Modern.az

İran prezidenti olmaq istəyən mer - Əlirza Zakani KİMDİR...

İran prezidenti olmaq istəyən mer - Əlirza Zakani KİMDİR...

Reportaj

13 İyun 2024, 10:04

İranın Konstitusiya Keşikçiləri Şurası (12 üzvü var) iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;
Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;
Əlirza Zakani - Tehran meri;
Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;
Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;
Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.

Modern.az saytı ötən günlərdə Səid Cəlili və Məsud Pezeşkian və Məhəmməd Baqir Qalibaf haqqında yazılar təqdim etmişdi.

Bu dəfə Əlirza Zakaninin kim olduğunu diqqətə çatdırırıq.

Siyasi ekspertlər Tehran meri Əlirza Zakanini ortabab namizəd sayırlar.

Hələ 2021-ci il prezidentlik yarışına qoşulan Zakani son mərhələdə qalib İbrahim Rəisinin xeyrinə geri çəkilmişdi. Həmin vaxtlar o, prezidentlik debatlarında ən güclü namizədlərdən biri idi.

Əlirza Zakani 1966-cı ildə Tehranda dindar ailədə anadan olub. Onun atası Hacı Hüseyn Zakani paytaxtın cənubunda yerləşən və dünyanın ən qədim şəhərlərindən biri olan Rey şəhərində tanınmış idmançı olub.

Atasının yolunu davam etdirən Zakani gənclik illərində güləşə həvəs göstərib.

Tələbəlik illərində Pəhləvi rejiminə qarşı gənclər hərəkatına qoşulan Əlirza Zakani Tehranın hər yerində yürüş və nümayişlərdə iştirak etmişdi.

İslam İnqilabının qələbəsindən sonra baş verən İran-İraq müharibəsi zamanı Əlirza Zakani də döyüş meydanlarında olub.

O, İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının 27-ci Məhəmməd Rəsulullah diviziyası və 10-cu Seyid əl-Şühəda diviziyası kimi birliklərdə xidmət edib.

Müharibə illərində batalyon komandirinin müavini, Nəcəf Əşrəf 3-cü düşərgənin kəşfiyyat və əməliyyat rəisi, 27-ci Məhəmməd Rəsulullah diviziyasının kəşfiyyat və əməliyyatlar üzrə rəis müavini və bu bölmənin rəisi kimi müxtəlif vəzifələrdə çalışıb.

Zəkaninin cəbhə xəttində 62 aylıq könüllü xidmət tarixi var, o, müharibədə əlindən, ayağından və boynundan ağır yaralar alıb, savaşı 50 faizlik xəsarətlə başa vurub.


Əlirza Zakani 1989-cu ildə Masume Paketçi ilə evlənib və bu evlilikdən üç övladı dünyaya gəlib.

Zakani 1989-cu ildə Tehran Tibb Elmləri Universitetində ali təhsilə başlayıb.

1997-ci ilin yayında doktorluq dissertasiyasını müdafiə edib və 2003-cü ildə ixtisas imtahanı verərək nüvə təbabəti kursunu bitirib.
 

Zakani tələbə ikən Tehran Tibb Elmləri Universitetinin İslam Tələbə Birliyinin Mərkəzi Şurasında fəal iştirak edib.

Bu xəbər ilə bağlı
İranda prezidentliyə şanslı namizəd: kürd-fars qarışığı olan Qalibaf KİMDİR...
Xəbəri oxu

O, İmam Xomeyni adına Xəstəxana Kompleksinin Nüvə Tibb Mərkəzində və Şəriət Xəstəxanasının Nüvə Tibb Araşdırma Mərkəzində çalışıb.

Zakani İran Nüvə Tibb Elmi Assosiasiyasının idarə heyətinin üzvüdür.

Əlirza Zakani siyasi karyerasına 2004-cü ildə başlayıb.  O, 2020-ci ildən 2021-ci ilə qədər Tehran, Rey, Şemiranat, Eslamşəhr və Pərdis seçki dairələrində parlament üzvü olub.

2021-ci ildən Tehranın meri vəzifəsində çalışır.

O, 2013 və 2017-ci illərdə prezident seçkilərində iştirak üçün namizədliyini irəli sürüb, lakin hər iki halda Konstitusiya Keşikçiləri Şurası tərəfindən seçkiyə buraxılmayıb.
Onun namizədliyi 2021-ci il seçkilərində qəbul edilin, lakin səsverməyə bir neçə gün qalmış İbrahim Rəisinin xeyrinə geri çəkilib.

Əlrza Zakani iyunun 28-də keçiriləcək prezident seçkilərində namizəd kimi qeydə alındıqdan keçirilən mətbuat konfransında mərhum Rəisi və onun xarici siyasətini yüksək qiymətləndirib.

Zakani insanların problemlərini ədalət mərkəzli siyasət yolu ilə həll edəcəyinə, korrupsiya və ayrı-seçkiliyin aradan qaldırılmasına, vətəndaşların maksimum iştirakına şərait yaradılacağına söz verib.

O, ölkənin bütün imkanlarından və inqilabi cəbhənin dəyərlərindən istifadənin, İran mədəniyyətinə arxalanaraq iştirakçı və mülki idarəetmənin mərkəzsizləşdirilməsi və gücləndirilməsi, alıcılıq qabiliyyətinin artırılması və xalqın rifahının yüksəldilməsi zərurətini vurğulayıb.

Bəzi ekspertlərin fikrincə Əlirza Zakaninin 2021-ci il seçkilərində olduğu kimi, bu dəfə də hər hansı bir namizədin xeyrinə geri çəkilmə ehtimalı gözləniləndir. Buna onun İran miqyasında böyük sayılacaq sosial bazaya malik olmadığı səbəb göstərilir.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!