Modern.az

Bir şəklin tarixçəsi - Beş prezidentlə işləmiş köməkçi - Güllələnmiş MƏMUR

Bir şəklin tarixçəsi - Beş prezidentlə işləmiş köməkçi - Güllələnmiş MƏMUR

Reportaj

30 Mart 2023, 14:15

Azərbaycanda bir sıra məmurlar olub ki, hakimiyyət dəyişikliyi onları vəzifədən uzaqlaşdıra bilməyib. İqtidarlar dəyişsə də, onlar öz postlarını qoruya biliblər.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi fotoda belə məmurlardan biri əks olunub. O, Azərbaycan Respublikasına rəhbərlik etmiş bir neçə dövlət başçısı ilə işləyib – prezidentlərin köməkçisi olub.

Haqqında bəhs etdiyimiz şəxs uzun müddət Prezident Aparatında yüksək vəzifə tutmuş Gülşad Zərbəliyevdir (Bəzən adı Gürşad kimi də yazılır-müəllif).

Bu fotoşəkildə soldakı Prezidentin köməkçisi Gülşad Zərbəliyev, sağdakı sabiq rabitə naziri Siruz Abasbəylidir. Foto 90-cı illərdə çəkilib.

Siruz Abasbəyli fotoşəkli Modern.az-a qısaca olaraq belə şərh edib:

“Dostum Gülşad ilə... Allah rəhmət eləsin... Prezident Aparatında, Prezidentin qəbul otagı...”.

Gülşad Zərbəliyev 1990-cı illərdən sonra Prezident Aparatında işləmiş məşhur simalardan biri olub. Ən maraqlısı da onun bir neçə dövlət rəhbəri ilə yola gedə bilməsidir.

Zarafat deyil, G.Zərbəliyev beş dövlət başçısının köməkçisi işləyib.

O, əvvəlcə 1991-1992-ci illərdə Prezident Ayaz Mütəllibovun köməkçisi vəzifəsində çalışıb.

1992-ci il martın 6-da Xocalı soyqırımına görə istefa verməyə məcbur olan Ayaz Mütəllibovun prezident səlahiyyətləri müvəqqəti olaraq o zaman Ali Sovetin sədri postunu tutan Yaqub Məmmədova keçib. Gülşad Zərbəliyev 5 mart 1992-ci ildən 18 may 1992-cilə kimi Yaqub Məmmədovun köməkçisi olub.

Daha sonra ölkədə iqtidar dəyişikliyi baş verdi – Xalq Cəbhəsi hakimiyyətə gəldi.

18 may 1992-ci il tarixində Ali Sovetə yeni sədr seçilən İsa Qəmbər 13 iyun 1993-cü il tarixinə kimi həm də Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini icra etdi. Gülşad Zərbəliyev həmin müddətdə Prezidentin köməkçisi postunda qalmaqla İsa Qəmbərlə də işlədi.

1992-ci ilin iyun ayında Əbülfəz Elçibəy Azərbaycan Respublikasının yeni Prezidenti seçildi.
Gülşad Zərbəliyev yenə vəzifəsini qoruya bildi, o, Prezident Aparatında çalışmaqla Elçibəyə hakimiyyətinin sonuna kimi kömək etdi.

Nəhayət 1993-cü ilin iyununda Xalq Cəbhəsi iqtidarı da süqut etdi – hakimiyyətə başda Heydər Əliyev olmaqla yeni komanda - Yeni Azərbaycan Partiyası gəldi. Gülşad Zərbəliyev Heydər Əliyevin komandasına daxil olmaqla bir müddət Prezident köməkçisi kimi vəzifəsində qalmağı bacardı... Amma bu, uzun sürmədi...

Prezidentlər Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyevin, prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov və İsa Qəmbərin köməkçisi olmuş Gülşad Zərbəliyevin sonrakı aqibəti faciəvi sonluqla bitdi. O, Bakıda güllələnərək qətlə yetirildi...

Qətlə yetiriləndə Gülşad Zərbəliyev artıq Prezident köməkçisi deyildi... O, həmin vaxt "Günay" qəzetində baş direktor vəzifəsini tuturdu. Bu müəmmalı qətl nəticəsində Gülşad Zərbəliyev bir çox sirləri də özü ilə o dünyaya apardı...


Ə.Qafarlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir