Modern.az

Ümid sonda ölür - Qardaş ölkədə təsirli anlar

Ümid sonda ölür - Qardaş ölkədə təsirli anlar

8 Fevral 2023, 15:08

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ 10 vilayətdə dağıntılara və minlərlə insanın ölümünə səbəb olub. Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri sürətlə davam etdirilir. Saatlarla dağıntı altında qalan vətəndaşların bəziləri xilas edilib, bir çoxunun isə cansız bədənini çıxarmaq mümkün olub.

 

Modern.az xilasetmə əməliyyatlarında lentə alınan təsirli görüntüləri təqdim edir

 

Ana və 6 aylıq körpəsinin xilası

 

Hatay şəhərinin Odabaşı məhəlləsində zəlzələ nəticəsində çökən binanın altında qalan 30 yaşlı Hülya Yılmaz ve 6 aylıq övladı sağ-salamat xilas edilib. Ana və övladı xəstəxanaya yerləşdirilib.

 

38 yaşlı vətəndaşın həyata dönüşü

 

Zəlzələnin episentri olan Kahramanmaraş şəhərinin mərkəzində dağıntılar altında çarəsiz qalan 38 yaşlı Ahmet Ay da xilas olunub. Həyat yoldaşını itirən Ahmet Ayın dağıntı altında qalan qızı üçün xilasetmə işləri davam etdirilir. Həmin ərazidə Başqa bir binanın dağıntısı altında qalmış 5 yaşlı uşaq da sağ çıxarılıb.

 

Xilas edilən qız axtarışlara qoşuldu

 

Axtarış-xilasetmə işləri üçün Hataya gedən Muğla Böyükşəhər Bələdiyyəsinin Fövqəladə Hallar Dairəsinin əməkdaşları burada 24 saat sonra dağıntı altında qalmış Hatice Şeren adlı qadını xilas edib. Xilas edildikdən sonra Şeren deyib: "Heç bir problemim yoxdur. Salamatam. Burada qalıb atamla anamı xilas etmək istəyirəm".

 

28 saatdan sonra gələn ümid

 

Hatayda dağıntı altında qalmış ana və iki uşağın xilası alqışla qarşılanıb. Uşaqların dayısı onları görən kimi qucaqlayaraq ağlayıb. Həmin yerdən yaşlı bir şəxs də yaralı olaraq təxliyə edilib. 

 

24 saatdan sonra ana və oğlunun xilası

 

Hatayın Antakya ərazisində dağıntı altında qalan azyaşlı xilas edilərək, xəstəxanaya aparılıb. 24 saat dağıntı altında qalan Bəkirin anası da ərazidən çıxarılıb.

 

Ana xilas edildi, qızları isə həyatını itirdi

 

Hatayda zəlzələ nəticəsində 6 mərtəbəli bina yerlə yeksan olub. 30 saatdan sonra dağıntılar altından bir qadın sağ-salamat çıxarılıb. Onun 4 və 6 yaşlarında olan qızlarının isə meyitləri aşkarlanıb. Yaralı qadın xəstəxanaya yerləşdirilib.

 

3 və 16 yaşlı qızlar üçün möcüzə

 

Malatya şəhərində dağıntı altında qalan 3 yaşlı qız uşağı ilə atası gərgin iş nəticəsində xilas edilib. Hatayda isə 16 yaşlı Şevval Deniz adlı qız uçan binanın dağıntısından sağ çıxıb.

 

Yorğana bürüyüb su verdilər

 

Beton blokun altında sıxılı vəziyyətdə qalan uşağı hələ də xilas etmək mümkün olmayıb. Bunu görən insanlar uşaq üşüməsin deyə, onu yorğana bürüyüb, içməyə su veriblər. Təəssüf ki, azyaşlı hələ də xilas ediləcəyi anı gözləyir.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 8574 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 49 133 nəfərdir. 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir