, insanların istənilən yaşda yeni peşəyə yiyələnmək və ya biliklərini təkmilləşdirmək imkanına malik olduqlarını göstərir.